FEMİNİZM
Qaradərili feminizm: sinif, iraq, cins - 4-cü hissə Tarix : 24 Aprel 2021, 00:26

1970-ci illərin əvvəllərinə qədərki feminist mübarizənin məzmununa və onların tələblərinin yarımçıq olduğuna tənqidi yanaşaraq meydana gələn qaradərili feminizm feminist diskursda sinif-irq-cinsin əlaqəli olduğunu üzə çıxardı. Qaradərili feminizmin ortaya çıxması ilə feminist diskurs yeni şəkil aldı və cins əsaslı problemin əhatəsi genişləndi. Qaradərili feministlər ağdərili feministlərin yalnız orta sinif qadının problemlərini qabardaraq, bu problemi bütün qadınların problemi kimi təqdim etməsinə, digər sinif və irqdən olan qadınların təcrübələrini marginallaşdırmasına qarşı çıxdı. Qaradərili feministlər hesab edirdilər ki, ağdərili qadınların dominant olduğu feminist diskurs yalnız ağdərili və orta sinif qərb qadınlarının üzləşdiyi təzyiqləri ifadə edir, lakin ağdərili olmayan qadınlar və kasıb təbəqənin ağdərili qadınlarının problemləri əhatə edilmir (hooks 1984). Qaradərili feminizm ağdərili qadının ancaq öz təzyiq və əzilmə meyarlarını əsas götürərək, digər qadınların bu təcrübələrini gözardı etməsini ifşa edir; əzilmə hallarının bərabər yox, sinif-irq-cins və digər sosial kateqoriyalar əsasında qeyri-bərabər olduğunu vurğulayır; marginallaşmış bütün sosial qrupların hüquqlarını əhatə etməyə çalışır. Bununla da qaradərili feminizm əsasən afro-amerikalı və qeyri-ağdərili qrupların səsi olmağı hədəfləyir.

Qaradərili feminizmin nəzəri yanaşmasına görə qadınların üzləşdiyi problemlər tək səbəbli deyil və qadınların üzləşdiyi fərqli istismar kontekstləri var. Ağdərili qadının istismar dərəcəsi qaradərili və kasıb qadınların istismarından fərqlidi. Ağdərili qadın cinsinə görə ayrı-seçkiliyə məruz qaldığı halda, qaradərili qadın həm cins, həm irq, həm də sinfinə görə istismara və ayrı-seçkiliyə məruz qalır. Sinif, irq və cins bir-birinə bağlıdır və ağdərili qadın bu təcrübəni yaşamadığı üçün onu gözardı edir.

Qaradərili feminist Bell Huks liberal feminist Fridanın "Feminist Mistika" kitabını sinif - irq - cins aspektindən tənqid edir. O, Fridanın "biz qadınların ´mən ərdən, uşaqdan və evdən daha çox şey istəyirəm´ səsini iqnor edə bilmərik” cümləsində müəllifin yalnız orta sinif ağdərili qadının ehtiyacını səsləndirərək, digər təbəqə və rəngdəki qadınları bu kontekstdə çıxdaş etdiyini bildirir: "Burada ´daha çox´ deməklə o, karyeranı nəzərdə tutur. O, özü kimi daha çox qadının məişət işindən azad olub, ağdərili kişi ilə bərabər karyera imkanı əldə etdiyi halda, uşaqlarına baxmaq və evində qulluq etmək üçün kimin çağırılacağını müzakirə etmir” (Hooks 1984, 1). Qaradərili feminizm bu kontekstdə ağdərili qadını və qaradərili kişiləri eyniləşdirir: ağdərili qadın cinsiyyətçilik, qaradərili kişi isə irqçilik qurbanıdı. Lakin ağdərili qadının qaradərili qadınlara qarşı irqçi yanaşması və qaradərili kişinin cinsiyyətçiliyi və əzici yanaşması qaradərili qadının qatbaqat əzilməsinin əsasını təşkil edir. Qaradərili qadın həm ağdərili qadın və ağdərili kişi, həm də qaradərili kişi tərəfindən əzilir. Qaradərili feminizm buna görə də bu qatbaqat (interseksional) əzilməyə qarşı mübarizə aparır.

