Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Məhəmməd Faysal Hindistanın baş naziri Narendra Modinin Cammu və Kəşmir ştatında törədilən partlayışla bağlı Pakistana qarşı ittihamlarının əsassız olduğunu bəyan edib. "Heç bir təhqiqat aparmadan terror aktında digər ölkəni ittiham etmək məntiqə sığmır. Kəşmirdə törədilən bu vəhşiliyi qınayırıq və çoxsaylı insan tələfatı bizi də dərindən kədərləndirib. Eyni zamanda, biz Pakistana qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edirik”.
Hindistan rəsmilərinin ittihamlarına qadın senator Şerri Rəhman da cavab verib. AZƏRTAC Pakistanın "Daun” agentliyinə istinadla xəbər verir ki, N.Modinin hərbi polisin 45 əməkdaşının həlak olduğu terror aktına görə Pakistana sərt cavab veriləcəyi bəyanatını şərh edən senator bildirib ki, onun ölkəsi də uzun illərdir ki, terrorçu qruplaşmaların törətdikləri terror aktlarına məruz qalır. "İslamabadın sözügedən insidentdə heç bir marağı ola bilməz. Bu cür bəyanatlar Kəşmirdə onsuz da mürəkkəb olan vəziyyətin sabitləşməsinə kömək etmir.
Ekspertlər bildirirlər ki, bu terror aktından sonra Hindistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir N.Modinin rəhbərlik etdiyi milliyyətçi partiya sözügedən insidentin fonunda nüfuzunu gücləndirmək üçün qətiyyətli addımlar ata bilər. Bu isə, öz növbəsində, nüvə silahına malik olan iki ölkə arasında gərginliyin artmasına səbəb olacaq.