DƏB VƏ BAXIM
Qadın gözəlliyi dırnaqlardan başlayır Tarix : 28 Noyabr 2022, 12:50

Qadının əlləri onun yaşının, xarakterinin, özünə necə qulluq etdiyinin bir göstəricisidir. Bu məqalədə sizə sağlam və baxımlı dırnaqlara sahib olmağın üsullarından danışacağıq. 


Son dövrlərdə yuyucu maddələrin çoxalması, qadınların onlardan vaxtaşırı istifadə etməsi ilə əlaqədar olaraq əlin dərisi və dırnaqlar da korlanır. Çünki yuyucu maddələr dırnaqlara zərərli təsir göstərir; dırnaqlar nazikləşir və tez sınır (kövrək olur). Yadda saxlamaq lazımdır ki, dırnaqlar gün ərzində 0,1 mm böyüyür və bir dırnağın barmağın sərbəst kənarına qədər böyüməsi üçün 6 ay vaxt lazımdır. Zədələnmiş dırnaqlara qulluq üçün onlara yaxşı təsir göstərən vannalar qəbul edilməlidir. Dırnaq vannaları otaq temperaturunda bitki yağlarından hazırlanmalıdır. Bu zaman dırnaqlar 15 dəqiqə günəbaxan və ya zeytun yağında saxlanılmalıdır.  


Dırnaq üzərində çox vaxt "çiçəklənən xoşbəxtlik” adlanan ağ ləkələr görmək olar. Bu ləkələr əksər hallarda dırnağa təzyiq olduqda dırnaq plastikasının altına hava qabarcığının daxil olmasından yaranır ki, bunlar da sonradan ağ ləkə şəklində görünür. Dırnaq səthi üzərində daha çox təsadüf olunan dəyişikliklər içərisində köndələn və boylama şırımlarını göstərmək olar ki, bunlar da dırnaq yatağında olan hər hansı bir iltihabi proses nəticəsində əmələ gəlir. Dırnağa düzgün qulluq etdikdə ağ ləkələr kimi bu şırımlar da itib gedir. 


Dırnaqların möhkəmliyini təmin etmək üçün ilk növbədə qida rasionunu vitaminlərlə (xüsusilə də A və D) zənginləşdirmək lazımdır. Məsələ burasındadır ki, orqanizmdə hər hansı bir maddənin çatışmaması da dırnaqların qeyri - düzgün inkişafına səbəb olur. 


Siqaret çəkənlərin saralmış dırnaqları 3 faizli hidrogen - peroksid və ya limon şirəsinin təsirindən ağarır. Meyvə və tərəvəzin təmizlənməsi zamanı dırnaqlarda əmələ gələn qəhvəyi rəngi limon şirəsi və ya sirkə ilə təmizləmək olar. 


Sabunlu su ilə getməyən yağlı ləkələri aparmaq üçün (lak, maşın yağı və s.) xüsusi yuyucu vasitələrdən (Solsapon, Solveks və s.) istifadə edilməlidir. Mütəmadi qulluq olunan dırnaqlar laksız gözəldir. Lakin laka yalnız dırnaq bəzəyi kimi baxmaq düzgün deyil. Çünki lak dırnaq üçün əla qoruyucu vasitədir. Digər tərəfdən dırnaqları kövrək və nazik olan qadınlara lak və lak təmizləyici mayelərdən istifadə etmək məsləhət deyil, çünki onlar dırnağa susuzlaşdırıcı təsir göstərir. Lakin onların köməyi ilə həmçinin, pis qulluqla əlaqədar dırnaqda olan eyibləri örtmək də düzgün deyil. Əllərə və dırnaqlara sistemli şəkildə qulluq etmək lazımdır. 


Manikür - dırnaqların gündəlik təmizlənməsindən, pilkaların köməyi ilə müəyyən forma verilməsindən və dırnaq ətrafında inkişaf edən dəri hissəciklərini təmizləməkdən ibarətdir. Dəri hissəciklərini kəsmək məsləhət deyil, çünki kəsdikdən sonra o, daha sürətlə böyüyür. Bundan başqa dəri hissəciyi dırnaqlar üçün qoruyucu vasitə olub, onları iltihabi proseslərdən, infeksiya və zədədən qoruyur. Bu dırnaq baxımı əslində fərdi olaraq istəyə bağlı vaxt aralığında aparılır. Lakin gündəlik qulluqla yanaşı dırnaqları iki həftədən bir manikür etmək daha uyğundur. Bu, mümkün dırnaq deformasiyalarının qarşısını alır. 


qadınkimi.com