1995-ci ildə Heydər Əliyevin "Üzeyir musiqi gününün keçirilməsi haqqında” fərmanına əsasən hər il ölkəmizdə Milli Musiqi günləri keçirilir. Bu il də 18-26 sentyabrda Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı olacaq.
Festivala dünyanın müxtəlif ölkələrindən - ABŞ, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Cənubi Koreya, Qazaxıstan, Tatarıstan, Bolqarıstan, Gürcüstan, Macarıstan, Rusiya, Yaponiyadan solistlər, musiqi kollektivləri dəvət olunub. Ölkə üzrə müxtəlif şəhərlərdə baş tutacaq festivalda yerli musiqiçilər, sənət adamları da iştirak edəcək. Bir-birindən maraqlı musiqi nömrələri, Üzeyir bəy Hacıbəylinin əsərləri təqdim olunacaq.
Festival üç böyük proqram üzrə keçirilir: "Festivalın əsas proqramı”, "Üzeyir ənənəsinin sönməyən ulduzları”, ”Üzeyir sənətinin gənclik sədaları”.
2022-ci il Şuşanın 270 illiyinə təsadüf edir. Prezident İlham Əliyev 2022-ci ili "Şuşa ili” elan edib. Beynəlxalq festivalın əsas özəlliyi də onun "Şuşa ili”ndə baş tutmasıdır.
Heydər Əliyev fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə istedadlı pianoçu, bəstəkar Pikə xanım Axundovanın Şuşa ilinə həsr etdiyi "Qələbədir adın” monotamaşasının premyerası da yer alır.
Tamaşanın libretto müəllifi tanınmış şairə Kamalə xanım Abiyevadır. Nəzərə alsaq ki, ilk dəfədir ölkədə belə bir musiqili monotamaşa hazırlanıb əsərin yaranma tarixçəsi ilə bağlı yaradıcı xanımlardan məlumatlar almaq yerinə düşər:
Kamalə xanım, müharibə bitər-bitməz şəhidlərimiz haqda silsilə yazılar yazırsız. "Şuşa ili”nə yeni kitabınız nəşr olunub. Bu ikinci töhvənizdir. Bu haqda oxucularımıza məlumat verərdiz.
Azərbaycanın ağrılı tarixi həmişə ürəyimdə bir yük olub. Əsrlərlə torpaq itirmək bir xalq üçün, ölkə üçün, onun vətəndaşı üçün dözülməzdi. 2020-ci il İkinci savaşda qələbə qazandıq. Qurbansız savaş olmur. Amma bu oğullar ürəyimizdəki yükü xəfiflətdilər. O qədər hisslər yaşadım - ağrı-acı, göz yaşı, sevinc. Bunlar yaradıcılığa təsir etməyə bilməz ki! Şeirlər, esselər, kitablar yazılacaqdı təbii. Mən də yazmaq istəyirdim. Qalib Ali Baş Komandanımız 2022-ci ili "Şuşa ili” elan edəndə Şuşayla bağlı fərqli nəsə yaratmaq istəyirdim. Ötən ilin sonlarında yaradıcılığını çox sevdiyim Pikə Axundova ilə əyani tanış oldum. İllərdi bir-birimizi tanıyırıq kimi doğma münasibətimiz yarandı. İlin ilk günlərində zəng gəldi Pikə xanımdan. Şuşayla bağlı çox da böyük həcmli olmayan musiqili bir əsər yazmaq istədiyini bildirdi. İdeya əslində çox istedadlı ifaçı, Azərbaycanda yeganə kontratenor, 5 oktava səsə malik İlham Nəzərovun idi. İlhamı da ifalarından tanıyırdım. Heyran olmamaq mümkünsüzdü bu səsə. Çox sevindim. "Ürəyimi oxumusuz elə bil, Pikə xanım, neçə gündü bu fikir beynimdə dolanır” - dedim. O saat işə başladım. Bu, azad olunmuş torpaqlardı, Qarabağdı, Şuşadı, yazmaya bilməzsən.
Pikə xanım, bu qədər orijinal ideya münasibəti ilə hər üçünüzü təbrik edirik. İlham bəylə bu haqda necə və nə zaman danışdız, ideyanı sizə nə zaman bildirdi?
Təbrik üçün sağ olun. Həqiqətən bu əsər uzun və gərgin günlərin bəhrəsidir. Ötən ilin son günündə yeni il təbrikində prezident növbəti ili Şuşa ili elan etdi. İlin ilk günündə İlham Nəzərov Şuşayla bağlı monotamaşa ideyasını mənlə bölüşdü. Bir neçə obrazlı tamaşada müxtəlif obrazları yalnız bir ifaçı səsləndirir. Partiyalar fərqli olsa da İlham bəyin səs imkanları tamaşanın uğurlu alınacağına əminlik yaradırdı. Mən məmnuniyyətlə bu işi öhdəmə götürdüm, ideyanı çox bəyəndim. Əsas məsələ libretto ilə bağlı idi. Kimə müraciət edək?-sualı vardı. Mən İlhama yaxınlarda Kamalə xanımla tanış olduğumu dedim. Əslində, cəsarət etmirdim də. Onunla işləmək mənim üçün qürurvericidi. Yaradıcılığını çox sevirəm. Mahnı mətnləri onun böyüklüyünü duymağa kifayətdir. Düşündük ki, fikrimizi, istədiyimizi ancaq Kamalə xanım hiss edə bilər. Zəng etdim ona. Böyük ürək sahibidir. Heç düşünmədi də, "ürəyimi oxumusuz elə bil” dedi. Tam səmimi qeyd edim ki, sözlər o qədər gözəl idi, musiqini duydum sözlərdə. Müharibə başlayandan yaşadığım bütün hissləri bu tamaşa üzərində işləyərkən təkrar yaşadım.
İlham bəy, bu qeyri-adi ideyanın yaranması və tamaşanın xüsusiyyəti barədə oxucularımıza qısaca məlumat versəz, şad olarıq.
Bu ideya Şuşa ili elan ediləndən sonra ağlıma gəldi. Artıq beynimdə xarı bülbül, qəhrəman, əsgər, ana, düşmən və Şuşa obrazı ayrıca canlanmışdı. Bu, müzikl bizim səhnə üçün yenidir. İlk dəfədir ki, bir tamaşada bir neçə partituranı eyni ifaçı səsləndirir və əsər bir neçə səs tembri üçün yazılır. Burada fərqli obrazlar var. Dramatik bariton, lirik bariton, soprano, mezzo-soprano və s. üçün partiyalar var. Bəstəkar bir neçə janra müraciət edib: akademik vokal ifaçılığı, meyxana, mahnı və başqa janrlar. Sözlərlə musiqinin uyğunluğu isə tamaşaya mükəmməl şəkildə yansıyıb.
Qeyd edək ki, tamaşa 21 sentyabr saat 17:00 Beynəlxalq Muğam Mərkəzində təqdim ediləcək. Azərbaycanın sabahı – gələcəyin rəmzi kimi yaradılan şəhid övladı obrazının partiyasını isə İlham Nəzərovun oğlu 7 yaşlı Səid Nəzərli səsləndirəcək.
Hazırladı: Ayan, Qadinkimi.com üçün