YAZI / DÜŞÜNCƏ, SƏNƏT
“Şeytan çarxı” romanından parça - Sevinc Elsevərdən Tarix : 01 İyul 2019, 21:49
Yazar : Qadinkimi.com
Qəmərin  Yel baba ilə davası   (10 +)

Atam çox ciddi adamdı. Həmişə qaşqabaqlı və acıqlıdı. Bacımla mən atamızdan çəkinirik. Atamın acığına  gedən hər  şeydən uzaq qaçmağa çalışırıq. Çünki atam hirslənəndə  üzü dönür, bizə olan acığını anamdan çıxır. Hətta bizə də əl qaldırdığı olur. Atam belə hirslənəndə anam da, bacımla mən də, hətta  nənəm də onun bir sözünü iki eləmirik.

Atamın ən zəhləsi gedən şey qısa ətək geyməyimizdi. Anam buna görə bizə qısa ətəklər, donlar geyindirmir.

Bir dəfə atam məni ayaqqabı almağa aparmışdı. Artıq qış qurtarırdı, mənim sapajkilərim köhnəlmişdi, hətta dabanları yırtılmışdı. Ayaqqabılar su buraxırdı. Atam anamı evdən buraxmır. Bizi də hər yerə həmişə özü aparır. Bacımla mən başqa uşaqları analarının məktəbə gətirib-apardığını görəndə çox üzülürük. Ən böyük arzum odur ki, bir dəfə də anam məni məktəbə aparsın. Amma bu, mümkün deyil.

Anamın mənə öz əliylə tikdiyi don dizimdən aşağı idi. Amma küləyə tabe olmayan  parçası vardı. Külək donumla oynayırdı. Gah donumun altına girib onu qaldırmağa çalışır, gah da aşağı endirirdi. Mən ağ kalqotkalar geyinmişdim, amma buna baxmayaraq, atam donumu qısa hesab elədiyinə görə mənə acıqlandı. Mən də cavabında atama paltarın qısa olmadığını, sadəcə küləyin onu qaldırdığını söylədim. Hər dəfə külək donumu başıma atanda atam əsəbləşirdi. Atamın necə narahat olduğunu görürdüm. Kaş əynimə gödəkçə geyinməzdim, uzun palto, ya kurtka geyinəydim.  Amma mənim uzun paltom yox idi. Qışı elə gödəkçədə keçirtmişdim. Bir əlimlə baş örtüyümü tutmuşdum, bir əlimlə donumun ətəyini.   Bilirdim, külək başımdan  örtüyümü də çəkib alsa, atam ayaqqabı almadan məni qaytarıb evə aparacaq. Mən isə istəyirdim yeni ayaqqabılarım olsun, daha ayaqlarım islanmasın, ayaqqabılarımın köhnəliyinə görə ayaqlarımı yoldaşlarımdan gizlətmək məcburiyyətində  qalmayım.

Bazara çatmağımıza xeyli vardı. Qarşımıza atamın çoxlu tanışları çıxırdı. Onlar atamla salamlaşırdılar. Hər dəfə atam dönüb mənə baxırdı. Bu baxışlarıyla demək istəyirdi ki, donumun ətəyini unutmayım. Mən də unutmurdum, əlbəttə.

Yağış çisələyirdi. Çətirimi belə aça bilmirdim. Çünki hər iki əlim məşğul idi. Bir əlim başımın örtüyünü, digər əlim donumun ətəyini qoruyurdu. Baş örtüyüm əməlli-başlı islanmışdı. Mən yun, isti papaqlar qoymurdum. Yay-qış bu baş örtüyü mənim başımda olurdu. Atamın bizdən tələbi belə idi.

