BURA / ORA, YAZI / DÜŞÜNCƏ
Qənirə Paşayeva - Anlamağa çalışmaq... Tarix : 01 Avqust 2019, 23:30
Yazar : Qadinkimi.com
Deyirəm, doğurdanmı biz hamımız o qədər günahsızıq ki, həyatda səhv, xəta edənlərə qarşı bu qədər amansızıq, bu qədər nifrət doluyuq? Doğurdanmı, hesab edirik ki, bu cür insanları özümüzdən uzaq tutmaqla onlara, topluma daha çox kömək edirik. Axı biz belə etməklə, onlara sahib çıxmamaqla, onların yenidən xətalar, yanlışlıqlar edə biləcəkləri yerə, mövqeyə itələməyirikmi?! 
Bəlkə dəyişək?

Bir müddət öncənin söhbətidi, işə gedirdim,İçərişəhərdə bir qadın diqqətimi çəkdi. İlin-günün bu vaxtında – soyuq yanvarda skamyada oturmuş bu xanımın yanıqlı, hönkür-hönkür ağladığını fərq etdim… Yanağından süzülən göz yaşları içində nəsə bir şeylər deyərək hıçqırırdı. Yaxınlaşıb, "bacı, niyə ağlayırsan?” – deyə sual etdim. "Bir şeyəmi ehtiyacın var, nədəsə kömək edə bilərəmmi?” – söylədim.Başını qaldırıb yaşlı gözləri ilə üzümə elə təəccüblə baxdı ki…Hıçqıra-hıçqıra "gedəcəm buralardan” deyib ağlamağa davam etdi yenə.
- Hara gedəcəksiniz? Axı nə olub sizə? – dedim. "İstəyirsən dərdini mənimlə paylaş, bəlkə bir yardımım ola bilər” – dedim.
Sanki məni heç dinləmirdi. Hıçqırtı içində "gedəcəm buralardan” deyib dururdu: "Uzaqlara gedəcəm, heç kimin məni tanımadığı yerlərə… Qala bilmirəm artıq buralarda, yaşaya bilmirəm artıq buralarda…”
Anlamırdım dərdi nə idi, amma onu belə qoyub gedə bilməzdim, təbii.
"Dərdiniz nədir, söyləyin mənə əlimdən nə gəlirsə kömək etməyə çalışacam, söz verirəm” deyə uşaq kimi onu dilə tutmağa başladım. 10-15 dəqiqədən sonra bir az toxtayıb dərdini anlatmağa başladı.

Həbsxanadan çıxdığını söylədi. Gedəcəyi yer yox imiş. Həyat yoldaşı o hələ həbsxanada olan zaman evlənib, uşaqlarını isə elə böyüdüblər ki, dünyaya gətirdiyi övladları analarını görmək istəmirlərmiş, utanırlarmış ondan. O, da övladları utanmasın deyə arabir gizlicə gedib uzaqdan uşaqlarını seyr edirmiş. Ailəsi də ona yaxın durmurmuş, soyuq davranırlarmış ona… Həbsxanadan çıxdıqdan sonra pulu olmadığı üçün Bakıda ətrafında ucuz bir ev kirayələyib, amma kirayə pulunu belə verməkdə çətinlik çəkirmiş. Çünki həbsxanada yatdığı üçün ona iş vermək istəmirlərmiş. Ona görə də qəpik-quruşa, bir qarın çörəyə ən ağır işlərdə belə işləməyə razı olub. Amma bunlar da azmış kimi, bütün günü sadəcə bir qismət çörək üçün qapısında işlədiyi adamlar belə ona şübhə ilə baxıb, həbsxanada yatdığı üçün müxtəlif sözlər və fikirlərlə onun qürurunu sındırır, aşağılayırmış. Qadın elə bir psixoloji duruma düşüb ki, küçədə gedəndə "sanki hər kəs mənim həbsxanada yatdığımı bilir deyə başımı yerdən qaldırmadan yeriyirəm, insanların üzünə baxmıram” – deyir. Deyir ki, "Bir qismət çörəyə möhtac olmasam küçəyə belə çıxmaq istəmirəm. Bəzən yolu keçəndə, keçmək haqqı mənim olsa da dayanıb maşınlara yol verirəm, mənə elə gəlir… hamı məndən haqlıdır, hamı mənim həbsxanada yatdığımı bilir və məni hər dəqiqə hamının içində yamanlaya bilər…”
Sonra da "Dostlarım məndən üz döndərib, onlar da mənimlə görüşmürlər” deyir. "Dərdimi bölüş­məyə də bir kimsə yox… Ölsəm, heç kimsənin vecinə də olmayacaq. Yaşaya bilmirəm artıq buralarda… Uzaqlara gedəcəm heç kəcin məni tanımadığı bir yerlərə… Sonra da orada öləcəm bir kimsəsiz kimi… Öldüyümü də bilməyəcəklər…”
Qadın danışdıqca boğulurdum. Özüm qarışıq insanlığı sorğulayırdım içimdə…
- Niyə həbsxanaya düşdün? – deyə sual etdim.
- Danışsam, siz də mənə nifrət edəcəksiniz - dedi…
- Etməyəcəm, – dedim…

