FEMİNİZM
QADIN DOĞULMURSAN, QADIN OLURSAN - Simona de Bovuar Tarix : 07 Sentyabr 2022, 11:42
Simona de Bovuar: Qadın doğulmursan, qadın olursan!
 
"Bir gün qabları yuyarkən anama kömək edirdim. O, qabları yuyur, mən də qurulayırdım. Mətbəxin pəncərəsindən başqa evlərin mətbəxləri görünürdü. Bu başqa mətbəxlərdə də qadınlar tavalar sürtür, qabları yuyur, tərəvəz seçirdilər. Hər gün günorta yeməyi, axşam yeməyi, qab-qacaq, təmizlik, saatlar boyunca uzanan bir heçlik, heçlikdən ötəyə varmayan bir sonsuzluq. Mən belə yaşaya biləcəkdimmi? Bir yandan qab-qacağı dolaba yerləşdirərkən "xeyir” dedim öz-özümə. Mənim həyatım mütləq bir yerlərə gedib çıxacaq!”. Bovuar burda dediklərinin daha da ötəsinə keçdi əslində. 
  
Feminizm bir çox hallarda yanlışlqla "kişi düşmənçiliyi” kimi qəbul edilir. Halbuki bu gün qadınların sahib olduğu bir çox hüquqların, eyni zamanda səs vermə, təhsil alma, mülkiyyət sahibi olma kimi təməl hüquqlarının əldə edilməsi məhz feminizm sayəsində gerçəkləşib. Başlıca məqsədi kişi və qadın arasındakı gerçək bərabərliyin təmin edilməsi olan Feminizm XIX əsrdən bu günə qədər hələ də aktual olaraq qalmaqdadı. Bu üç əsrlik dövrdə qadınlar bir çox sahələrdə - həm ədəbiyyatda, həm siyasətdə, həm də elm dünyasında mübarizələrini davam etdirirlər. Bu mübarizəyə imzasını atan qadınlardan biri də fransız filosofu, yazıçı və feminist Simona de Bovuardır.

Simona de Bovuar 9 yanvar 1908-ci ildə Parisdə mübariz orta sinif ailəsində doğulub. Atası George Bertrand qatı fransız milliyyətçisi olan hüquqşünas, anası Françoise isə zəngin ailədən çıxmış qatı katolik bir qadındı. Olduqca mühafizəkar bir ailənin övladı olan Simonanın oxuduğu bütün kitablar hər zaman senzuradan keçirdi. Ancaq Simona bu həyatı qəbul etmədi və çox davam etmədən sorğulamağa başladı. Belə ki o, hələ yeniyetmə vaxtlarından fərqli düşüncələriylə seçilirdi. Uşaqlığının ayrılmaz bir parçası olan Zaza ilə olan dostluğu da onun həyatında əhəmiyyətli rol oynamışdı. O, Zazanın yaşamaq istədiyi həyatı yaşaya bilməyəcəyini düşünürdü. Zaza evlənib uşaq dünyaya gətirərək toplumun öyrəşdiyi klassik bir həyat sürmək istədiyi halda, Simona özünü belə bir tabloda görə bilmirdi.

1929-cu ildə 21 yaşında olan Simona Sorbon Universitetində fəlsəfə oxuyarkən Zazanın itkisiylə yıxılsa da Jan-Pol Sartrla tanış olur. Bununla da həyatının yeni mərhələsinə addım atır. Həyatının ən önəmli hadisəsi hesab etdiyi bu tanışlıq Sartrın ölümünə qədər davam edir. Sonuncu imtahanlarda Sartr  birinci, Simona isə ikinci olur. Ancaq hər kəs bilir ki, Bovuar fəlsəfədə daha bacarıqlı idi. Sartr kişi olduğu üçün birincilik ona verilmişdi. Simona de Bovuar bir müddət müəllimliklə məşğul olur. 1943-cü ildə yayımlanan  "Qonaq qız” əsəriylə yazarlığa başlayır, yazarlıqdan gəlir qazanmağa başladıqdan sonra müəllimlik məsləyinə son verir. 
Bovuar haqqında yazılmış bütün bioqrafiyaların üçüncü cümlədən sonrası Sartr ilə əlaqəlidi. 51 illik münasibətləri boyunca həyatlarına başqaları daxil olmaqla fərqli bir münasibət qurdular. Bütün bioqrafiyalarda Simona de Bovuarın Jan-Pol Sartrla bu fərqli münasibəti əsas müzakirə mövzusu olsa da, o, tarixdə bunun daha fövqündə olan uğurlara imza atdı. Bioqrafiyaların əksəriyyətində onun haqqında Sartrsız sanki bir heçmiş kimi ayrıca bəhs edilməməsi bu gün çox tənqid olunur. Təbii ki, Sartrla aralarındakı münasibətin həyatının böyük bir qismində təsirli olması danılmazdı. Ancaq Bovuarı Bovuar edən Sartr deyil, "Qonaq qız”, "Başqalarının qanı”, "Kim öləcək”, "Aydınlığın etikası”, "Bir gənc qızın xatirələri”, "Yaşlılıq”, "Səssiz bir ölüm”, "İkinci cins” kimi əsərləridir. Bu gün feminist bir mütəfəkkir kimi anılan Bovuar Sartrın varoluşçuluq fəlsəfəsini ədəbiyyatda davam etdirməklə düşüncə dünyasında önəmli yerə sahibdir. Qadınların cəmiyyətdəki mövqeyi hələ 15 yaşında olarkən Bovuarı narahat edir.

