QADIN / KİŞİ
RƏQQASƏNİN ANASI... Tarix : 08 Aprel 2019, 11:49

"O qız döyüşə könüllü yollanmışdı. Bütün günü qanlı yaralarla oynayırdı, gəncliyinin ən gözəl çağları mərmilərin gurultusu altında keçirdi. İncə ayaqları əsgər botinkalarında qabar – qabar olmuşdu, zərif çiyinləri avtomatın ağırlığından döyənək olmuşdu. Çox sonralar təsadüfdən sağ qaldığına heyfslənmişdi. Atılan mərmilərdən biri yaxınlığına düşmüşdü, beyni silkələnən qızı hospitala aparmışdılar. Sağ qalmasına sevinə bilməmişdi. On yeddi yaşında həyatın hər üzünü görmüş bu qızcığaza həyatı necə sevdirmək olardı? Müharibədən sağ çıxan qız dinc həyatda özünü, ruhunu qoruya bilmədi. Siz bu qızı müxtəlif situasiyalarda görəcəksiniz – dindar kimi, fahişə kimi, rəqqasə kimi...”

Mən də o qızı gördüm. Bir neçə il öncə tanış oldum onunla. Və o vaxtdan da onun haqda yazmaq, danışmaq istəyirdim, çünki onu bəyəndim, onun bütün acılarını, ağrılarını hiss etdim. Qarşımda gənc bir qadın dayandı: ”O hıçqırıb gözlərini yumdu, kirpiklərini aralayanda elə bil gözlərini suya salıb çıxarmışdılar”. Mən o yaş gözləri gördüm. Onu sevilməyə layiq bilməyən, fahişə kimi baxanların ucbatından həmişə yaş olan gözləri – o nəmli ömrü gördüm. Mənsə,ona fahişə kimi baxmadım. Son illərdə müəllifin cavan olduğu o saat hiss olunan nəsr əsərlərinin əksərinin qadın qəhrəmanları pozğundu. Qadınlar haqda pozğun, qancıq, fahişə kimi ifadələr eşidəndə, hər hansı bir yazıda, hekayədə, romanda rastlayanda düşünürəm: "Qadın niyə, nə vaxt fahişə olub və olur? Fahişə kimdir?” "Rəqqasə”ylə tanış olanda da bu haqda düşündüm.


Tanrı ona hər şeyi səxavətlə vermişdi. Bir az da bəxt versəydi, nə olardı ki? Nədənsə, "Şanteklerin kraliçası” filmini xatırladım. Şantekler teatrının kraliçası gözəl və istedadlı Çaritodur. Rolun ifaçısı 15 yaşında İspaniyada gözəllik və istedad yarışmasının qalibi olmuş məşhur aktrisa və müğənni Sara Montieldir. Tanrı ona da hər şeyi səxavətlə verib. Hətta sevən, xoşbəxtlik üçün döyünən ürək də verib. Çarito gözəldi, cəlbedicidir, həm də ciddidi. Sevdiyi adamdan sədaqət istəyir. Gözlərini Çaritodan çəkə bilməyən şorgöz, ağzıaçıq mənasız ərlərin yanındakı qadınlar üçünsə o yüngüləxlaqlıdır. Çaritonun diqqətini çəkməyə çalışan, onun qarşısında əzilib – büzülən kişilərin qolundan bərk – bərk yapışan qadınlar üçün həmin kişilər yox, məhz istedadından zövq aldıqları, gözəlliyinə həsəd apardıqları qadın əxlaqsızdı. Amma Çarito da xoşbəxt olmaq istəyir. Bir cavan oğlan müğənni olduğunu bilmədən onu sevir; qadın kimi, ağıllı və gözəl olduğu üçün, səmimi olduğu üçün sevir. Filmin sonluğu isə çox acı bir həqiqəti bizə anlatmağa çalışır. Qızın müğənni olduğunu öyrənən oğlanın dünyası alt - üst olur. Çarəsizcə sahilə gedir. Fırtınalı dənizlə üz-üzə dayanır. Dalğalar sahilə çırpılır. Onun arxasınca qaçan Çarito cavanın – axtardığı sevginin, xoşbəxtliyinin ləpələr arasında qeyb olduğunu görür və geriyə - istəmədiyi həyatla barışığa qayıdır. Bu qədər qəddarcasına...Dünya ədəbiyyatında, müxtəlif filmlərdə fahişə obrazları minlərlədi. Amma bilmirəm qadına ilk dəfə bunu kim deyib: Qadının özümü, ya əks cinsmi?..


