İkinci Qarabağ müharibəsindən sonra hər birimiz bu dəhşətin bir də yaşanmayacağına ümid edirdik.
İnanmasaq da ümid edirdik. Müharibə bitsə də onun açdığı yaralar bitmir - onun yarımçıq qoyduğu talelər - atasız qalan uşaqlar, oğulsuz qalan ata-analar, qardaşsız qalan bacı-qardaşlar və heç zaman vüsala çatmayacaq yarımçıq sevgilər…
Və bir də azad etdikləri torpaqları heç vaxt görə bilməyəcək, orda bitən xarı bülbülü dərə bilməyəcək, Qarabağımızın gözəlliklərini görə bilməyəcək, o torpaqlara ayaq basa bilməyəcək dünya işığına həsrət qalan, əllərini, ayaqlarını itirən qazilərimiz…
Müharibə azad olunan torpaqlarla bərabər bizə bu ağrı-acıları da verdi. Bu elə bir ağrı-acıdır ki, şəhidlərin, qazilərin, onların ailələrinin taleyinə ürəyi ağrımayan, göz yaşı tökməyən az adam tapılar.
Bunu əminliklə deyirəm.
Və bir həftə əvvəl eyni dəhşəti xalqımız yenə yaşadı. Yenə şəhidlərimiz, qazilərimiz var. İnsanların münasibətinə baxıram. Ağrı, acı o qədər böyükdür ki, günahkar axtarırıq - hamımız.
Kimsə bu sözü dedi, kimsə heç nə demədi...
Əslinə qalanda millətimizin psixologiyası da çox ağır zərbələr aldı. Bu, müharibənin fəsadlarıdı. İstəsək də, istəməsək də dəli olan da olacaq, intihar edən də.
İnsan sinirinin də bir sərhədi var. O, sərhəd keçiləndə nələr olacağını təsəvvür etmək çox çətindir.
Gəlin aramızda düşmən axtarmayaq - bizim düşmənimiz bəllidir.
Gəlin aramızda günahkar axtarmayaq – günahkar müharibədir.
Hamı eyni düşüncədə deyil. Amma bu hamı bizik, bizim xalqımızdır - alimi də, fəhləsi də, qocası da, uşağı da.
Ən azından birlik olub torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin ruhuna hörmət olaraq…
Onlar biz birlik olaq deyə şəhid oldular. Bacardıqca anlayış göstərək bir-birimizə.
Bu gün hərəkətini, sözünü bəyənmədiyimiz, hardasa xoşumuza gəlməyən bir paylaşım edən gənc sabah torpaqlarımızı qoruyan əsgərdir, şəhiddir, qazidir.
Bu gün hansısa sözünü hərəkətini bəyənmədiyimiz qadın, qız, sabahkı əsgərlərin anasıdır, həyat yoldaşıdır.
Bir-birimizi sevmək üçün hamımız ölməliyikmi?
Belə çıxır ki, biz ancaq ölənlərimizi sevə bilirik?
Buna inanmaq istəmirəm. Çox adam susur, mən də susdum bir xeyli. Susanlar laqeyd olanlar deyil, susanlar kimsənin xətrinə dəymək istəməyənlərdi, olanları daha yaxşı görənlər adətən daha çox susanlardı.
Mən xalqımızın, millətimizin humanistliyinə sığınıram. Onsuz da hamımız üçün ağırdı. Bu ağırlığı bir-birimizi ittiham edərək daha da ağırlaşdırmayaq.
Hamı səhv edə bilər, səhv etmək vətən xaini olmaq deyil.
Əzizlərim, gəlin dirilərimizi də şəhidlərimiz qədər sevək.
Kim bilir bizi sabah nə gözləyir?..
Flora Hüseynova
qadinkimi.com