YAZI / DÜŞÜNCƏ
Park Bulvarda dar şalvarlı gənclik - Flora Hüseynova yazır Tarix : 18 Aprel 2022, 14:06
Yazar : Flora Hüseynova

 

Müharibə dövründə və ondan sonra bir çoxlarımız gənclərimiz haqqında yanlış fikirdə olduğumuzu şifahi, yazılı dilə gətirdik. Bu dar şalvarlı, uzun saçlı, arıq, çəlimsiz oğlanlar - Azərbaycan gəncliyi bunlardı? Vətənin gələcəyi bunlardı? Bunlardan nə əsgər olacaq? Heç kim dana bilməz ki, bu fikirləri dönə-dönə sosial şəbəkələrdə, söhbətlərdə hamımız eşitmişik. Hamı eşidirdi, təkcə o gənclərdən başqa. Onlar deyirdilər, gülürdülər, dar şalvar geyinib, saçlarını uzadıb, yolda, metroda bərkdən danışıb-gülüb həyatlarını yaşayırdılar. Çoxumuz onların ictimai yerlərdə deyib gülməklərinə çönüb tərs-tərs baxmışıq, qınamışıq, hələ bir "utanmırlar da" demişik, amma onlar məhəl qoymayıblar. Bilirsiniz niyə? Çünki onlar gənc idilər, cavan idilər, pis heç nə etmədiklərini bilirdilər. Bəli, keçmiş zamanda yazdım...ona görə ki, onların çoxu artıq bu həyatda yoxdu.

 

 

Dedilər, güldülər...və Vətənin dar günündə dar şalvarları əsgər şalvarı ilə əvəz edib, uzun saçlarını kəsdirib müharibəyə yollandılar. Həvəslə, könüllü, tərəddüd etmədən Vətəni qorumağa, torpaqlarımızı azad etməyə, çoxdan sınmış qürurumuzu, əyilmiş qəddimizi düzəltməyə getdilər... Canlarını qurban verdilər ki, başımız uca olsun.

 


Unutmayaq ki, o gəncləri bu xalqın ata-anaları böyütmüşdü. Deməli, onları ləyaqətlə, vətən sevgisi ilə böyüdə bilmişdilər. Bizim güvənə bildiyimiz, vətənin dar günündə sinələrini sipər edə biləcək gənclərimiz hər zaman olacaq.

 


Bu arada həmin gənclərin bir çoxu dünən Park Bulvarda olanların içində idi. Sosial şəbəkədə bəziləri o görüntüləri paylaşıb, orada olan gəncləri ən axırıncı ifadələrlə təhqir etdi, alçaltdı. Bəlkə də statusları paylaşanların əksəriyyətinin yaxınları da orda olub. Əgər "yox" deyəcəksinizsə, belə çıxır ki, o qədər gənci hardansa gətirib Park Bulvara yığıblar?

 


Onlar hər birimizin evindən səhər dərsə, işə, gəzməyə çıxıb gedən gənclərdi. Oğurluğa, kiməsə sataşmağa, kimisə alçaltmağa getməyiblər. Cavandılar, sevdikləri blogeri görmək, onun verdiyi hədiyyədən yararlanmaq istəyiblər. Mən əminliklə deyə bilərəm ki, orada olan gənclərin çoxunda elə o yüksək markalı telefondan vardı. Avropadan, onun üstünlüklərindən danışanlar belə halların Avropada da yaşandığını bilmir?

 


Gənclərin maraq dairələri var, buna görə onları təhqir edib, sanki başqa planetdən gəlmiş varlıqlar kimi münasibət göstərmək nəyə lazımdı ki? Müharibədə şəhid olmuş əsgərlərimizin ailələri ilə, qazi olmuş gənclərimizlə söhbət edin, danışın, dinləyin, görəcəksiniz ki, onlar da belə sadə Azərbaycan gənclərinin arasından çıxıb. Onlar haqqında kiçicik də olsa post paylaşanda ailələri çox sevinirlər, bunu edin, dəstək olmuş olarsınız onlara.

 

 

Qaldı ki, Park Bulvarda yaşananlara, bunu özünüzə elə də böyük dərd etməyin, çünki dərd olunası bir problem deyil. Biri hətta orada olan gənclərin hamısını qırmaq, ya da aparıb Suriyaya tökmək lazımdı deyə yazmışdı. Məncə bu düşüncədə, bu təfəkkürdə olan insanlar daha qorxuludurlar, psixoloqa müraciət etməlidirlər. Tələsməyin. Hələ o gənclər Azərbaycan xalqına çox lazım olacaq.

 


Azərbaycan bayrağını dünyada yüksəklərə qaldıracaq, Azərbaycan incəsənətini dünyaya sevdirəcək gənclər var onların arasında. Dünya şöhrətli pianoçu İsfar Sarabski kimi, məşhur tarzən Şəhriyar İmanov kimi, musiqimizin bir çox sahəsini dünyaya tanıdan Növrəsli qardaşları kimi, idmanımızı olimpiya medalı ilə tanıdan Elnur Məmmədli, Elmar Qasımov, Toğrul Əsgərov, Kamran Şahsuvarlı kimi, eyni anda dünyanın 7 nüfuzlu universitetinə qəbul olan Reyhan Camalaova kimi çox gəncimiz var onların arasında.

 


Və ən əsası da şəhid olan 3000 azərbaycanlı əsgərinin davamçıları var. Onlar bizimdilər. Sevinməyə, sevilməyə, nəyəsə maraq göstərməyə haqları var, buna görə əlimizə qılınc alıb asıb-kəsməyək.

 


Sevək öz gənclərimizi - səhvləri ilə, düzləri ilə... Sevgimizi əsirgəməyək ki, onlar da sabah vətəni qorumağa gedəndə, canlarını əsirgəməyəndə etdiyimiz haqsızlığa görə vicdanımız bizi gizlində didib parçalamasın.


 

Flora Hüseynova

Qadinkimi saytı üçün