Məncə elə özü. Qadının özünə inamsızlığı onu FAHİŞƏ edib. Zəif qadınlar, həyatının mənasını insani kimliyinin fərqinə varmadan yanında olan kişidə görənlər. Gözoxşayan qadınlara şəhvət mənbəyi kimi baxan kişilərinin fahişəliyini başqa qadına "fahişə” deməklə ört – basdır etməyə çalışıblar. O qadınları pozğun kimi görüblər. Kişilər bunu biləndən, anlayandan sonra başlayıb hər şey. Və yüz illərdi qadın "özü” uğrunda savaşır. İmkanlı kişilərin sevgilisi hökmən aşağılanır. Burda qadının sevgisi görünmür - yoxdur, ancaq daha yaxşı yaşamaq məqsədi var. Əslində, bu da təbiidir. Bəs daha imkanlı qadın axtaran, özünü qadına yükləyən, sevgi pərdəsi altda qadınını başqa kişilərə möhtac qoyan kişilər? Hansı daha çox fahişədi? Təbiətində faişəlik olan, ya həyatın fahişə etdiyi qadınlar? Bəs Kənan Hacının "Rəqqasə”si kimdi? Arada sevildiyinə özünü inandıran, sevib-sevilmək, xoşbəxt olmaq istəyən gənc bir qadın. Ömrünün xoşbəxt çağındadı bu qadın, çünki cavandı. Yaşa dolanda, qocalıq üzünə baxanda cavanlığın necə böyük xoşbəxtlik olduğunu anlayırsan. Xoşbəxt cavan olmaqsa, daha böyük xoşbəxtlikdi. Və hamı xoşbəxt olmaq üçün yaşayır. Başqa necə ola bilər? Kim bədbəxt olmaq üçün yaşayar ki?


Bu qadın gəncliyində könüllü Qarabağa gedir, vətəni uğruna döyüşür. Başına gələcəklərdən, alacağı yaralardan xəbərsizcə əsgərlərin yaralarını sarıyır. Müharibədə bu qız bizim "milli qürurumuzdu”. Sonrasa "milli bədbəxtliyimiz”. Bizim bədbəxtlik və xoşbəxtlik anlamımız da milliləşib: "milli bədbəxtlik”, "milli xoşbəxtlik” olub. Əgər ailə qurmamısansa, uşaq doğmamısansa, bədbəxtsən. Bakirə deyilsənsə, daha bədbəxtsən. Sənin kimliyin, savadın, düşüncən, tutduğun mövqe, gördüyün işlər bu bədbəxtliyin kölgəsindədi həmişə. Könüllü olaraq cəbhəyə yollanan, ölümlə üzbəüz qalan yeniyetmə "rəqqasə” də ermənilərin od vurduğu məsciddən "Quran”ı qurtarmağa çalışan əsgərlə birlikdə özünü atəşə atır. Bu ağır əməliyyatdan sonra bir-birinə qısılan gənclərin duyğuları oyanır. Axı onlar təkcə döyüşçü yox, həm də insandılar. Müharibə onun bakirəliyini də, onun bakirəliyinə sahiblənən igidi də öldürür. Ölümlə arasındakı bir neçə dəqiqəlik zamanda əsgər gələcək xoşbəxtliyinin, evlənəcəkləri günün xəyalını qurur. Müharibə Nabatın ilk sevgisini də əlindən alır. Nabat ölmür, amma "xatirələr yaddaşın dibinə çöksə də " unudulmur. Müharibədə ölümün əlində olan qız demə daha xoşbəxt imiş. Çünki o öz bədbəxtliyi üçün sağ qaldığını bilmir. Keçmiş döyüşçü, vətən qeyrəti çəkən gənc qız qeyrətsizliyin hədəfinə çevrilir. Onun sabahları müharibə dəhşətinin içində yaşadığı xoşbəxt anların qurbanı olur.