 

 


Kuir Feminizm: identifikasiya və heteronormativlik problemi


1990-cı illərdə Amerikada yaranmış kuir nəzəriyyədən çıxış nöqtəsini götürən kuir feminizm cins və seksuallığın təbiətdən gələn olmadığını və hər ikisinin sosial kultural proseslər nəticəsində inşa edildiyini müdafiə edir. Kuir nəzəriyyə dekonstruksiya, poststrukturalizm, diskurs təhlili və gender tədqiqatlarının metod və biliklərinə əsaslanaraq, seksual kimlikləri, iqtidar formalarını və normaları təhlil edir və dekonstruksiya edir (Notz 2011, 21). "Kuir” sözü 1990-cı illərə qədər homofob söyüş kimi istifadə edilib. Kuir nəzəriyyəsi kuir terminini öz məqsədləri üçün mənimsəyib, ona pozitiv mənalar yükləyərək, tipik strategiyadan istifadə edib stiqmanı aradan qaldırır (Əliyev 2020). Yəni, ikili cins sisteminə uymadığı üçün çıxdaş edilən LGBT bu çətir termin altında təmsil edilir. Bir neçə ildir ki, kuir başqa cür, yəni seksual qrupların siyasi birliyi üçün ümumi anlayış kimi lezbiyan və gey tədqiqatlarına istinadən inkişaf etdirilən yeni nəzəri konsept kimi istifadə edilir (Jagose 2005, 13).

Kuir feminizm sosial münasibətlər kontekstində fərdlərin kimlik siyasətini mübahisələndirir və kimliyin hər zaman ideologiyalar vasitəsi ilə formalaşması iddiasına fokuslanır. Cagoz fərdlərin identifikasiyası və kimlik siyasətlərindən danışarkən, fərdlərin ideologiyalar vasitəsi ilə təkcə cəmiyyətdəki mövqelərini yox, eyni zamanda kimlik haqqında qavrayışlarını da formalaşdırdığını deyir (Jagose 2005, 102). Çıxış nöqtəsini poststrukturalizmdəki subyektivlik anlayışından (Jak Lakana görə, subyektivlik mövcud deyil, o, ancaq təcrübə edilərək öyrənilir) götürən kuir feminizmin cins və seksuallıq üzərindən fokuslandığı məqam odur ki, "kimlik digərləri və digərlərə qarşı identifikasiya nəticəsidir: o, xüsusiyyət yox, davam edən prosesdir ki, həmişə natamam qalır” (Jagose 2005, 103).

Buna görə də cins kateqoriyalaşdırma sistemini (bioloji cins, sosial cins, cinsi arzu və cinsi təcrübəyə görə münasibətlərin kultural-siyasi tənzimlənməsi) və bundan yaranmış tabeçilik problemlərini kuir feminizm həm də heteronormativlik probleminə bağlayır. Heteronormativlik bioloji cins və sosial cinsə uyğun olaraq cinsi arzu və cinsi təcrübənin yalnız qadın və kişi arasında olduğunu təbiiləşdirir və digər cinsi təcrübələri rədd edir (Hartmann 2007). Kuir feminizm bu nöqtədə zorakı heteroseksuallığı təkcə kultural yox, siyasi element olaraq xarakterizə edərək, bioloji cins, sosial cins və cinsi arzunun bioloji fərd üzərində cins təyinatı etməsini yetərsiz və problemli görür, çünki bu təyinat heteronormativ əsasla bioloji və sosial cinsi qəlibləşdirərək kateqoriyalaşdırma yaradır.

Feminist tədqiqat istiqamətləri

Elm, fəlsəfə və bütün digər siyasi-ictimai, sosial-mədəni sahələrə gender perspektivindən baxdıqda məlum olur ki, bu sahələr kişi mərkəzli təsis edilib. Feminist nəzəriyyəçilər və tədqiqatçılar tərəfindən bu sahələr, həmçinin dil siyasəti – linqvistika, biologiya, siyasətşünaslıq kimi kişi mərkəzli sahələr təftiş edilir. Faydalanan qruplar cins üzərində qurulmuş sistemin təftişində maraqlı deyil, lakin gender tədqiqatı cinsi güc/iqtidar elementi kimi və universal kateqoriya olduğunu üzə çıxarmaq istiqamətində iş aparır (Schößler 2008,15). İnsanlar arasındakı münasibətləri, cins əsaslı problemləri mübahisələndirərək, yeni bir perspektiv yaratdığına görə feminizmin siyasi nəzəriyyə olaraq tanınması irəli sürülür (Schößler 2008).

