Heç bir kişiyə görə storiyə ardıcıl olaraq qəribə-qəribə şəkillərinizi qoymayın, bu, onunla münasibətə kömək etməyəcək, amma sizi "ucuz” duruma salacaq.
Heç vaxt ardıcıl olaraq kişiyə ünvanlı statuslar paylaşmayın. Statusla münasibət qurulmur.
Heç bir halda ürəyiniz qəti istəmədiyi şeyi heç kimə görə etməyin. İnsan sevdiyinə böyük qurbanlar tələbi qoymur.
Küsülü olduqda davamlı ilk addımı özünüz atmayın, bu, növbəli olmalıdır.
Kişilərin çoxu uşaqlıqdan qarşılıqsız borc kimi ev işində ora-bura qaçan qadın (ana) görürlər, bunu ağlınızın bir küncündə saxlayın.
Həqiqətən sevən kişi sizi heç kimə dəyişmir. Buna əmin olun.
Davamlı kiminsə paltarını yumayan, kiməsə yemək hazırlamayan adam bunun nə qədər hörmətə layiq bir zəhmət olduğunu adətən bilmir. Bu işləri ömürlük üzərinizə götürmüsünüzsə, heç olmasa təşəkkür etməli olduğunu ona izah edin.
Sizə əl qaldıran, qabalıq edən kişiylə xoşbəxt olmaq şansınız yoxdur, özünüzü aldatmadan reallığın üzünə dik baxıb qərar verin.
Səxavətli olmayan kişidən uzaq durun. Malını qıymayan canını heç qıymaz. Bu, var-dövlətlə bağlı deyil, qəlbi böyükdürsə, sizdən heç nəyi əsirgəməyəcək.
Tam əmin olun: kişi bir qadını həqiqətən sevirsə onun üçün edə bilməyəcəyi şey yoxdu.
Nə alsa, nə sürpriz hazırlasa öyün, sevindiyinizi göstərin, hətta gərəksiz olsa belə, bildirməyin. Ardıcıl olaraq lazımsız şeylərə pul xərcləyirsə vaxt keçəndən sonra yumşaq şəkildə alternativlər təklif edin.
Qısqanclığını sizi günahkar və borclu çıxarmadan bildirirsə, çox normaldır. İnsan sevəndə sahiblənir. Amma kontrol edə bilmədiyi qısqanclığını sizə ədəbsizcə sərgiləyirsə, sizi daim narahat edirsə, həyat üçün təhlükəlidi.
Sizi günlərlə axtarmayan, işləriniz və dünyanızla maraqlanmayan kişidən yapışıb qalmayın.
Övladları ilə maraqlanmayan biri ilə ekstremal səbəb yoxdursa, münasibətə girməyin. Sizi və uşaqlarınızı nə gözlədiyi bəllidi.
Ayrılsaz mədəni münasibət saxlamağa çalışın, düşmən olmağa gərək yoxdu. Hətta onun çətin anında dəstəyinizi də əsirgəməyə bilərsiz. Böyüklüyünüz olar. Amma əsla ona geri dönməyin.
Heç bir kişini bataqlıqdan çıxarmağa ömür xərcləməyin, iradəli və ciddi xarakterli adama yanında olmanız yetər. Çıxmadısa çıxmayacaq.
Bu qədər cinsi, fiziki zorakılığa uğrayan qadın, qız uşağı varkən kişilər birləşib bir çarə axtarırlarmi? Amma bir qadın öz hüquqlarından danışsa çoxu dərhal ona qarşı birləşir, - "qadın necə olmalıdır?” mövzusunda geninə-boluna rahatca fikir yürüdür. Ona görə də heç bir qadına pislik etməyin və qadınlarla birlik olun.
Sağlam həyat yaşayan kişiləri seçsəz yaxşıdı - çox yeməyən, idmana meyilli və mütləq işgüzar. Sizə də motivasiya olacaq.
Mənən rahat olduğunuz sevgi dolu biri ilə qarşılaşmısızsa onunla dava və mübahisələrdən qaçın, həyatı gözəl yaşayın.
qadinkimi.com