BURA / ORA
Qarabağı Azərbaycan ərazisi sayan ermənilərin sayını necə artıraq? Tarix : 05 İyun 2019, 21:56
Yazar : Qadinkimi.com
Qarabağdan olan və hazırda dünyanın müxtəlif yerlərində məskunlaşan kifayət qədər tanınmış erməni var ki, Dağlıq Qarabağ probleminin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirlər. Bu barədə danışan Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov erməni ictimai fəallar Artur Ağacanov, Valeri Eritsyan, Georgi Arakelyan, Lev Yaxşibekov, Karin Eritsyan və digərlərinin adlarını çəkib (Axar.az). 

Onlar Dağlıq Qarabağı birmənalı olaraq Azərbaycan ərazisi kimi görür və Bakıdakı Alban Avtokefal Məbədinin bərpasını dəstəkləyirlər. Bu şəxslər həmçinin, uydurma erməni tarixinə qarşıdırlar. Eyni xətti erməni tədqiqatçılar Eduard Vartanov və Filipp Ekozyants və digərləri müdafiə edir. Hüseynov onu da bildirib ki, Eduard Vartanov, Artur Ağacanov və digər araşdırmaçılar Eçmiədzin kilsəsi tərəfindən erməniləşdirilən türk-xristianlar olan qıpçaqların izlərinin qorunması uğrunda çalışırlar.

Erməni əsilli ukraynalı tədqiqatçı Filipp Ekozyants da Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edənlər sırasındadır. Bu harasıdır, Ekozyants vaxtaşırı erməniləri saxta və yalan tarixdən, uydurma soyqırım iddiasından imtinaya çağırır, əks halda, haqlı olaraq erməni xalqının iztirablarının bitməyəcəyi barədə xəbərdarlıq edir.

Son olaraq o, öz xalqından bir suala cavab tələb edən video yayıb. Tədqiqatçı videoda erməni istifadəçilərdən soruşur: "Biz ermənilər qonşularımızla sülh və uyğunluq şəraitində yaşamaq üçün nə etmişik?” Daha sonra o, öz sualını aydınlaşdırmağa çalışır: "Bu cavablar ermənilərin xoşuna gəlməyəcək və ya onlar ümumiyyətlə cavab tapmayacaqlar. Siz və sizin son onilliklər ərzində dəyişən hakimiyyətiniz qonşuları ilə sülh içində yaşamaq üçün konkret nə ediblər? Bir-birinizdən heç yana qaça bilməzsiniz! Siz onsuz da qonşularınızla yaşayacaqsınız. Variant yoxdur. Yoxsa yenə harasa gedəcəksiniz? Rusiya və Amerikada yeni kilsələr tikəcəksiniz? Özünüz seçməlisiniz”.

Erməni tədqiqatçı Dağlıq Qarabağın mənsubiyyəti məsələsinə toxunub: "Daha bir sualım var: hər yerə Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu bəyan etməyinizdən belə nəticə çıxarmaq olar ki, beynəlxalq ictimaiyyətin fikri vecinizə deyil? Bu sizi maraqlandırmır? Axı bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi tanıyır. Siz isə hökumət səviyyəsində deyirsiniz ki – yox! İndi isə məntiqi bir sual: əgər beynəlxalq ictimaiyyətin fikri vecinizə deyilsə, o zaman niyə elə həmin beynəlxalq ictimaiyyətin erməni "soyqırımı”nı tanımasına nail olmaq istəyirsiniz?”

*****
Gerçəkdən də məntiqli və yerində olan sualdır. Bəs Qarabağı Azərbaycan ərazisi sayan, Ekozyants kimi sağlam məntiqlə düşünən ermənilərin sayını necə artırmaq olar? Bunun üçün dövlət olaraq imkanlarımız necədir, özümüzdən asılı olan hər şeyi edirikmi?

Əlbəttə ki, Bakı və Ankaranın illərdir işğalçını blokadada saxlamaq, onu bütün iri regional iqtisadi və nəqliyyat layihələrindən təcrid eləmək siyasəti tam doğrudur və səmərəsini verir. Dünyanın heç bir yerində, heç vaxt və heç kim işğalçının başını sığallamır. Biz də sığallamaq niyyətində deyilik.

Nəticə artıq var: ermənistandakılar da zaman-zaman etiraf edirlər ki, Qarabağ ixtilaflı həll olunmadan, onların nicat tapması, normal inkişaf yolunu çıxması mümkün olmayacaq. Qarabağ ixtilaflı çözülmədən, iki qonşu ölkə - Türkiyə və Azərbaycanla sərhədlər açılmadan Ermənistanın Rusiya asılılığından qurtulmasının mümkünsüzlüyünü anlayan ermənilər də az deyil. Hərçənd problemin həllini onlar hələ ki ayrı cür təsəvvür edirlər.

