Düşüncələr...
Artıq neçə aydır ki, özümüzü virusdan qorumaq üçün pandemiyanın yaratdığı karantin vəziyyətində yaşayırıq. Vəziyyətlə əlaqədar bir-birindən gözəl olan bölgələrimizə də gedə bilmirik.
Uzun illərdir ki, rayonlarda ağacların altında sərinlənəndə, samovar çayı içəndə, sadə, saf, ürəyi təmiz kənd adamlarıyla ünsiyyətdə olanda, Şuşada, Ağdamda süfrə arxasında oturduğumuz vaxtlar yadıma düşür.
Düşünürəm ki, əsl xoşbəxtlik elə yaşadığımız o günlər idi.
O vaxtlar məktəbli idim. "Rayona gedirik" deyəndə səhərə kimi yatmırdım.
Adətən səhər-səhər yola düşürdük. Bakının küçələrini hər gün su ilə yuyurdular o vaxtlar.
Atam bilirdi ki, o mənzərəni çox sevirəm. Ona görə Bakının küçələrində su səpən maşınları müşayət edə-edə sübhdən şəhərdən çıxırdıq.
Kənddə qoca nənəm bizi gözləyərdi.
Görüşəndə atama ilk sözü "a bala, bu yaşıl paltarı niyə çıxartmırsan əynindən?" olardı.
Atam da hər dəfə deyirdi ki, ana, formadı ey. Hökümət verib.
- Hökümətdə başqa rəng yoxdumu, oğlum? Qonşular deyər, bu yazığın ikinci paltar almağa pulu yoxdu, - deyərdi həmişə.
Sonra nənə mütləq anama üzünü tutub:
- Allah məni öldürsün, ay bala, hamınız niyə belə sınıxmısınız? Rənginiz niyə solub? - deyə soruşardı.
Anam heç nə deməzdi.
Qaynanaya cavab verilməzdi.
Nənəm heç zəhmli deyildi. Çox mehriban, həlim idi.
Nə savadı var idi, nə xarici dil bilirdi, nə də kənddən bir kənara çıxmamışdı. Amma çox müdrik qadın idi.
Hərdən düşünürəm ki, mən də nənəyəm; görəsən nənəmdən götürdüklərimi nəvələrimə verə bilirəmmi?
Məsələn: nənənin bir sözü indiyə kimi yadımdadır.
Süfrə arxasında oturanda qızları gəlinlərdən danışmağa başlayan kimi bir kəlmə deyərdi:
- A bala, əppəyini ye!
Mən əppək sözünün mənasını və bu ifadənin təkrarlanmasını anlamırdım. Sonradan bildim ki, nənəm "əppək" çörəyə deyir. Bu ifadə isə gəlinlər haqda qeybətin davam etməməsi üçün idi.
Atamın əmisi qonşuluqda yaşayırdı.
Süfrəyə yemək gəlməzdən əvvəl nənəm bir boşqab xörək çəkib mütləq böyük qaynına yollayardı. Bu hörmət naminə edilirdi. Bizə heç nə demirdi, amma biz bilirdik ki, əmiyə evdə xüsusi münasibət var.
Həmişə deyirdi ki, sizə pislik edənə də yaxşılıq edin. Qoy o utansın.
Nənəmdən aldığım öyüd-nəsiyyət indi də yadımdadır.
- Bala, həyətdən çıxanda səs-küy salmayın, qonşuda yaşlı kişi var yanına gəlib - gedəni yoxdu, - deyərdi.
Nənəm şəriət qanunlarıyla yaşayırdı.
- Bizə haram pul düşmür, - deyərdi.
Kasıblara həmişə əl tutun ki, çörəyinizi rahat yeyə biləsiniz, - deyirdi.
Nənəmin uzun ağ saçları var idi. Bu yaşlı qadın o qədər gözəl idi ki... Həqiqətən, gözəllik daxildən üzə çıxır. Gözlərində o qədər rəhm, yaxşılıq görünürdü ki, gözləri sanki ətrafa işıq saçırdı.
Nənəm Stepanakert sözünü tələffüz edə bilmirdi. İspaganet deyirdi və əmin idi ki, düz tələffüz edir.
Nənəm üçün kənd qadınlarının tərbiyəsi bir meyarla ölçülürdü.
Hansı qadın gözündən düşərdisə, o saat bilərdik.
- Yaxşı qadındı, amma İspaganetə çox gedib gəlir, - dedisə, deməli həmin qadın artıq hansı bir hərəkətiyləsə nənənin gözündən düşüb.
Bax beləcə, hərdən xatirələrə dalıram. Pandemiyaya, karantin şəraitinə rağmən ətrafda hər şey var. Şükür Allaha, mağazalarda istədiyin ərzağı, istədiyin geyimi tapa bilirsən, amma insanlıq yaman kasadlaşıb.
Bəlkə də nənəmdən öyrəndiklərim indi heç kimə lazım deyil?
Axı indi kim qonşunun maddi deyil, mənəvi durumunu düşünür?
İndi kim qeybəti aradan qaldırmağa çalışır? Böyüklərə hörmət namınə şəxsi maraqlarından keçir?
Nənə-babamın yoluyla gedib nəvələrimi ənənəvi yolla tərbiyə etsəm, onları bu həyatın qoynuna ata bilmərəmmi?
Bu həyatda güçlülərin, pulluların, nadanların insanların saflığını, tərbiyəsini tapdalayaraq üstündən keçəcəyindən narahatam.
Amma, məncə, insani keyfiyyətlər həmişə qiymətləndiriləcək. Hər yerdə tərbiyəli, xoşxasiyyət qıza və mərd, vətənpərvər oğlana ehtiyac olacaq.
Kim nə deyir desin, mən nənəm dediklərini, öyrətdiklərini nəvələrimə deyirəm. Qoy insan olsunlar, sonrası da Allah kərimdir.
Təranə Məmməd
qadinkimi.com