BURA / ORA
Rusiyadakı “Yalın ayaq” çılğınlığı Bakıda da olarsa... Tarix : 11 İyul 2019, 09:50
Yazar : Qadinkimi.com
Aysel Əlizadə: "Bunda təəccüblü və ya anlamsız sayılacaq nəsə görmürəm..."

Artıq bir müddətdir ki, Rusiyada qadınlar tərəfindən qəribə bir çılğınlıq başlanıb. Belə ki, bu ölkədə qadınlar metrolarda ayaqyalın gəzir, qatarlara ayaqyalın minir, daha sonra bunu çəkərək sosial şəbəkələrdə paylaşırlar. Bir müddətdir ki, başlayan hərəkata xeyli sayda qadın qoşulub.

Qeyd edək ki, hərəkat 33 yaşındakı Polina Smerç adlı bloger tərəfindən başladılıb. "Yalın ayaq" olaraq adlandırılan bu axının təqibçilərinə gün boyu ayaqyalın gəzmək dəvəti göndərilir. Kişilər bu axına o qədər də reaksiya göstərməsə də, qadınlar bəzəkli ayaqqabılarını əllərində tutaraq ayaqyalın şəkil çəkdirir, bunu sosial media vasitəsilə paylaşırlar. Amma aksiyanın hansı məqsəd daşıdığı, nə məna kəsb etdiyi məlum deyil.

Metro səlahiyyətliləri bu hərəkətin yaralanmalara səbəb olacağını əsas gətirərək, sərnişinlərə bu aksiyadan imtina etmələri ilə bağlı xəbərdarlıq edib. Bundan başqa, onlar ayaqyalın gəzmənin sağlamlıq problemlərinə səbəb olacağını vurğulayıb. Eləcə də hərəkatı başladan bloger P.Smerç soyuq havalarda bu aksiyanın 3 saatdan artıq olmamasının vacibliyini bildirib.

Bundan əvvəl ayaqyalın aksiyalar keçirilib. Belə ki, Avropada, eləcə də qonşu Türkiyədə sosial şəbəkələrdə "Without shoes" - "Ayaqqabısız bir gün" adlı aksiyalar olub. Bu aksiyalar əsasən xeyriyyə məqsədi daşıyıb. Məsələn, bir neçə il öncə belə bir aksiya keçiriləndə Türkiyədə yaşayan müğənni İradə İbrahimova da aksiyaya qoşulmuşdu. Aksiyada məşhurlar ayaqyalın foto çəkərək "İnstagram”da paylaşırdılar. "Toms” markası hər bir paylaşmanın müqabilində bir kimsəsiz uşağı ayaqqabı ilə təmin edirdi.

Azərbaycanda da bir dəfə ayaqyalın aksiya keçirilməsinə cəhd olub. 2007-ci ildə "Dalğa" Gənclər Hərəkatının üzvləri təhsildə köklü islahatlar tələbi ilə Sahil bağında ayaqyalın gəzmək istəmişdilər. Lakin polis onların bu cəhdinin qarşısını almışdı.

Maraqlıdır ki, əgər belə bir aksiya Bakı Metropolitenində də keçirilsəydi, fəal qadınlarımız da qoşularmı?



Yazar Aysel Əlizadə mövzu ilə bağlı "Yeni Müsavat"a danışdı: "Barefooting" adlı hərəkat var, "Ayaqyalın gəzmək" mənasını verir. Bütün dünyada bu hərəkatı dəstəkləyənlər olur. Xüsusilə qadınlar arasında dikdabandan imtina, təbiiliyə çağırış, rahat və azad olmağın simvolu kimi ayaqyalın gəzənlər zaman-zaman olur. Rusiyada bu hərəkat çoxdan başlayıb, amma təzəlikcə fləşmob kimi onu bloger Polina Smerç başladıb. "Barefooting”in mənasında kosmik nəsə axtarmaq lazım deyil. Çox sadə, təbii çağırışdı. Ayaqyalın gəzməyin faydalı olduğunu bizə də nənə-babalarımız deyərdilər. Bizdə bölgələrdə ayaqyalın gəzənlər var. Elə deyil? Təəccüblü və ya anlamsız sayılacaq nəsə görmürəm. Ayaqyalın gəzənlər deyirlər ki, ayaqlar torpaqla, hava ilə  təmasda olmalıdır, daim ayaqqabıda gəzmək zərərlidir. Baxın, dağa-bağa, dənizkənarına gedən kimi refleksiv olaraq ayaqqabımızı çıxarıb yalın gəzmək istəyirik. Ayağımızın torpağa toxunması xoşumuza gəlir, hətta müalicəvi olduğuna inanırıq. Buna görə də həmin hərəkat üzvləri yalınlığı ictimai yerlərdə təbliğ edirlər. Eyni zamanda qeyd etdiyim kimi, bu, insanın rahatlığına, azad, istədiyi kimi gəzməyə haqqı çatdığına işarədir. Düşünürəm ki, metroda adam çox olur deyə bu çağırışa diqqət çəkmək üçün fləşmobçular məhz oranı seçib.