Atam artıq qaşqabağını tökmüşdü. Qəzəbli olduğunu görürdüm. Səsimi çıxarmamağa çalışırdım.  Amma ürəyim həyəcandan və qorxudan az qalırdı yerindən çıxsın. Ürəyimdə  yalvarırdım ki, atam evə qayıdanda anama hirslənməsin, onu vurmasın. Atam anamı vuranda özümü çox bədbəxt hiss eləyirdim. Gücsüz idim, ona heç cür kömək edə bilmirdim. Bir küncə  qısılıb ağlayır, Allaha yalvarırdım ki, atamın qəzəbi tez soyusun. Amma atamın qəzəbi asanlıqla soyumurdu.

Elə bilməyin  atamı sevmirəm. Əslində atamı da çox sevirəm. Amma anamı daha çox istəyirəm. Anam heç vaxt bacımla mənə əl qaldırmır. Həmişə bizimlə mehriban danışır, atamın qəzəbindən qorumaq üçün özünü bizim qabağımıza atır.

Atam mənə qırmızı, üstü naxışlı ayaqqabı aldı. Həmin  ayaqqabılardan qonşumuz Səbinə xalanın qızı da geyinirdi.   Mən də eynən bu ayaqqabılardan  arzulayırdım. Atam qaşqabaq tökməsinə baxmayaraq, hansı ayaqqabını bəyəndiyimi  soruşdu. Mən də həmin qırmızı, üstü naxışlı ayaqqabıları göstərdim.

Ayaqqabıları ayağıma geyinəndə bir anlıq hər şeyi unudub sevindim. Amma ürəyim mənə deyirdi ki, narahat olmalıyam.  Evə qayıdanda atamın  anamın qanını qaraldacağına şübhə eləmirdim.

Doğrudan da, həmin gün evimizdə qanqaraçılıq oldu. Atamla anam bir-birinə dəydilər. Anam bircə  kəlmə atama cavab qaytardı,  dedi ki, Qəmər hələ uşaqdı, onun yaşında bütün qızlar bu cür geyinir. Bu söz atamı lap qəzəbləndirdi. Atam üstümə yeridi. Bir anlıq elə bildim , atam məni də vuracaq. Gözlərimi əllərimlə bağlayıb ağlayırdım. Qəfil atamın donumun ətəyindən yapışdığını hiss elədim. Atam iki əliylə donumun ətəyindən tutaraq,  onu  iki hissəyə böldü. Paltar əynimdə  "cırrrrrrr” deyə fəryad elədi. Anam o paltarı necə həvəslə, sevgiylə tikib əynimə geyindirmişdi halbuki. Bizim yeni paltarlarımız elə də çox olmazdı.

Sonra anam ağlaya –ağlaya izah etməyə çalışdı ki,  əslində paltarı topuğumuzacan tikmək istəyərdi. Amma parçası elə də çox deyilmiş.   Həm mənə  atamın görmək istədiyi uzunluqda  don, həm  bacıma ətək tikməsi üçün parça çatmırmış. Ona görə anam fikirləşib ki, dizlərindən bir az aşağı eləyərəm, əvəzində qənaət olar, qızların ikisinə də təzə paltar çıxar. 

Atamsa anamın üstünə qışqırırdı: "Birinə paltar tikəydin, amma abırlı paltar olaydı”.

Hə, görürəm siz əhvalatıma gözünüzü bərəldib qulaq asırsınız.  Amma  sizi heyrətləndirən əhvalat mənim başıma gəlib.  Mən həmin gün anamın göz yaşlarına dözə bilmədim, üzümü göylərə tutub küləyi qarğıdım və Allaha dua elədim ki, mənim yaşadığım şəhərə bir də küləyin yolu düşməsin.

Deyəsən, külək Allahla ikilikdə elədiyim  söhbəti  eşidibmiş. Onun mənə acığı tutdu və "Şeytan çarxı”nda başımın üstünü aldı. O, məni bir göz qırpımında sürükləyib bura, dünyanın qurtaracağına  gətirdi.

Müəllif: Sevinc Elsevər
 
Qadinkimi.com