BURA / ORA
Ürək tutması... Tarix : 06 İyul 2019, 20:41
Yazar : Qadinkimi.com
Bu gün hər kəsə İkinci Mahmud  kimi tanınan yazıçı Mahmud Atakişiyevin cavan yaşında ürək tutmasından qəfil vəfat etməsi məni çox sarsıtdı.
Ürək tutması... 
Bu xəbər məni çox üzdü. 

Ürək xəstəsi olduğum üçün onun əzablarını hər kəsdən yaxşı anlayıram. Xəbəri eşidəndən özümə gələ bilmirəm. 

Sağlamlığım haqqında qısa məlumat verəcəyəm, çünki indiki mərhələdə bunu bölüşməyə böyük ehtiyacım olduğunu hiss edirəm. Azərbaycan həkimlərinin mənə qoyduğu diaqnoz loru dildə desək, ürək çatışmazlığıdır. Hətta bəzi həkimlər mənim tibb sənədlərimə baxanda elə bilirlər ki, onlar mənə məxsus deyil. Heyrətlə sual verirlər ki, bu adam yaşayır? Bəzi həkimlər hətta başqa birinin ürəyinin mənə transplantasiya olunmasını məsləhət edir, bəziləri müəyyən həddə qədər müalicə ilə sağalmağımı mümkün sayır, bəziləri isə mütləq xaricdə həkimlərin nəzarətində olmağımı daha məqsədəuyğun hesab edirlər. Amma bunların heç birinə maddi imkanım yoxdur. Çünki adi bir ürək kardioqrammasını çıxartmaq üçün lazım olan 35-40 manat belə yaxın dostlarımın yüngül köməkliyi ilə başa gəlir. Hal-hazırda müalicəm davam etsə də ciddi dəyişiklik görmürəm, təngnəfəslik, tərləmə məni əldən salır, gecə yatanda boğulmalar olur. 

Artıq bu gündən düşünməyə başlamışam ki, bir gün Balaxanıda tək qaldığım evdə mən də Mahmud kimi ölü tapılacağam.

Bir müddət əvvəl bu çətin vəziyyətimdən çıxış yolunu ölkə başçısına və Mehriban Əliyevaya müraciət edərək köməklik göstərmələrini istəməkdə görmüşdüm. Mətbuatdakı bəzi həmkarlarımla da məsləhətləşmişdim. Onlar da ölkənin rəhbərlərinin yardımsevərliyinə ümidlə yanaşaraq dedilər ki, müraciət et, sənə kömək edərlər. Çünki gedib nə oğurluq, nə də hansısa ölkəyə pul müqabilində cəsusluq edənəm. 
Amma ümidlərim artıq bu günlə 32 gündür ki, sönmək üzrədir. 32 gündür ki, prezident İlham Əliyevə 13 manatlıq, birinci vitse-prezident Mehriban xanım Əliyevaya 15 manatlıq teleqram vurmuşam. 32 gün. Bu günlər necə də ümidlə yaşayırdım. İnanırdım ki, ay sonunda mütləq hər hansı xeyirli xəbər alacağam. Amma bu günə kimi də bir "mık" edib cavab verən yoxdur. 

Bəlkə də mənim tutduğum mövqe, sahibi olduğum Azərbaycan Reallığı facebook səhifəsinin fəaliyyəti kimlərinsə xoşuna gəlmir və yaxud da Azerbaycanrealligi.com saytının fəaliyyəti. 

Halbuki mən sıravi vətəndaşı olaraq sizləri ölkəmizin ali qüvvəsi bildim, xalqın rəhbəri bilib müraciət etdim, sizlərə sığındım, yardım səsimə səs verəcəyinizə ümidləndim. Nə isə... Çox yazmaq istəmirəm. 

Allahdan ümid kəsilməz, mənim yenə ali ədalətə, sonsuz mərhəmətə ümüdim var. Ümidlə yaşayıram, inanıram ki, xilaskar gəlib məni mütləq xilas edəcək. Əsas odur, Tanrı Azərbaycanımızı qorusun!

Dəyanət Babayev
 

 
Mənbə: azerbaycanrealligi.com