 

Gecələr onun üçün "ay daha qovun dilimi kimi şipşirin deyildi, zəqqumdan da acı dadırdı.” Bu, aydan arı, sudan duru Nabatın "rəqqasə” olduğu gecələrin ayıydı. Bu, rəqqasənin aylı gecəsiydi. Bu, bir kişinin namərdliyi üzündən bədbəxt doğulan, amma yaşamağa çalışan Almazın "əxlaqsızlıq yuva”sına çevrilən evinə düşən, bir vaxt vətəni üçün, indisə həyat acılarıyla döyüşən Kənan Hacının yaratdığı "Rəqqasə”nin gecəsiydi. Və o, bir gün sevdiyini, sevildiyini anladı. Nabatla tanış olan cavan düşünür: ”Zil qara gözlərindən boylanan küskün taleyinin boz kölgəsi canıma üşütmə saldı. Bu gözəlin bədəni şəhvət kotanıyla şırımlansa da, içində bir qapı vardı ki, o qapının dəstəyinə bir əl belə hələ toxunmamışdı”. Bir gün köhnə qəzetlərin birində "Əsgər Nabat” adlı yazını oxuyan cavan Nabatı olduğu kimi görə bilir. Onu yaşadığı həyatdan qurtarmağa cəhd edir. Nabatın sevilməyə layiq olduğunu anlayır. İlk vaxtlar "Mən Nabatı Almazın cəngindən xilas etdiyim üçün özümü xoşbəxt sayırdım” düşünür. Amma onunla yeni həyat qurmağa cəsarət etmir. "Şəhər gözü acışan göz kimi kiprik çalırdı”, "Bu dəfə içim yuxusuz göz kimi acışırdı”- içi acışan cavan qəti qərar verə bilmir. Amma başqasını da sevə bilmir: "Sanki o öz sevgisini mənim içimdə keşikçi qoyub getmişdi, heç kəsi sevə bilmirdim”. Belələri çoxdu. Kiməsə sevgisi içində keşikçi qala-qala başqasıyla evlənir.

 

Sevmədiyin qadından övladlar böyüdürsən - sevgisizlik böyüdürsən. Buna "ailə” deyirsən. Sevginisə kənarda axtarırsan. Özünə xəyanət edirsən. Ona görə də "hər şeyi şeytanın boynuna yükləyən insanın xislətində xatakarlıq var”. O da qorxduğunu anlayır : "Qorxma, biz birlikdə qocalmayacayıq”- deyir ona Nabat. Həyatın zərbələrinə öyrəşən qız ona təsəlli də verir: "Doğulduğun gündən öldüyün günəcən ayrılıq səni müşayət edirsə, bundan ötrü əzab çəkməyə dəyərmi?”. Belə əzablı anlarda "evlər qozbellərin kürəyindəki dərd yükünə daha çox oxşayır(dı)”. Ağlınla ürəyin savaşda olur, xəyalların hardasa uçmur, hiss edirsən "xəyallar qanadlarını yığıb içinə çəkilmişdi. O anda dünyanın qapısında bir qız dayanmışdı. Onu bilirəm ki, bu qapı çırpıldı”. Bu qapının səsini eşitmək üçün, həcmi böyük olmasa da reallığın acılığı, düşünməli olduğumuz həqiqətləri böyük olan "Rəqqasə”ni oxumaq lazımdır sadəcə. "Rəqqasə”ni tanımaq lazımdır. Çünki bu rəqqassə fahişə deyildi: "Göbəyini əsdirə-əsdirə taleyi ilə döyüşən” qadın idi. Fahişə qadınlara haqq qazandırmaq fikrindən çox – çox uzağam. Sadəcə, bilmədim Kənanın fahişəsi kişidi, yoxsa qadın? Mənə elə gəldi ki, Kənan Hacı çox rahat dillə, ustalıqla bizi bir sual ətrafında düşündürür: Fahişələrin "anası" kimdir?

Yoxsa "fahişələrin anası kişidir” demək istəyir? Bilmirəm nə qədər həqiqətdir. Mən bu nəticəyə gəldim...

 
Kəmalə Abiyeva
qadinkimi.com