O ki qaldı mənə, onsuz da ayaqqabı ayağımı yoranda çıxardıb ayaqyalın getdiyim günlər az olmayıb. Biz toylarımızda da həmişə ayaqyalın oynayanlar görmüşük. Çünki adam cuşa gəlir, ürəkdən rəqs etmək istəyir, tuflisi mane olur, daxili azadlığı varsa, heç kimi vecinə almır və çıxarıb atılır musiqinin qucağına. Bir də ayaqqabı imkanlı olmağın, ayaqyalınlıq kasıblığın rəmzi, daha doğrusu, göstəricisi sayılıb qədim dövrlərdə. "Barefooting” hərəkatının üzvləri, görünür, həm də sosial mesaj vermək istəyirlər, maddi təbəqələşməyə diqqət çəkirlər".
 


Bəs Bakı Metropoliteni "Yalın ayaq" aksiyasını necə qarşılayar? Qurumun qaydalarında ayaqyalın gəzməklə bağlı qadağalar varmı?



Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Yeni Müsavat"a açıqlama verərək bildirdi ki, belə bir qadağa olmasa da, sərnişinlərin stansiyalarda və qatarda ayaqyalın gəzməsi tövsiyə olunmur: "Ümumiyyətlə, hələ sovet məkanında metroda ayaqyalın gəzmək olmazdı. Bu, insanın özünün sağlamlığı ilə bağlı məsələdir. Belə ki, bildiyiniz kimi, ekskalator üzərində metal hissələr, xüsusən də pilləkənin giriş-çıxış hissəsində  dəmir ucluqlar var, ayaqyalın halda onun üzərinə çıxmaq çox təhlükəlidir. Hətta bəzən biz diqqət etmirik, ayaqqabımızın ucu həmin hissədə sürtülə bilir. Həmçinin qatara minib-düşən zaman ayaqyalın halda yıxılmaq ehtimalı böyükdür. Bu zaman sərnişin təkcə özünə deyil, həm də ətrafındakı insanlar üçün də təhlükə yaradır. Və yaxud qatardan düşüb-minmə zamanı digər sərnişinlər bir-birinin ayağını tapdalaya bilir. Bu zaman ayaqyalın olan şəxs xəsarət ala bilər. Bu baxımdan ilk öncə sərnişinlərin öz sağlamlıqları üçün bu cür aksiya tövsiyə olunmur. Doğrudur, metropolitenin təhlükəsiz qaydalarında ayaqyalın gəzməklə bağlı qadağa yoxdur. Çünki Azərbaycanda kütləvi halda ayaqyalın gəzmək kimi bir vəziyyət mövcud deyil. Buna görə qaydalarda bu məsələ öz əksini tapmayıb. Amma qaydalarda yoxdur deyə, onu fürsət bilib, həyata keçirmək də doğru deyil".

Qeyd edək ki, ayaqyalın gəzmək artıq bir neçə ölkədə dəb halını alıb. Küçələrdə yatan evsiz insanlar istisna olunmaqla, ayaqqabıdan imtina edənləri "barefoot", yəni "ayaqyalın" adlandırırlar. Həmin adamların ən bahalı ayaqqabı almağa imkanları var, lakin onlar bu seçimlərini sağlamlıqlarını qorumaq məqsədilə izah edirlər.

Ayaqyalın gəzməkdən müalicə üsulu kimi istifadə etmək Almaniya, Belçika, İngiltərə və digər Avropa ölkələrində daha çox populyarlaşıb. Xarici ölkələrdə onlar üçün xüsusi parklar, gəzinti zolaqları salınıb, yollara kiçik daşlar və təmiz yumşaq qum tökülüb. Həmin sahədə gəzənlər ayaqyalın gəzməyin sağlamlığa müsbət təsir göstərdiyini söyləyir və bunu ənənəvi tibbi üsullardan biri kimi qəbul edirlər.

Belə ki, pəncə altında çoxlu aktiv bioloji nöqtələr var ki, ayaqyalın gəzəndə əsas orqan və sistemlərdə əlaqəli nöqtələr masaj olunaraq daxili orqanların fəaliyyətini yaxşılaşdırır. Aparılan araşdırmalar sübut edib ki, ayaqyalın gəzmək immun sistemi, sümük və əzələləri möhkəmləndirir, stress və nevroz xəstəliklərində sinir sisteminin sakitləşməsinə kömək edir, qan dövranını yaxşılaşdırır və göbələk xəstəliklərinin yaranmasının qarşısını alır. Yastıpəncəli uşaqlar üçün ayaqyalın gəzmək profilaktik müalicə rolu oynayır, ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır, beynin fəaliyyətini və yaddaşı gücləndirir. Lakin bəzi xəstəliklər zamanı, xüsusilə diabet xəstələri, böyrək xəstəliyindən əziyyət çəkənlərə ayaqyalın gəzmək məsləhət görülmür.

Tarixi məlumatlara əsasən, dahi filosoflar Sokrat və Seneka daim ayaqyalın gəzib və öz şagirdlərinə bunu təfəkkürün daha yaxşı inkişafı üçün tövsiyə ediblər. Torpağın, suyun, çınqıl daşların, otun üzərində gəzmək xüsusilə faydalı sayılır. Nəzərə almaq lazımdır ki, buna tədricən və yalnız isti havada başlamaq lazımdır.

Xatırladaq ki, Azərbaycanda məşhur rəssam Əli Şəmsi artıq uzun illərdir ki, mövsümdən asılı olmayaraq daim ayaqyalın gəzir.

Xalidə Gəray
Mənbə: musavat.com