Anılarını yazdığı "Bir Gənc Qızın Xatirələri” kitabında Bovuar gələcəyinin qərarını verdiyi o günü belə xatırlayır: "Bir gün qabları yuyarkən anama kömək edirdim. Anam boşqabları yuyur, mən də qurulayırdım. Mətbəxin pəncərəsindən başqa evlərin mətbəxləri görünürdü. Bu başqa mətbəxlərdə də qadınlar tavalar sürtür, qabları yuyur, tərəvəz seçirdilər. Hər gün günorta yeməyi, axşam yeməyi, qab-qacaq, təmizlik, saatlar boyunca uzanan bir heçlik, heçlikdən ötəyə varmayan bir sonsuzluq. Mən belə yaşaya biləcəkdimmi? Bir yandan qab-qacağı dolaba yerləşdirərkən "xeyr” dedim öz-özümə. Mənim həyatım mütləq bir yerlərə gedib çıxacaq!”. Bovuar burda dediklərinin ötəsinə keçdi əslində. Burda öz vəziyyətini sorğulayarkən həm öz dövrünə meydan oxudu, həm də bu dövrün qadınlarına səsləndi. Qadınlar onlara biçilən həyatdan qurtulub bir yerlərə gəlməliydi mütləq! 
Simona, Sart və Çe Gevara 
 
Qadın olduğu üçün uzun müddət mütəfəkkir və ya filosof  kimi adlarla anılmasa da, onun fikirləri bu gün də aktual və aydınladıcıdı. Simona de Bovuar feminizmin əsas kitabı hesab olunan "İkinci cins” ("Second sex”) əsərindən öncə "Qadın: Əfsanə və gerçək” ("Woman: Myth and Reality”)  adlı əsərini yazır. Burda kişilərin qadınları onları yanlış yollara salan gizli "ötəki”lər, digər deyimlə "yad” olaraq gördüyünü iddia edir. Bovuar qadınların "ötəki” hesab edilmələrinin kişilərin onların problemlərini anlamamalarında, onlara kömək etməmələrində, hətta onlara təzyiq göstərmələrində bəhanə olaraq istifadə etdiklərini iddia edir. Simona bu vəziyyətin bütün cəmiyyətlərdə klişeləşmiş hal aldığını, güclülərin güçsüzləri hər zaman "ötəki” və ətraflarında dolanan qaranlıq kölgələr olaraq gördüklərini iddia edir.
 
Onun fikrinə görə bu vəziyyət dini, irqi ayrı-seçkliyin timsalında siniflər arasındakı münasibətlərdə özünü hər zaman göstərsə də, "ötəkilik” qavramı heç bir münasibətdə qadın-kişi ayrı-seçkiliyi qədər klişeləşmiş hal almayıb. "Qadın nədir?” sualına "qadın döl yatağından başqa bir şey deyil” deyə cavab verilən bir dövrün qadını olan Simona de  Bovuar bütün yox sayılmalara inad qadının varlığını atamərkəzli cəmiyyətin üzünə vurdu.  
O dövr üçün qəbul edilməyəcək fikirləri söyləməkdən və həyata keçirməkdən vaz keçmədi. "Ötəki”  - yad olaraq görülən qadını görünən edən mübarizəsinə özündən başladı. Çünki Simona qadının döl yatağından çox daha artıq olduğunu bilirdi. Bu səbəbdən fikilərini söyləməkdən və yazmaqdan kişi dünyası onu vaz keçirə bilmədi. Onun düşüncələri bu gün bütün qadınlara toxunmaqdadı. Simona de Bovuar bütün dediklərini bir cümləylə özətlədi: Qadın doğulmursan, qadın olursan! Bovuara görə insan qadın kimi doğulmur, getdikcə bir qadına dönür və ya döndərilir: "Qız uşaqlarını bir qadına biz döndəririk, ona qadın olmanın ağırlığını və məsuliyyətlərini biz yükləyirik”. "Bioloji fərqləri necə heçə saymaq olar?” deyə düşünənlərə "Qadın və kişinin fərqləri var. Ancaq bu fərqlər qadınların məruz qaldığı mövqe, istismar və təzyiqin təməli deyil” deyə cavab verir. 
 
