YAZI / DÜŞÜNCƏ
Sevinc Fədai: Mənim ölkəmin adamları yorğundur, bezgindir... Tarix : 26 Avqust 2020, 13:28

Sizcə, bir gənc qadın işə hansı əhval-ruhiyyədə getməlidir, nələr düşünərək, beynində nələri götür-qoy edərək? Bu sualın yüzlərlə, minlərlə cavabı var. Amma sualı bir az konkretləşdirəndə adamın ürəyi sıxılır. Sizcə, bu pandemiya dövründə, ölkəsində nə baş verdiyi heç əksər politoloqlara da aydın olmayan, it yiyəsini tanımadığı bir vaxtda bir qadın, bir insan nə düşünə bilər?

Az qala beynimdəki səslərdən qulağım bata... Siyavuş Novruzovun səsi gəlir: Mən kişiyəm... Sonra: Əslində, deyəsən, mən kişi deyilmişəm... Yaltaq sürüsünün sayıqlamaları... Başqasının hədə-qorxusu.

Yoruluruq. Dünənin, bu günün yorğunluğu deyil bu. Xroniki yorğunluqdu. 30 yaş üçün qədərindən qat-qat artıq yorğunluqdu bu.

Pandemiya bir tərəfdən, pandemiyadan istifadə edib çıxarılan oyunlar bir tərəfdən, iş-gücünü itirən, evdə uşağı ac qalan insanların harayı bir tərəfdən... Onların köməyinə qaçmağımız, qaça bilməməyimiz bir tərəfdən... Daş-divar deyilik, kötük deyilik, bu qədəri "fazla”. Evdən işə gəlmək, işdən evə getmək üçün yüz yola əl atırıq, verilən məntiqsiz qərarlardan ötrü... Şair deyir, yol getsəm yolum darıxır, biz yol getsək, yolumuz yorulur...

Nə yalan deyim, ölkəmdə yaşananlar heç də gülməli görünmür mənə. Əksinə, bu mənzərə mənim boğazımda bir ağrı kimi düyünlənib qalır, əhvalımı pozur, canımı ağrıdır. Öz-özümə sual verirəm: Məsələn, niyə mənim millət vəkilim, səlahiyyətli şəxslərimiz özünü və bizi bu vəziyyətə qoyur? Bizi dolayır, yoxsa özünü?

İçimizi göynədən yüksək statuslu saç-saqqalı ağartmış adamlarla oturub söhbətləşmək istəyirsən. Zarafat eləmirəm. Bir vətən övladı kimi onlarla dərdləşmək, cavabını tapa bilmədiyim sualları onların özünə vermək istəyirəm. Axı onların bizim ağrılarımızdan xəbəri yoxdur. Yəqin, ona görə belə edirlər. Məsələn, demək istəyirəm, siz bilirsiniz ki, məni və mənim kimi minlərlə adamı bu ölkədə həm bir qadın, həm bir insan, həm də bir vətəndaş kimi incidən, ağrıdan nə qədər problem var?

Mənim ölkəmdə içi mən qarışıq istədiyini yaza bilməyən, deyə bilməyən yüzlərlə adam var. Hamımız içimizdə boğuluruq. Mənim ölkəmdə harda işıq varsa, ora pambıq tıxayırlar. Qaranlığa məhkum olmuşuq. Mənim torpağım hər dəfə necə dəyərli insanları şəhid verir. Onların ailələrinin gözünün içinə baxa bilmirik. Mənim ölkəmdə namuslu, vicdanlı, zəhmətkeş adamların çoxunun qanadını qırıblar. Hər dəfə onların özlərini lazımsız hiss etdiklərini görəndə əlimiz-qolumuz yanımıza düşür. Mənim ölkəmdə adamların üzü gülmür, onlar aqressivdirlər, onlar bir-birlərini öldürürlər.

Mənim ölkəmdə adamlar evsizdir, işsizdir, bir tikə çörəklərini qazanmaq üçün gecə-gündüz işləyirlər, hər sözü götürürlər. Yəni mənim ölkəmin adamları yorğundur, bezgindir... Bunu anlayın artıq.

Yəqin dükandakı, bazardakı qiymətlərdən də xəbəriniz yoxdur sizin. Hər dəfə qiymətlər yüksəldikcə mən daha çox işləməli, daha çox pul qazanmalı oluruq. Övladımıza ayıracağımız vaxtdan oğurlayıb daha artıq işləyirik. Mən və mənim kimi nə qədər gəncin ömrü beləcə gedir, hamımız vaxt tapan kimi oturub fikirləşirik ki, bəs biz nə vaxt yaşayacağıq, bizim axırımız necə olacaq? Bizim övladlarımız daim bu ağrıların içində qıvrılacaq? Onlara bu ölkənimi, bu siyasət mədəniyyətini, bu sosial problemləri, bu psixoloji yükü ötürəcəyik? Onlara bu acı gülüş qismət olacaq? Deyəsən, hə. Çünki dəyişən heç nə yoxdur.

Biz bu qədər vaxt və pul qıtlığı içində aralığa salıb oxumağa, filmlər izləməyə, özümüzü yetişdirib, bu xalq üçün, bu millət üçün faydalı olmağa çalışırıq. Uşaqlarımızı hər şeyə rəğmən, daha yaxşı yetişdirməyə, övladımızın yaşadığı mühiti sağlamlaşdırmağa çalışırıq. Bəs hər şeylə təmin olunmuş bu insanlar niyə belə primitiv qalırlar, niyə bəsirət gözləri açılmır?

Bu ölkədə yaşamaq çətindir, yaxşı bilirsiniz. Biz yaşamaq üçün səbəblər tapırıq yenə də. İmkan verin yaşayaq... Bəlkə, kimlərsə deyir, başımı götürüb qaçım bu ölkədən. Mən bunu da istəmirəm. Vətənimi, ölkəmi, insanlarımızı sevirəm. Azərbaycan bayrağını görəndə ürəyim çırpınır, Polad Həşimova, İlqar Mirzəyevə, digər şəhidlərimizə görə göz yaşı tökürəm, qürur duyuram. Bu torpaq dəyərlidi, doğmadı mənə. Mən öz torpağımda, ləyaqətli insanların arasında yaşamaq istəyirəm. Xəcalət çəkmədən, ağrımadan.

 


Sevinc Fədai

 

qadinkimi.com