Gərgin keçdi cəmiyyətin yazqabağı günləri. Dilemma qarşısında idi sanki. Meyxana olsunmu- olmasınmı? Mirzə Cəlil olsunmu-olmasınmı?
Əgər varsa – bu suallar nədən? Özümüzə nəyisə sübut etməkmi istəyirik? İnkar etməklə bir sehrli çubuqla yoxa çıxacaqmı? Təsdiq etməklə hamı sevəcəkmi? Belə deyil axı... İnam itib, yoxdu... İnterpolun qırmızı bülleteniylə aranmalıdı...Və kimsə özünə bir balaca dünya yaradıb orda yaşamaq, hamıdan uzaqlaşmaq istəyirsə, necə edək?
Təəssüf, bizi bir-birimizə yaxınlaşdıran, nəyinsə qırılmasına günahkar saya biləcəyimiz konkret kimsə yoxdur. XXI əsrin başlanğıcında yaşayırıq, böyük kəşflərin nailiyyətlərindən istifadə edirik. Azdan-çoxdan nəyisə də anlamağı bacarırıq. Anlamağına anlayırıq, amma hissiyyatımız ölür, hiss eləməyi unuduruq. Deyək ki, gözümüzün qabağında kimsə yıxılır. Anlayırıq ki, həmin o yıxılan ayaq altda qalıb əziləcək. Anlayırıq ki, əl uzadıb yardım eləməsək, bəlkə sonu olacaq. Anlayırıq, amma laqeyd, biganə ötüb keçirik. Çünki şüurumuz olsa da hisslərimiz yoxalıb, ürəyimiz daşa dönüb.
Hər gün gördüyümüz, rastlaşdığımız bir mənzərə. Ətrafda bu qədər gözəllik varkən, düşüncəyə nə hacət? Dedi-qodu, şou, qarderoblar, ev-eşiklər, savaşmalar. Həyatımızın ən böyük savaşı da elə bu savaşlardır – artist siyasətçilərin, siyasətçi artistlərin. İncə qəlbinizin sarı siminə toxunub bu şadyanalığın içində sizə düşünməyi xatırlatmaq əlbəttə, günahdı. Yada salsın ya yox, hər kəsin öz vicdanına qalacaq. Amma bu vicdan məsələsi də çox qəlizdi. Hər kəsdə var, ya yox, onu da bilmirəm.
Dönüb ətrafına baxırsan, gördüyün nədir? Didişmələr, dartışmalar, yalançı bəh-bəhlər, boğazdan yuxarı cəh-cəhlər. Ağzından çıxan, həqiqətə bir balaca uyğun gələn söz insan adlanan yırtıcıları qaldırır üstünə. Ya da qərara gəlirsən ki, dinib-danışmayacaqsan. Yenə olmur. Əzib tapdalayırlar. Belə olanda Qoqen kimi Taiti tapıb ora qaçmaq həvəsinə düşürsən. Onda da xatırlayırsan ki, ekzotik adalara getmək məziyyəti də ağalara məxsusdur. Bu fikirdən də vaz keçirsən. İnsanlarla danışıb dil tapmaq da olmur, onlardan qaçmaq imkanı da yoxdur. Qalır nə? Gerçəklikdən uzaqlaşmaq üçün hərə cürbəcür vasitə tapır. İçki şüşəsindən tutmuş, ovçuluğa qədər hər şey mümkündür. Ancaq bu halda da problemlər meydana çıxacaq. İçkilərin hansı məhsullardan hazırlandığı böyük sual altındadır, tez-tez zəhərlənmələr olur, ovçuluğu da nəyəsə görə məhdudlaşdırıblar. Quşlara da təzə ad verdilər...
Hər dəfə il başlayanda münəccimlər proqnoz verirlər – gələn il ruzili-bərəkətli olacaq!!! Kimin üçün onu demirlər... Məlumdu zatən... Dava-dalaş sarıdan bərəkətli olur hər ilimiz... Yalan sarıdan xəzinə lap doludu...Və bu yalanları təsdiq edib tarixə salmaq ənənəmiz də var...