Danışdı… Nifrət ediləcək bir şey yox idi. Ağır cinayət də törətməyib. Savadsız olub, insanlara inanıb və dələduzların toruna düşüb, budur, bədəlini də ödəyib… həbsxanada cəzasını çəkib. Amma toplum hələ də ona ağır bədəllər ödətməkdə davam edir. Bütün həyatdan küsəcək qədər… Toplum həbsxanadan çıxan kişilərə də bu qədər amansızdırmı? Mən hesab edirəm, xeyr, toplum yalnız həbsxanadan çıxan qadınlara qarşı bu qədər acımasız və qəddardır! Doğrudur, kişilərə münasibətdə də problemlər var amma qadınlara münasibət daha amansızdır…
– Heç yerə getməyəcəksən, – dedim o qadına, – Həyatın yeni səhifədən başlayacaq. Əl-ələ verəcəyik, sənə dəstək olacağıq, işləyəcəksən, mübarizə aparacaqsan və toplumda sənə münasibəti dəyişəcəksən. Bir gün övladların sənə yenidən ana deyəcək, onlarla birlikdə xoşbəxt olacaqsan…
"Çox əziyyətlər çəkdim, hətta bir nəfər mənə televiziya kanallarında dərdimi danışmağı məsləhət gördü, amma danışmadım, övladlarımı utandırmaq istəmədim heç zaman… Qoy mənə görə utanmasınlar… Mənə görə utancdan ağlamasınlar” – deyirdi o…
Qarşımda xətaları ilə, ödədiyi bədəllərlə bərabər övladları üçün hər şeydən keçməyə hazır bir ana var idi… "Doğru edibsən” – dedim. Dedim: "Mən də sənə söz verirəm, sənin kimliyini nə yazmayacam, nə də kimsəyə anlatmayacam, bu bizim səninlə sirrimiz olacaq. Amma sən bu həyat savaşında qalib gəldiyin gün özün istəsən, öz həyat hekayəni yazarsan, ya da söyləyərsən birilərinə ibrət, birilərinə örnək olar…”
Yaxşı adamlar sağ olsun, o qadına normal iş tapdıq, qalmağa da mütəvazi bir yer. Bir gün içində gözlərində həyata yenidən başlaya biləcək gücü gördüm onun…

Söz verdim, hər zaman yanında olacam, deyə…
Bilirsinizmi, yeni iş yeri ilə tanış olmaq üçün ayrılanda mənə nə dedi?!
Dedi ki, "Doğurdanmı, övladlarımın yenidən ana kimi nə vaxtsa mənə sarılacağını, yaxınlarımın, dostlarımın mənə münasibətinin dəyişəcəyini, insanların mənə normal insan kimi münasibət göstərəcəyinə inanırsan? - İnanıram dedim… - Sən bunu bacaracaqsan! – dedim.
Gözlərinə işıq sanki yenidən qayıtmışdı onun…
O qadın bir Anadır…
O qadın bir İnsandır…
Deyirəm, doğurdanmı biz hamımız o qədər günahsızıq ki, həyatda səhv, xəta edənlərə qarşı bu qədər amansızıq, bu qədər nifrət doluyuq? Doğurdanmı, hesab edirik ki, bu cür insanları özümüzdən uzaq tutmaqla onlara, topluma daha çox kömək edirik. Axı biz belə etməklə, onlara sahib çıxmamaqla, onların yenidən xətalar, yanlışlıqlar edə biləcəkləri yerə, mövqeyə itələməyirikmi?! 
Bəlkə dəyişək?
Bu gün mənə zəng etdi… Yeni işini sevdiyini dedi və "heç zaman sizin etimadınızı yerə vurmayacam, yeni həyata başladım və siz haqlısınız, mən bacaracam” – dedi!
Bilirəm, o bacaracaq!
Bəs biz necə – bir toplum olaraq bu cür insanlara baxışımızı dəyişmək üçün özümüzlə bacara biləcəyikmi?!
 
 

Qənirə Paşayeva
Qadinkimi.com