Feminist araşdırma istiqamətləri

Feminist araşdırma istiqamətlərinin mövzuları

Qadın Araşdırmaları

Qadınların marginallaşması, ayrı-seçkilik, qadınlıq obrazları, zorakılıq, qətllər, istismar, qadınların sinif, irq və etnik kimlik faktorları əsasında əzilmə mexanizmlərinin tədqiqi

Gender Araşdırmaları

 

Cins konstruksiyası, seksuallığın konstruksiyası və status təyinatının əlaqələrinin tədqiqi

Genderlərarası münasibətlər üzrə Araşdırmalar

Tarixi, siyasi, ictimai, sosial-mədəni kontekstdə cinslərarası əlaqələrin konfiqurasiyasının tədqiqi

 

Feminist akademik fəaliyyət üç istiqamətdə iş aparır:Qadın araşdırmaları, gender araşdırmalarıgenderlərarası münasibətlər üzrə araşdırmalar. Bu üç fərqli istiqamət və onların tədqiqat mövzuları belə təsnifləndirilir (Becker-Schmidt və Knapp 2011):

  1. Qadın araşdırmalarıqadınların sosial, mədəni mənsubiyyəti, rəngi və irqinə əsaslanan həyat şərtlərindəki fərqlilikləri nəzərə alaraq, qadınlara yönəlik bütün sferalardakı əzilmə, istismar və ayrı-seçkilik hallarını öyrənir, mübahisələndirir. Bu o demək deyil ki, burada yalnız qadınlar əsas götürülür və kişi cinsinə istinad edilmir; o, [kişi] müqabil və kontrast, güc faktoru və sərhəd xətti kimi götürülür (Becker-Schmidt və Knapp 2011, 37). Eyni zamanda bu tədqiqat istiqaməti qadının elmdəki təqdimatının, cəmiyyət təsəvvürünə uyğun qadına biçilmiş rolların mahiyyətini araşdırır. Qadın araşdırmaları sahəsi qadının cəmiyyətdə marginallaşması, ayrı-seçkilik, qadınlıq obrazları, zorakılıq, istismar, qadınların sinif, irq və etnik kimlik faktorları əsasında əzilmə mexanizmləri zəncirinə diqqət çəkir. Bu tədqiqatlar müxtəlif dövrlərdə marginallaşmış qrupa dair yanaşmaların və ona olan münasibətlərin dəyişməsinə töhfə verir.
  2. Gender araşdırmaları– Qadın araşdırmalarına olan tənqid təkcə fərqli yanaşmaya yox, yeni elmi yanaşmaya – gender araşdırmalarına – gətirib çıxardı (Krause 2003, 21). Gender tədqiqatı cins konstruksiyası, qadınlıq və kişiliyin konstruksiyası, cinsiyyətə xas qəlibləşmə və status təyinatının əlaqələri ilə məşğul olur (Becker-Schmidt və Knapp 2001; Krause 2003). Bu tədqiqat sahəsinin mərkəzi sualları cinsin mədəniyyət, cəmiyyət və elmdə necə əlaqələndirildiyini və tematikləşdirildiyini əhatə edir: "Cins anlayışı necə yaranıb? Ona hansı məna yüklənib və bu anlayışın siyasi gücün bölüşdürülməsində, sosial strukturlarda, elm, mədəniyyət və incəsənətdə hansı təsirləri var?” (Krause 2003, 21). Gender tədqiqatlarında aparılan elmi fəaliyyətlər çıxış nöqtəsini postmodern nəzəriyyələrdən alır və cins, seksuallıq, heteronormativlik, ikili cins sistemini mübahisələndirir. Gender tədqiqatı sahəsi, xüsusən, 1990-cı ildən yayılıb və Mişel Fuko, Derrida, Lakan fərziyyələrinə istinad edərək, cins haqqında dekonstruktiv yanaşmalar irəli sürür.
  3. Genderlərarası münasibətlər üzrə araşdırmalar– Bu tədqiqat istiqaməti yuxarıdakı hər iki tədqiqat istiqamətindən fərqlənir, daha çox tarixi, siyasi, ictimai, sosial-mədəni kontekstdə cinslərarası əlaqələrin konfiqurasiyasına fokuslanır. Cinslər cəmiyyətin müxtəlif sferalarında (ailə, təhsil, əmək bazarı, məşğulluq strukturu, sosial dövlət) "sosial güc” olaraq bir-biri ilə toqquşur (Becker-Schmidt və Knapp 2011, 39). Burada gücün ədalətsiz bölgüsü hansı aspektlər üzərindən çıxış edərək formalaşdığı tədqiq edilir. Tədqiqat sualları bunları əhatə edir: "Hansı mexanizmalar (stereotipləşdirmə, sinifləndirmə, ayırma, iyerarxiyalaşdırma) vasitəsi ilə cəmiyyətdə qadınların və kişilərin ümumiləşdirilməsi baş verir? Bu inşanın meyarları və prinsipləri nələrdir? (məs; kimlik prinsipi bir normlaşdırma prinsipidir). Hansı məntiq (məs: arxasında gerçək klassifikasiyanın olduğu iqtidar məntiqi) əsasında cinsiyyətləndirilmiş vahidlər bir-biri ilə toqquşur?” (Becker-Schmidt və Knapp 2011, Krause 2003, 22).