***
... Abbas Mirzə yeniliklərə meylli şahzadə olub - vəliəhd şahzadə, amma şah olmağa qoymayıblar. Əminə Pakrəvan isimli bir müəllifin "Abbas Mirzə və Azərbaycan" adlı çox maraqlı bir kitabı var. Mən bir dəfə bu barədə yazmışam, təkrara lüzum görmürəm. Köhnələri bütə çevirənlər onun şahlığından qorxublar. Əgər köhnədən qalan hər bir nəsnə doğrudursa, müqəddəsdirsə bu da Abbas Mirzənin oğlunun yazdıqları: "Şah Abbas daima intriqaya, biclik və kələyə adət etmişdi. O, heç vaxt düşmənlə üz-üzə müharibə etmirdi. Həmişə düşmənə hücum etməklə onları cana yığıb hiylə ilə zəfər çalırdı. Ona tabe olan İran və sair məmləkətlərin böyüklərinin çoxunu hiylə ilə aradan götürürdü. Bəzən birisinə tapşırırdı ki, məst olan zaman filan vəzifə sahibini xəncərlə vursun və bəzən də təhrik edirdi ki, keçən zaman filankəsə bir zərbə vursun. Bəzən tapşırırdı ki, filankəsi hündür imarətin üstündə dayanarkən yanları ilə vurub yerə salsınlar. Bəzən də yemək-içməyə öldürücü zəhər qatdırıb bir kimsəyə verdirirdi. Ömrünü əsasən, eyş-işrətdə keçirmiş, biçarə və bigünahların qanını tökməkdən zövq almışdı".
Tarix hər zaman olanları xatırlayır, sadəcə tarixçilər çox zaman yalan danışırlar. İsgəndər Münşinin xələfləri bu gün də var. Biz, əlbəttə, olmuşuq - amma kimin və nəyin hesabına? Söz və fikir tariximizin. Yaxşı ki, bu tarixi şairlər özləri yazıblar. Yenə o fikri təkrar edirəm ki, bizdə bütün hadisələri ədəbiyyat yönləndirib, bütün tarixləri ədəbiyyat birləşdirib. Və mən tariximizdə Nəsimidən böyük qüdrət tanımıram. Janna Darkı mühakimə edən katolik kilsəsi həm ona, həm də tonqallarda yandırılmış yüz minlərlə günahsızın ölümünə görə üzr istədi. Bəs, Nəsiminin qətlinin günahını kim yuyacaq?
Söz adamları ki var onlar hər zaman həqiqəti söyləyiblər, tariximizi də olduğu kimi görüblər. Yuxarıda nümunə gətirdiyim parçanın müəllifi Abbas Mirzə Qacarın oğlu Bəhmən Mirzə Qacar idi. Qardaşının qorxusundan İrandan qaçanda, rus çarına sığınanda "Şükürnameyi-Şahənşahi" adlandırdığı bir əsər yazmışdı. İran-Turan tarixindəki sərkərdələrin nə qədər vəhşi olduğunu söyləmişdi və əsərini rus çarına tərifnamələr yağdıraraq belə bitirmişdi: "Ey Rusiya məmləkəti əhalisi! Ümumilikdə, ey Qafqaz əhalisi, rüzgarın keçən möhnətlərini təsəvvür edin ki, sizin atalarınız qabaqkı hökmdarlardan nələr çəkmişlər?! Və bu təmiz zəmanənin intihasını görün ki, sizin hamınız əbədi olan bu dövlətin himayəsində hər halda asudə və aramsınız. İstədiyiniz vilayətdə hər cürə ticarət etmək üçün qapılar üzünüzə açıqdı, hər vilayətdə tərəqqi və tərbiyə tədarükü görünür. Ordu rüsumu vaxtında və vədəsində hazır olur, işləyənlərin maaşları vaxtında hazırlanıb verilir. Mənsəb və nişan onun-bunun vasitəçiliyi ilə deyil, xidmətə görə verilir. Heç bir kəsə ixtiyar verilməmişdir ki, başqa birisinə zülm etsin. Nə adam öldürmək var, nə birisinin əzasını kəsmək. Nə bir kəsdən cərimə almaq var, nə də bir şəxsin malını zəbt etmək. Bu, böyük nemətdir ki, Allah sizə bəxş etmişdir. Və sonsuz lütufdur ki, kəramət buyurmuşdur. Ona görə də bu nemətə şükr etməyi vacib sayın və bu əmin-amanlığı yaxşılq kimi qəbul edin. Əlahəzrət şahənşahı - əzimin vücuduna həmişə dua edin. Allahdan dövlətin dayağının əbədi və birliyimizin davamlı olmasını arzulayın".
