YAZI / DÜŞÜNCƏ
Sevilməməkdən qorxmayın - Nura Suri yazır Tarix : 15 Avqust 2022, 16:53

Çox qəribəyik. Deməli, kiminsə səhvini deməyə çəkinmirik (adama deyərlər, sənə nə?) hətta cəsarət kimi görür çoxu, "sözü üzə deyəndi” kimi cümlələrlə dəstəkləyirlər də.  


Kiminsə yaxşı tərəflərini görüb tərif deməyə utanırıq, birdən yaltaqlıq, zəiflik kimi qəbul olunar düşünüb, demirik də çox vaxt. 


Bir aydınlıq gətirim, cəsarətli - sözü üzə demək, ədalətsizlik gördüyündə susmamaqdır, sizə qarşı düzgün davranmayan və ya hörmətsizlik edən insana yerini bildirməkdir. Əgər kiminsə eybinin, səhvinin və ya bu kimi halların üzə deyilməyində cəsarət görürsüzsə, deməli, psixoloji problemləriniz var. Müalicə alın. 

Başqasının geyimi, yatağı (əgər əriniz, sevgilinizlə yatmayıbsa), dünyagörüşü, fərqliliyi və sair sizi əsla narahat etməməlidir. 


Xaricə gedəndə də bizimkilər olmayan hotel, şəhər axtarırıq. Çünki ən azından xaricdə sərbəst, azad olmaq istəyirik.


Nə qədər insanların "nə deyərlər”i ilə yaşayacağıq, irəli gedə bilməyəcəyik, beyindən inkişaf artmayacaq. Komplekslər bizi boğacaq. 


Kimisə çoxu pisləyirsə, həmin insana marağım artır. Deməli, hamı kimi olmadığından başa düşülmür, qəbul olunmur. Kimi ki hamı tərifləyir, o adamdan uzaq durmağı seçirəm, çünki hamını qane edə bilən insan minüzlüdür. Bir üzü olan adamı hamı sevə bilməz (subyektiv fikrimdir). Uzun sözün qısası, sevilməməkdən, qəbul olunmamaqdan qorxmayan, insanlar azaddırlar.


Nura Suri

qadinkimi.com