Bovuar varoluşçu feminist nəzəriyyəyə yönəlməklə varoluşçu fəlsəfədəki mən-başqası bağını qadın-kişi əlaqəsinə uyğunlaşdırmağa çalışdı. Fikirləriylə bu sahəni zənginləşdirənlərdən biri oldu. "İkinci Cins” kitabındakı - "İnsanlıq maskulindir (kişi kimi, kişisayağı) və kişi qadını özündən ayrı, müstəqil kimlik olaraq görmür.  Kişi əsasdır, mütləq olandır, qadın isə ötəki - başqa cinsdir”  - kimi fikirləri də bu əlaqənin təmsilidi. "İkinci cins” əsərində  yazır:"Qadın tək başına bir varlıq hesab edilmir, onun həyatını davam etdirməsi yalnız bir kişiylə mümkündü. Qadını ya mətbəxə, ya da bəzənmə otağına məhkum edib sonra da dünyagörüşünün darlığına təəccüblənirik, qanadlarını kəsirik, sonra uçmur deyə şikayətlənirik”. Müasir qadın hərəkatının anası hesab olunan Simona de Bovuar 1949-cu ildə "İkinci cins”i qələmə aldığında özünü "feminist” olaraq təqdim edir. Özünü tanıtmaq üçün "mən bir qadınam” sözündən yola çıxaraq dişi olmaq ilə qadın olmaq arasındakı fərqi izah edir.

Bunu  vurğulamağın önəmini deyir və nəticədə qadının "dişi mövqeyində insan” olduğu nəticəsinə varır. Eyni zamanda Bovuar  "İkinci cins” əsərində  "Qadın nədir?” sualının əhəmiyyətini və cəmiyyətdə kişiylə müqayisədə yaradılışından irəli gələn "ötəkiliyini” və "cinsiyyət ayrı-seçkiliyi” anlayışını vurğulayır. Bovuar gənc qızların özlərinə  "yarıtanrı” axtarmaq yerinə, "dost” tapmağa çalışmaqla bərabər həyat qura biləcəklərinə inanır. Bovuar qadınların cəmiyyətdəki mövqelərini dəyişdirə biləcəklərinə inanır. Ancaq bir şərtlə - azad olmağı qadınlar özləri istəməlidir, bunu kişilərdən gözləmələri doğru deyil. Qadın çətin seçimlər üçün məsuliyyət daşımalıdır, bu, varoluşçuluqdan gələn bir fikirdir. Bovuara görə kişilər həyatdakı rollarını tapıb seçmək mövzusunda azad olduqları halda, qadınlar qarşılaşdıqları maneələrlə itaətkar rolunu qəbul etməli olurlar. O, toplumda cinsiyyət rollarının ancaq qadın və kişilərin birgə əməkdaşlığı ilə yeni şəkil ala biləcəyinə inanır.

”İkinci cins” kitabının fransız dilindən ingilis dilinə yetərsiz şəkildə tərcüməsi nəticəsində bəzi fikirləri yanlış anlaşılaraq tənqidlərə məruz qalıb. 2009-cu ildə təkrar tərcümədən sonra bu kitab dünyada populyarlığını yenidən qazandı. Simona de Bovuarın bu kitabı feminist nəzəriyyə üzərində böyük təsir yaratmaqla yanaşı, fikirləri dünya siyasətində də maraq oyandırdı və "Radikal İkinci Dalğa Feminist Axın”ın başlanğıcını qoydu. Bovuarın bu əsərdə müdafiə etdiyi fikirlərdən biri də qadının həyatında edə biləcəyi ən vacib məşğuliyyətin işləmək olduğu və ancaq bu şəkildə müstəqil ola biləcəyidi.
 Simona de Bovuara görə işləmək nə çox mükəmməl bir işdi, nə də bütün  problemlərin həllidi. Amma qadının müstəqilliyində ilk addımdı. O, qadının tam azadlığa qovuşmasının patriarxal sistem devrilməyənə qədər mümkün olmadığına inanırdı. Bovuar yetmişinci illərdə Fransada qadınların sərbəstlik əldə etmək uğrunda mübarizələrində iştirak etdi. 1971-ci ildə o, "343 manifest” ini imzaladı. Bu siyahıdakı məşhur qadınların əksəriyyəti qadınlara abort hüququ verilməsini tələb edirdi. Əslində isə Bovuar heç vaxt abort üçün müraciət etməmişdi. Katrin Denev, Delfin Seyriq və Bovuarın bacısı Pupetin imzalarıyla 1974-cü ildə Fransada qadınlara abort hüququ verildi. Həyatı boyunca gərgin şəkildə çalışan Simona de Bovuar 1983-cü ildə Avropa mədəniyyətinə qatqı verdiyi üçün  Sonning Mükafatını aldıqdan 3 il sonra 14 aprel 1986-cı ildə dünyasını dəyişdi. 
Feminizm fəlsəfəsini anlamaq istəyən hər kəsin oxumalı olduğu ilk yazar Simona de Bovuardır! 
 


Xumar Bayramqızı, İzmir  
Qadinkimi.com üçün