Bu da bizim tarix salnamələrimiz. Kimə inanaq? Açarları tez-tez əl dəyişdirir. Ədəbiyyatımıza ... Burda həqiqətin gözünə dik baxmağı bacarıblar. Həqiqəti görə bilmək bacarığı isə gözüqıpıqlıq yaratmır. Və "milli ağlaş" psixologiyasını da ədəbiyyat yox, ziyalılar yox, yalançı tarix yaradıb. Bir sözü deyirik, beşin demirik. Yarımçıq nəsə gəlir ortalığa. 31 mart Soyqırım günündə çalışdığımız yerdə bununla bağlı tədbirlər keçirib bir xeyli kədərlənirik. Kədər də başqa rübənd geyinib...
***
Deni de Vitonun çəkildiyi maraqlı bir film var – "Renessans dövrünün adamı”. İşsiz qalan Billi orduda yeni təlim görməyə başlamış əsgərlərə ədəbiyyat dərsi deyir. Özü heç vaxt müəllimlik də etməyib – təcrübəsi yoxdu. Çox əziyyət çəkir. Bir gün Şekspirin kitabın gətirir dərsə – gənclər bu kitabda nə yazıldığın soruşurlar. Və Billi anlatmağa başlayır. Maraq doğurması üçün isə xülasəni belə verir – "Hamlet” əsəri qətl, insest, seks, sevgi haqqındadı. Gənclərin həyatı Şekspirlə dəyişir. Pyesdəki şeirləri rep formasına salıb əzbərləyirlər. Obrazları öz gördükləri, tanıdıqları yaxınları ilə müqayisə edirlər. Əvvəlcə soruşurlar – biz bunu öyrənsək noolacaq? Maşın açarı verəcəklər? Evimiz olacaq? Pulumuz çoxalacaq? Müəllim cavab verir – minib gedəcəyiniz, xərcləyəcəyiniz, içində yaşayacağınız heç nə. Hətta gözlə görə biləcəyiniz bir şey də olmayacaq. Amma (əlini ürəyinin üstünə qoyur) ruhunuz olacaq!!! Və izah edir onlara – "Danimarka krallığında hər şey çürüyüb” ifadəsin...
***
Hərə bir ulduz, bir bürc altında doğulub, hərənin öz hami planetləri, daşları, xoş günləri və saatları var. Yəni indi kimsə gedib münnəcimlərin yaxasından yapışmaq istəsə ki, "bəs noldu, gözəl günlər vəd eləmişdiniz". Onlar qayıdıb sizə deyə bilərlər ki, "atam, konkret sənə nəsə demişdim? Yox! Onda məndən nə istəyirsən? Ruzi-bərəkət bir qrup adam üçündür. Allah yazanda kiməsə belə yazır, kiməsə elə. Mənim günahım nədir?" Yəni mən təxminən belə bir dialoqun olacağını fikirləşirəm. Çünki indi bizim məmləkətdə çox adamlar falçıların, cadugarların, münəccimlərin xidmətindən istifadə edir. Yəqin ki, yuxarı dairələrin də öz Rasputinləri olmamış deyil. Görünür, vəzifə böyüdükcə falçıların Allahın nüfuz dairəsinə girmək şansı da böyüyür. Yoxsa, bütün bu olub-keçənlərə ayrı bir izah vermək olmur. Ümumiyyətlə, bizim cəmiyyətimizin inkişaf sxemi, planı hansı formasiyaların, rejimlərin modeli əsasında qurulub, biz hansı qanunlarla idarə olunuruq? Maraqlıdı, deyilmi?