 

Gender və gender münasibətləri üzrə aparılan tədqiqat işlərinin hamısının feminist xarakter daşıyıb-daşımaması da müzakirə edilir. Cins ətrafında yanaşmaların şaxələnməsi və sahənin tədqiqat mövzularının məcrasının fərqlənməsi bəzi araşdırma işlərinin feminist xüsusiyyət daşımadığını ortaya çıxarır. Burada "feminist xarakterli” dedikdə yalnız müəyyən təhlil yanaşması ortaya qoymaq yox, elmi müstəvidə tənqidi və emansipativ xarakter daşıma nəzərdə tutulur (Krause 2003, 27). İndiyə qədər gender mövzusunda aparılan elmi tədqiqatların heç də hər forması "feminist” xarakterli deyil (Becker-Schmidt və Knapp 2011, 11).

Qadın və gender araşdırmaları və feminist hərəkatlar müxtəlif feminist nəzəriyyələrə əsaslanır. Feminist nəzəriyyələr çıxış nöqtəsini fəlsəfi, sosioloji və ideoloji nəzəriyyələr üzərindən götürərək formalaşır. Psixoanalitika, sosial psixologiya, sosializasiya nəzəriyyəsi, marksist nəzəriyyə, interseksionallıq, postmodernizm və poststrukturalizm kimi istiqamətlər üzərindən qadın və kişi, bioloji və sosial cins subyektləşdirilir və bu subyektlərin necə yarandığına, onlar haqqında sosial təsəvvürlərin necə formalaşdığına dair feminist filosoflar tərəfindən yanaşmalar irəli sürülür. Feminist nəzəriyyəçilərdənCozefin Donovan, Nensiy K. Miller, Cudit Batler, bell huks, Simona de Bovuar, Lusi İrigaray, Elizabet A. Grosz, Donna Haravey, Vendi Broun, Anne Filipps, Regine Gildemaystervə başqalarının adı çəkilir.

 


Nəticə


Bu yazıda feminist diskursun təməl çərçivəsi təqdim edildi. Qadın tabeçiliyi və cins ətrafında baş verən problemlərə qarşı əsas siyasi-feminist yanaşmalar xülasə edildi. Beləliklə, qadın tabeçiliyinin sonlanması, cins anlayışının konstruksiyası, cinslərarası münaqişənin həll yolları üçün müxtəlif feminist yanaşmaların olduğu üzə çıxır. Feminizm hər zaman prosesdə olan və məzmunca genişlənən diskursdur. Göründüyü kimi müxtəlif dövrlərdə cinsi tabeçilikdən qaynaqlanan yeni problemlər aşkar edilir və bu problemə dair mövqe getdikcə təkmilləşir. Buna görə feminizmdə ümumilikdən danışmaq mümkün olmadığı kimi, cinsdən qaynaqlanan problemlərə də bir bucaqdan baxmaq natamam olur. Feminist tədqiqatlar da cins ətrafında problemin kompleks şəkildə olduğunu göstərir.

Buradan yola çıxaraq, Azərbaycanda da son dövr aktuallaşan feminizmə və problemlərə feminist yanaşmaya qarşı yaranan qeyri-konstruktiv müzakirələrin əsasının təməl çərçivədən kənarda qaldığı görülür. Azərbaycanda mühafizəkarlıqla yanaşı, məlumatsızlığın da antifeminizmin və əsassız mövqelərin formalaşmasına gətirib çıxardığı müşahidə edilir. Odur ki, bu yazı müzakirələrə qoşulanlar və problemlərə feminist yanaşmadan baxmağa çalışanlar üçün bələdçi sayıla bilər.

 

 

 

 

Nurlana Cəlil