SƏNƏT
Şərqin ilk professional qadın bəstəkarı Tarix : 16 Dekabr 2019, 12:00
Yazar : Qadinkimi.com
Ağabacı Rzayeva 1912 – ci il dekabrın15 –ində Bakıda ziyalı ailəsində anadan olub. Atası İsmayıl iqtisadçı olsa da müsiqini sevir, öz atasından muğamlarımızı öyrənirdi. İsmayılın atası məşhur tarzən Mirzə Fərəc idi. O, atasından tar çalmağı da öyrənmişdi. Ailədə musiqiyə sevgi vardı. Ağabacı və bacısı Ruqiyyə də ilk tar dərslərini atasından və babasından almışdılar. Babasının vəfatından sonra Ağabacı Rzayeva Pedaqoji texnikumu bitirib, Kürdəxanıda müəllim işləyir və müəllimliyi çox sevir. Amma müsiqiyə olan sevgisi burda da özünü göstərir. Qızlardan ibarət xor dərnəyi yaradır, müsiqi nömrələri hazırlayır, özü də tarda onları müşayət edirdi. O illərdə radioda müsiqi nömrələri ilə çıxışları sevilirdi. Bacısı Ruqiyyə ilə  Üzeyir bəy Hacıbəylinin diqqətini çəkir. Böyük bəstəkar bacıları 1934 - cü ildə Konservatoriyanın nəzdində yaradılan "Xalq musiqisi” şöbəsinə dəvət edir. İsmayıl kişi qızlarının musiqiyə sevgisini bildiyindən onların təhsil almasına etiraz etmir.  Onlar bu şöbənin ilk qız tələbələri idi. Ağabacı xanım not dərslərini tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam dərslərini Mirzə Mənsur Mənsurovdan alır. Bir il sonra Üzeyir bəyin yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olur. Ağabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Əlindən tutub onu musiqi dünyasına aparan müəlliminə "Gənc vətənpərvərlər marşı” adlı ilk əsərini çəkingənliklə təqdim edəndə eşitdiyi sözlər ona mənəvi dayaq olmuşdu: "Sən sübut etdin ki, qadın da bəstəkar olar”. A. Rzayevanın yaradıcılığında böyük Üzeyir bəyin sözləri dəfələtlə öz təsdiqini tapır. "Vətən”, "Könlüm”, ”Oxuma gözəl”, ”Gözləyirəm sevgilim”, ”Gözlərin”, "Neftçi Qurban”, "Zülfi pərişan olmasın””Çoban Qara”, "Sevgilim əsgər gedir” və s.  kimi bir çox mahnı və romansları ona sevgi və şöhrət qazandırır. Yaradıcılığının əsasını mahnı və romanslar təşkil etsə də Ağabacı Rzayeva xor üçün əsərlər, simfonik əsərlər, xalq çalğı alətləri, simli kvartet üçün əsərlər, sonatalar, tar və kamança üçün pyeslər və s. musiqilərin müəllifidir. Xalq çalğı alətləri ansamblına klarnetin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır. Təkcə Azərbaycanda deyil, Şərqdə peşəkar musiqi təhsili almış İlk professional xanım bəstəkar bir - neçə musiqili səhnə əsərləri də yazmışdır. Öz musiqisi ilə yoğurub yapdığı dövrünün ən istedadlı ifaçılarının repertuarından düşməyən müxtəlif mövzulu gözəl mahnıların müəllifi Ağabacı Rzayevanın yaradıcılığında bir – birindən maraqlı, unudulmaz uşaq mahnıları da xüsusi yer tutur. "Kukla”, "Ağ göyərçinim”, "Qaranquş”, "Sabahın ustaları”, "Balaca kapitan”, "Qərənfiləm mən”, "Gəl, gəl a yaz günləri”, "Şən yolka”və onlarla başqa uşaq mahnıları bu gün də populyardır. Onun uşaq mahnılarını böyüklər də sevir. Şəxsən mən bu mahnıların vurğunuyam və onları dinləməkdən, hətta oxumaqdan doymuram. Nə qədər uşaq mahnıları yazılsa da, Ağabacı xanımın mahnıları unudulmur, çünki bu mahnılar öz şirinliyi, gözəlliyi ilə yaddaşlara yazılıb.
 
 

Ağabacı Rzayevadan sonra Ədilə Hüseyzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova, Gülarə Əliyeva, Elza İbrahimova, Rəhilə Həsənova, Sevda İbrahimova, Firəngiz Əlizadə, Əzizə Mustafazadə, Aygün Səmədzadə  və başqa qadın bəstəkarlarımız Azərbaycan musiqisinin gözəl nümunələrini yaradıb, yaradacaq və yaşadacaqlar. Ağabacı xanım isə İki dəfə "Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı” ordeni almış, Azərbaycanın Əməkdər İncəsənət xadimi adına layiq görülən ilk qadın bəstəkar kimi adını Azərbaycan musiqi tarixinə yazıb. Bacısı Ruqiyyə ilə birlikdə Konservatoriyanın nəzdində yaradılan "Xalq musiqi şöbəsi”nin ilk qız tələbəsi olan Ağabacı Rzayevanın mahnı və romanslarını Bülbül, Rəşid Behbudov, Firəngiz Əhmədova, Fatma Mehrəliyeva, Şövkət Ələkbəroba, Sara Qədimova, Gülağa Məmmədov, M.Salmanov, Lütfiyar İmanov və başqa usta sənətkarlar məharətlə ifa ediblər. Onun musiqiləri bu gün də ruhumuzu oxşayır, ürəyimizə rahatlıq verir, yaşayır və bizi də yaşadır.  A.Rzayeva 5 iyul 1975 – ci ildə Bakıda vəfat etmişdir. Əslindəsə, onun ömrü mahnılarındadır, ölməz mahnılarında.
 
 

Kamalə ABİYEVA
qadinkimi.com