***
Aclığı zindana atmaq olmur. Hələ ruh aclığını heç olmur…
***
Dünyanı yaradan mütləq qüvvənin iş prinsipinə ötəri bir nəzər salaq. Allah təbiəti xəlq eləyəndə yəqin ki, qarşısına müəyyən bir məqsəd, plan, konsepsiya qoyubmuş. Çünki bu dünyada heç nə təsadüfən, elə belədən, heç nədən yaranmayıb, nəyəsə xidmət edir. Hər şeyin bir başlanğıcı, bir sonu var. Təbiət bütünlükdə qanunlara tabedir və qanunlarla idarə olunur. Fizikadan öyrəndiklərimiz yadınızdadırsa, burda istisnalar yoxdur. Yəni hər hansı bir çay başlanğıcını hər hansı bir dağdan götürürsə, müəyyən bir məsafəni keçib qollara ayrılırsa, sonunda hər hansı bir dənizə tökülürsə, heç nə bu düzəni poza bilməz. Düzdür, bəzən insanlar təbiətə düzəlişlər eləmək istəyirlər. Amma bunun nəticəsi ekoloji fəlakət olur.
Əsas rəhbər lap yuxarıda oturub dünyanı öz qanunlarıyla idarə edir. Onun da öz nazirləri - mələkləri var, göstərişlərini yerinə yetirirlər. Yəqin ki, hər hansı bir qərar qəbul olunanda hamısı yığışır bir yerə, məsləhət-məşvərət eləyirlər – hamı eyni qərara qol qoyur. Təsəvvür eləyək ki, Allah kiminsə taleyini yazır - xoş yazır. Və mələklərdən biri etirazını bildirir, bu qərarı dəstəkləmir. Ya da hansısa bir ölkədə zəlzələ olmalıdır, Əzrayıl da öz işindən imtina edir, əcəli çatanlarla məşğul olmur. Nəticə nə olar? Aləm dəyər bir-birinə. İndiyə qədər yalnız şeytan Allahın sözündən çıxıb. Ona da indiyə qədər lənət oxuyuruq. Orda, yuxarıda hər şey dəqiq hesablanıb, hər şey planlaşdırılıb - sadədən mürəkkəbə doğru inkişaf, təkamül. Əgər hər şey Allahın hökmü ilə olursa, bizə göndərilmiş bu hökumət üzvləri də onun təyinatı ilə böyük-böyük kürsülərdə oturublarsa, deməli, hələ ki təkamül prosesi davam edir. Hansı fazadadı, özünüz fikirləşin....Bizim ehtiyacımız nəyədir - "bəy tərifi" deyən adamların hazırlanmağına, yoxsa güzəranımızı düzəldəcək adamların hazırlanmağına?
Dediyim nədir... Biz onsuz da hər şeyə öyrəncəliyik. Neçə illərdir xoş gələcək arzularıyla yaşayırıq, vəd eləyirlər gəlib çıxmır. Amma o vaxt vədlərin, yalanların məzmunları eyni olurdu. Bir qələmin məhsulu. Biz də yeyirdik. İndi də yeyirik, çarəmiz nədir? Amma iyrənə-iyrənə, çimçəşə-çimçəşə. Bir gün qaytara da bilərik. Eyni bir xörəyi yeddi-səkkiz aşpaz bişirəndə dadı-duzu olmur. Çömçə bir əldə olmalıdır.
Hər hansı bir orqanizmi baş idarə eləyir. Ürək böyrəklə, dalaq qara ciyərlə, mədə bağırsaqlarla yola getmirsə, demək, beyində nəsə proseslər gedir. Baş nazir meşəyə cirə qoyursa, qol-qanad nazirlər başqa iddiadadırlarsa - demək, kardinal dəyişikliklərə ehtiyac var. Model üçün də dağa-daşa düşmək lazım deyil. Yuxarıda oturub bizi yaradanın iş prinsipləri ilə yaxından tanış olmaq lazımdır. Allah şeytana lənət eləsin!
P.S Şekspir İngiltərəyə aid sözlərini "Danimarka krallığında hər şey çürüyüb " kimi təqdim edirdi. Məlum – o vaxt demokratiya yox idi...
P.P.S Demokrasilərdə çarələr tükənməz...
Iradə Tuncay
adalet.az