
Kitabının təqdimatı idi. Zalın qadınla dolu olmasına çox sevindim. Və mövzuya da bu cür başladım: Nə yaxşı çoxuq. Bizi qınayırlar, serialdan başqa heç nəylə maraqlanmırsınız, - deyirlər. Biz xalq doğuruq, xalq yetişdiririk, ona görə də hər şeylə maraqlanmağımız, əhatəli olmağımız gərəkdir ki, uşaqlara ötürə bilək. Cəmiyyət daha çox bizim əsərimizdir. Əsərin müəllifi peşəkar olmasa, yaxşı nəsə yarada bilməz. Qadını elmdə, siyasətdə, mədəniyyətdə, hətta futbolda görmək ölkəni dünyada görməyə bərabərdir. Qadını geridə olan cəmiyyət dünyəviləşmir, hər gün geriyə qayıdır, irəlisi olmur, sabahı olmur. Esmira xanımın çiyninə götürdüyü iş də bir qadının çiyinləri üçün dünya boydadır. Önəmi və qüruru bəşəridir. Güney Azərbaycan onun planıdır, hədəfidir, israrıdır. Davamlı işlədiyi mövzudur.
Xalqların etnik sıxışdırma mövzusunda üç cür yanaşması olur. Bir, bütün günü "bizi əzdilər, bizi incitdilər" deyib yazıqlanan xalq, məsələn, qonşularımız kimi. İki, tarixi acısını qürurla, faktlarla danışıb tanıdan və elmi araşdırmalar edən xalq, bir də elmini, iqtisadi gücünü artırıb söz sahibinə çevrilməyə çalışan xalq, məsələn, yahudilər kimi. Onlar hörmət və güc əldə etmək üçün elmlərini inkişaf etdirib və çox pul qazanmağa çalışıblar. Biz indi ikinci ilə üçüncü arasındayıq, həm elmi arqumentlərə söykənirik, həm də güclənirik.
Esmira xanım kitabında Azərbaycanın taleyində üç nöqtə kimi qalan üç ayrılıq müqaviləsini şərh edir, tədbirdə Əntiqə xanımın dediyi kimi, güneylilərin dil qaçqınlığından yazır. Biz burada övladlarımıza ərəb adları qoyduğumuz vaxtda, Güney azərbaycanlısı qızına Türkan adı qoymaq üçün məhkəmələri gəzir. Yasaqları, əngəlləri yarmağa çalışır. Və bunlar təkcə azərbaycanlının, türkün yox, bütün dünyanın oxumalı olduğu həyat hekayəsidir. Bu səbəbdən də kitabın həm də ingiliscə çıxması (Southern Azerbaijan in the discourse of ethnocultural values) səsimizin yayılma dalğasıdır. "Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda" kitabı ana kitablardan biri olacaq qədər fundamental əsərdir.
Bir neçə qadın tipi olur, ana qadın, bacı qadın, rəqib qadın, dost qadın. Esmira xanım dost qadındır. Mənim üçün həm dost, həm də mənəvi ana qadındır. Və bu dost qadın bütün Güneyin və bütöv Azərbaycanın dostudur. Mən ona baxanda ucsuz-bucaqsız bir Azərbaycan görürəm...