Rəsmi Bakının vaxtaşırı Ermənistanla normal əlaqələrdə maraqlı olmasını bəyan etməsi, habelə Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə və normal inkişafına tam zəmanət, bölgəyə isə ən yüksək muxtariyyət vədi eləməsi də erməni xalqına və dünyaya ünvanlı önəmli mesajlardır. Şübhəsiz ki, bu, Azərbaycanın zəifliyinə deyil, gücünə və özünə arxayınlığına dəlalət edir.

Yəni Azərbaycan bununla nümayiş etdirir ki, o sülhpərvər dövlətdir və hədəfi heç də erməni xalqını blokadada saxlamaq, ona iztirablar içində boğmaq yox, konfliktin köklü və ədalətli həllidir. Hansı həll ki, Ermənistanın Rusiyadan vassal asılılığına son qoyacaq, bütövlükdə bölgəyə Kremlin destruktiv müdaxilə imkanlarını minimuma endirəcək. Bu isə regionun stabil və dinamik inkişaf yoluna, qarşılıqlı inteqrasiya zolağına çıxışını təmin etmiş olacaq.

Üstəgəl, kasıb Ermənistan Azərbaycanla ayaqlaşmaq üçün öz yoxsul əhalisinin boğazından kəsib silahlanmaya xərclədiyi paraları sosial-iqtisadi məqsədlərə, əhalisinin güzəranını yaxşılaşdırmağa yönəldə biləcək. Qonşu və zəngin Azərbaycanın karbohidrat resurslarından və sərmayə potensialından, regional layihələrdən Gürcüstan kimi öz xalqının rifahı naminə yararlanmaq fürsəti də öz yerində. Ekozyantsın təbirincə desək, seçim həmişəki kimi Ermənistan ermənilərinindir.

Dağlıq Qarabağı Azərbaycan torpağı sayan ermənilərin sayını artırmaq üçün paralel surətdə Azərbaycanın dünyada rifah içində olan, təməl haqların və iqtisadi azadlıqların qorunduğu, azad seçkilərin ənənə halı aldığı demokratik, tolerant dövlət imicini möhkəmlətməliyik. İşğal problemi yaşayan Azərbaycanda bircə siyasi məhbus da olmamalıdır. Qərbdə - Avropa və ABŞ-da ənənəvi olaraq güclü olan erməni lobbisinə, anti-Azərbaycan çevrələrinə ölkəmizə qarşı qara PR kampaniyası aparıb işğal faktını arxa plana keçirmək, hətta işğal haqq qazandırmaq üçün öz tərəfimizdən bu qəbildən heç bir bəhanə verməməliyik. Bizim belə lüksümüz qalmayıb.

H.Mxtaryan məsələsində olduğu kimi, əli günahsız azərbaycanlıların qanına batmayan, Azərbaycan dövləti əleyhinə çağırışlar etməmiş, Azərbaycan XİN-in "qara siyahısı”nda olmayan ermənilərin, erməni turist və idmançıların ölkəmizə daxil olmasına bundan sonra da "yaşıl işıq” yandırmaqdan çəkinməməliyik. Təhlükəsizlik, təxribat amilləri nəzərə alınmaqla təbii ki. Gəlsinlər və başqa millətlərə, dinlərə qarşı tolerant Azərbaycanla monoetnik Ermənistanın əsas fərqini, ölkəmizin iqtisadi cəhətcə nə qədər qabaqda olduğunu öz gözləri ilə görsünlər və... SƏBƏB barədə (!) düşünsünlər.

Nəhayət, müharibə amili barədə. Bəlli ki, dünya savaşlara, hərbi əməliyyatlara pis baxır, bundan yorulub, konfliktlərin daha çox dinc həll yolunu məqbul sayır. Lakin Azərbaycan günün birində müharibəyə məcbur edilsə, müharibədən yox, antiterror əməliyyatından söz eləməlidir. Dönə-dönə bu əməliyyatın maksimum qısa sürəcəyini və Dağlıq Qarabağın dinc əhalisinə qarşı deyil, işğalçı-terrorçulara qarşı qaçılmaz variant olduğunu, lap elə girov kimi saxlanılan Qarabağın erməni əhalisinin – Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və rifahı üçün zəruri olduğunu bəyan eləməlidir. Eyni zamanda, Azərbaycan Ordusunun quldur yuvası Dağlıq Qarabağa girmək niyyətinin olmadığını bildirilməlidir. Onsuz da Dağlıq Qarabağ ətrafında, ermənilərin yaşamadığı 1-2 rayon azad edilən kimi Qarabağda bircə erməni qulduru da qalmayacaq. Elə Qarabağın Azərbaycanın olmadığını iddia edən erməni də...
 


Zahid Səfəroğlu

Mənbə: musavat.com