BURA / ORA
Ruhi xəstə olaraq yatdığı xəstəxanaya rəhbər olaraq qayıdan qadın - Mari Balter Tarix : 28 İyun 2019, 09:28
Yazar : Qadinkimi.com

 

Mari (anasının qoyduğu adla Patrisiya) 1930-cu ildə sərxoş bir ananın nikahdan kənar övladı olaraq dünyaya gəlir. O qədər yoxsul idilər ki, ana üç uşağına baxmaq üçün qapı-qapı dolaşıb yemək dilənirdi. Beş yaşına çatdıqda anası onu digər bacılarından ayırıb uşaq evinə verir.

  

 

 

Uşaq evində anasının qoyduğu "Patrisiya" adını dəyişdirib "Mari" qoyurlar. Sonra bir cütlük onu övladlığa götürür. Marinin taleyi təəssüf ki, yenə üzünə gülmür, çünki onu övlad edən cütlük sadist olur. İtalyan əsilli bu cütlük balaca qızı evin zirzəmisinə bağlayıb sistematik şəkildə işgəncə verir. Kənardan baxdıqda normal və çox mötəbər bir ailə kimi göründükləri üçün, bunu illərlə rahatlıqla gizləyə bilirlər. 

Mari demək olar cəhənnəmdən keçir. İllər boyu başına gələn bütün bu əzab əziyyətlər onun ürək spazmaları və ağır astma böhranları yaşamasına səbəb olur. Bunlar azmış kimi Mari Rouz on yeddi yaşında depressiyadan iflic keçirir. Hallüsinasiyalar da gördüyü üçün həkimlər ona şizofreniya diaqnozu qoyur və onu ruhi xəstəxanaya yerləşdirirlər. Mari ömrünün on yeddi ilini orada keçirərək çox çətin illər yaşayır.
 

      

 

Ümidsizlik və çarəsizlik içində qıvrılaraq yemək yemir, yerindən tərpənmir və tez-tez intihar etməyi düşünür. Otuz dörd yaşına gələndə həkimlər Marinin vəziyyətini yenidən analiz edərək, onun şizofren olmadığına, ağır depressiya keçirdiyinə və panik hücum yaşadığına qərar verirlər. Dostlarının və onu sevən bir neçə səhiyyə işçisinin köməyilə Mari xəstəxanadan çıxır.

     

 

O artıq azad idi və həyatını necə yaşayacağına özü qərar verə biləcəkdi. Tərk edilmiş, işgəncə görən və təcavüzə uğrayan, otuz dörd ili puç olmuş bir insan üçün bu heç də asan deyildi. Amma o, ümidini itirmir. Qəzəbli və ümidsiz olmaqdansa, sıfırdan başlamağı seçir. Səlahiyyətli şəxslərin "ağlı yerində deyil, oxuması mümkün deyil" deməsinə baxmayaraq universitetin psixiatriya bölümünə girir və uğurla məzun olur. Bu sırada xərçəng xəstəliyinə tutulur, lakin mübarizə apararaq sağalır. Sonra isə özü kimi ruhi xəstəxanadan çıxmış və yaxşılaşmış Co ilə evlənir. 

       

Həyat yoldaşı təəssüf ki, altı il sonra ölür və Mari özünü işinə verir. Uzun illər həkim işlədikdən sonra Harvard Universitetindən məzun olaraq psixiatrik xəstələrlə işləyir, konfranslar verir. Bioqrafiyası yazılır və həyatı film olur (Nobodys child). Bir çox mükafata layiq görülür.

   

 

Əlli səkkiz yaşında heyrət doğuracaq bir şey edir. On yeddi ilini keçirdiyi Masachuseltts Danver Dövlət xəstəxanasına rəhbər olaraq təyin olunur. Verdiyi bir mətbuat konfransında bunları deyir: "Əgər bağışlamağı öyrənməsəydim, bir damcı da inkişaf edə bilməzdim. Həyatım məhv olardı. Və bu gün bu xəstəxanaya rəhbər kimi qayıda bilməzdim". Mari Rouz Balterin yeni vəzifəsini xəbər verən bir agentlik, onun qələbə açıqlamasını belə edir: "Ən uzun səyahət beynimizdən qəlbimizə etdiyimiz səyahətdi. Bağışlamaq bu səfərin ən kəsə yoludu. Bağışlamağı tələb edən hər yara, içində əhəmiyyətli bir dərsi saxlayır. Dərsi anlamaq üçün yaranı yenidən deşərək onunla təkrar üzləşməli olsaq belə..."


Mari Rouz Balter 1999- cu ildə vəfat etsə də ardında örnək bir həyat hekayəsi qoyur. Belə ki, bu dünyada heç bir şeyin imkansız olmadığını, həyatda bizə bəxş edilənlər nə qədər acı olursa olsun xilasımızın yalnız sevgi və bağışlama duyğusu olduğunu göstərir.  

       

 

Qadinkimi.com