SƏNƏT
Rəbiqə Nazimqızının doğum gününə - "Gözəl qadın, o alçaq olmasaydı..." Tarix : 05 Noyabr 2019, 12:55
Bu gün Azərbaycanın seçilən şairi Rəbiqə Nazimqızının doğum günüdü. Qadinkimi saytı adından ecazkar şairi qutlayır, sağlamlıq və böyük uğurlar diləyirik. 

Rəbiqə xanım Bakıda doğulub, 263 saylı məktəbi bitirib, ADPU-nin filologiya ixtisasına yiyələnib. Ədəbi yaradıcılığa  "Alma" qəzeti ilə başlayıb. Daha sonra "525-ci qəzet"də müəllif yazıları və şeirləri çap olunub. Ardınca müxtəlif KİV-lərdə redaktor kimi çalışıb. Tərcümə mərkəzinin mətbuat katibi olub. BSU-da Yaradıcılıq fakultəsinin dekan köməkçisi və lektoru işləyib. Ədəbi mühitdə və oxucular arasında qızına yazdığı "Aynura" şeiri ilə səs salıb. "Sənə qədər" və "Epizodik sevgilər" kitabının müəllifidi. Siz onun yazılarına saytımızda da rast gəlmisiz. 
Rəbiqə xanıma ədəbiyyatımıza verdiyi dəyərli şeirlərə görə təşəkkür edir və onların bir neçəsini oxuculara təqdim edirik: 

 

 


Köçürmə (təcrübi məşğələ)

Səni düşünmək şeir yazmaqdi –
ritmi gözləyək...

Mahnı dinləməkdi səsini eşitmək –
tonu qaldırma...

Görüşlərimiz tamaşadı –
nə faciədi, nə məzhəkə -
bizimki dram...

Xırda-para çəkişmələrimiz şou kimi –
reklama hesablanıb –
efir vaxtını uzatmayaq...

Nəsr məktublaşmalarımızdı –
burda bütün üslublar gözəl...

Amma mən çoxdandı
kino çəkmək istəyirəm...

Feminist şeirlər

1. E.xanıma

Gözəl qadin,
səni bü qədər alçaltmazdım
o alçaq olmasaydı...

2.

Nə qədər ki
yastığınin altında
telefon gizlədən kişilər var,
qadınlar xoşbəxt olmayacaqlar...

3.

Göbələk kimidir kişilər –
dadlısı, zəhərlisi var...
yoluxa da bilərsən –
incidib sonra da keçib gedəcək...
Ən yaxşısı, uzaq durmaqdı.

Silsilə - E.K.

1. Sabahkı qrafik

Saat 12.00.
Qayığa minib gedəcəm.
Özümlə şərab götürəcəm,
bir qutu siqaret,
bir də ən yaxın dostunu...
İlk dəfə doyunca içəcəm şərabdan.
Tütün qoxuyacam.
Eşq elan edəcəm dostuna.
Bilirsən niyə?
O səni sevdiyimi daha yaxşı bilir...

Saat 00.00.
Peşman olacam.
Söyəcəm özümü.
Ağlayacam durmadan.
Səhəri gözləyəcəm –
dostuna səndən danışmaq üçün...

2. Kokteyl

Bir az sevgi uydurdum,
bir az nağıl
səni düşününcə.
Bilirsən –
qarışdırmağı sevirəm...

3. Etiraf

Aldatdım səni -
ağrımı gizlədib
"hər şey yaxşıdı” dedim.
Səni sevdiyim üçün deyil.
Məqsədim var –
Yalan danışmaq öyrənirəm...


4. İnad

Tərs kimi gecədi...
bürkü var...
ay da bütöv...
Darıxıram...
yadımdan çıxmırsan...
Amma mənim də tərsliyim tutub –
zəng etməyəcəm sənə....

5. Xahiş

Istəsən yalan danış,
oyun oyna,
sevmə...
Cəhənnəmə.
Amma lütfən,
bir də...
bir də belə -
heç bir şey söyləmədən getmə...


6. Məktəb 

Övladlığa götürdüm səni...
əvvəl laylay oxudum
ucundan-qulağından...
indi əllərindən tutub yerimək öyrədirəm...
birinci yıxılacaqsan....
amma yadında qalacaq...
sonra danışmağı öyrədəcəm...
cümlələri sən quracaqsan,
həyatını mən...

Sevgi (S.M)

Bir dostum var,
yaxşı oğlandı.
Yağışlı-küləkli havada
düşürəm yadına.
Deyir ki, sevir...
Düz deyir...
Sevir
iqlim dəyişməsini...

Xəbərdarlıq

Mənə heç nə demə,
tüpürə biərəm hər şeyə -
rahatlığa, xoşbəxtliyə,
deyingən qonşulara, işə,
çoxdan unutduğum keçmişə.
Əvvəl-əvvəl maraqlı gələr,
doğma görünər,
sonra bezdirərəm tələblərimlə.
Məsələn –
hər gün görüşmək istəyərəm...
Mənə heç nə demə,
tüpürə bilərəm hər şeyə...
Elə qısqanaram səni,
qapıların şüşəsi sınar.
Heç nə vecimə olmaz –
hardasa bir ürək yıxılar.
Tanıyırsan məni.
Heç nə demə...
Bilirsən necə amansızam,
Keçmərəm ən kiçik səhvindən.
Xoşum gəlməz köynəyinin rəngindən –
qəfildən sərt danışaram hamının yanında...

Mənə heç nə demə...
Ağıla, nağıla, noğula aldanmaram –
hamının yanında öpərəm üzündən.
sənin üzündən
tüpürə bilərəm hər şeyə...
Gündüzə, gecəyə, səhərə nifrət edərəm
sən yanımda olmayınca...

Unutmayasan deyə
şəklimi qoyaram cibinə.
Tezdi-gecdi bilmərəm –
gecəyarı zəng gələr evinə.

Tüpürə bilərəm hər şeyə...
Nəyə? – niyə sayım –
məni tanıyırsan.
Özün anlayırsan...
Mənə heç nə demə...

Çərpələng 

Uçurdun məni...
çox göyə qalxmağa
qoymadı külək...
Üzümə vurma,
səhvimi bilirəm -
yerə düşüb
ayağına
dolaşmayaydım gərək...

*** 
özündən sonra
xəyalına tapşır
məni tək qoymasın –
darıxıram.

Ağıllı oğlan

Sevirəm dedim
sevindin
görüşək dedim
dedin yaxşı
kefsizəm dedim
susdun
ayrılaq dedim
razılaşdın...
anlamırsan
bu qədər anlayışlı
olmamalıydın...

***
yüngülləşmək üçün
dərdlərimi danışdım
dostlarımla
səni qəsdən unutdum -
paylaşmamaq üçün 
 
 
 

qadinkimi.com