BURA / ORA
Nikola Teslanın 15 yaşlı azərbaycanlı davamçısı: Həyatımda hər şey dəyişib Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Publika.az-ın qonağı gənc startapçı, "Reynerci” layihəsinin müəllifi, 8-ci "Qlobal Sahibkarlıq Sammiti”nin ən gənc qadın iştirakçısı, "Forbes” jurnalında dərc olunan ilk azərbaycanlı, qısa zamanda dünyanın və ABŞ prezidentinin qızı İvanka Trampın diqqətini özünə çəkən doqquzuncu sinif şagirdi Reyhan Camalovadır.
 


- Xoş gördük, Reyhan. Səninlə görüşmək təsadüfi alınsa da, kitabların evində görüşmək elə də təəccüblü deyil. Bizə kəşfindən danış.

- Kiçik yaşlarımdan elmə, yeniliklərə, kəşflərə böyük marağım olub. Həmişə kitablar, sənədli filmlər və başqa vasitələrlə axtarışda olmuşam. 2017-c ilin yay aylarında məndə bir alimin həyatına maraq yarandı. Bu da dünyanın ən məşhur alimlərindən biri Nikola Tesla idi. Onun həyatını araşdırdıqca çox şeylər öyrəndim. Məsələn, hidroelektrik stansiyalarının təməlini məhz Tesla qoyub. O, həyatı boyu insanlığa faydalı bir fərd olmaq üçün çalışıb. Onun ən böyük məqsədlərindən biri də dünyanı limitsiz işıqlandırmaq olub. Ancaq nədənsə, onun bu məqsədi yarımçıq qalıb. Mən də bununla bağlı araşdırmalar etdim. Və qərara gəldim ki, həyatda ən böyük məqsədlərimdən biri olan Teslanın davamçısı olmaq üçün yaxşı bir fürsət əldə etmişəm. Bu fürsəti də "Reynerci” (Rainergy) layihəsinə çevirdim. Fikirləşdim ki, insanlar bu zamana qədər Günəşdən, küləkdən, dalğadan və bu kimi bir çox enerji mənbələrindən enerji ala bilib. Araşdırmalar əsnasında yağışdan enerji almaq kimi bir anlayışa rast gəlmədim. Düşündüm ki, niyə də olmasın?



- Bu fikri necə ixtira halına gətirdin?

- Ötən il məktəbimizdə Azərbaycanda ilk dəfə "ClimateLaunchpad” yarışması keçirildi. Bu yarışma dünyanın ən böyük yaşıl biznes-ideya müsabiqəsidir. Bu da məni ilhamlandırdı. İdeya var idi və bu ideyanı üzə çıxarmaqda məhz bu yarışma kömək oldu. Mən və sinif yoldaşım komanda şəklində iştirak etmək üçün yarışmada qeydiyyatdan keçdik və üç ay boyunca ideya üzərində hərtərəfli işlədik. İdeya mərhələsindən prototip mərhələsinə gəlib çıxdıq. 14 yaşlı bir şagird kimi biznes haqqında heç bir şey bilmirdik, amma orada yaxşı təcrübə topladıq. Bununla yanaşı, "Auditoriyanın Favorit Startapı" adını qazandıq. Daha sonra "Yeni fikir” adlı layihə yarışmasında da iştirak etmişik və 148 layihədən 10 ən yaxşısı seçilmişdi ki, onların içində bizim də layihəmiz var idi. Orada öz yaşımız qədər təcrübəsi olan iştirakçılarla yarışırdıq. Bu yarışmalardan sonra bir çox beynəlxalq yarış və sammitlərdən qeydiyyatdan keçməyə başladım. Bunlardan da biri "Qlobal Sahibkarlıq Sammiti” idi. Düzü, qeydiyyatdan keçəndə ümidim yox idi qəbul ediləcəyimə. Çünki yaş həddi on səkkizdən başlayırdı. Mənimsə 15 yaşım var idi. Buna baxmayaraq, özümü sınamaq üçün cəhd etdim və uğurlu alındı. Möhtəşəm sammit idi. Onu da nəzərinizə çatdırım ki, bu sammit dünyada səkkizinci dəfə, Hindistanda təşkil edilirdi. Yüz əlli ölkədən min beş yüzdən çox sahibkar, üç yüzdən çox investor, ekosistemçi iştirak edirdi. Sammitə İvanka Tramp və Narenda Mondi başçılıq edirdi. Açılış mərasimində İvanka Tramp min beş yüz sahibkardan üçünün adını çəkməli idi. Dediyim kimi, sammitdə iştirakım istisnalarla baş tutmuşdu. Sənədlərim bir neçə dəfə Vaşinqtona göndərildi. Yaşımın azlığı onun diqqətini çəkmişdi. Sammit qadınlara həsr olunmuşdu, ən gənc iştirakçı da mən idim. Yəqin ona görə daha çox diqqətini cəlb etmişəm. Sammitin başlamasından iki saat əvvəl xəbərim oldu ki, İvanka Tramp mənim adımı çəkəcək. Əlbəttə, qürurverici hiss idi. Ölkəmin dünyada tanınmasına kiçik bir töhfə vermişəmsə, xoşbəxtəm.



- Sammitdən geri qayıdandan sonra həyatında nələr dəyişdi?

- Çox şey. Təsəvvür edə bilmədiyim məcrada hər şey dəyişdi. Qayıtdıqdan sonra burada da bir çox təkliflər gəldi layihə ilə bağlı. AMEA Yüksək Texnologiyalar Parkı ilə müqavilə imzaladıq. Onlar bizə hər cür laboratoriya və ofis şəraiti yaradırlar. Layihənin inkişafı üçün. Bundan əlavə, Alternativ Enerji Agentliyi ilə görüşdük. Onlar da bizə yardımçı olurlar. Ümumilikdə, ölkəmizə qayıtdıqdan sonra böyük dəstək gördüm və əmin oldum ki, hər kəs mənim arxam-dayağımdır.

- Hazırda sənə cəmiyyətin yanaşması necədi?

- Hər şey gözəldir. Hər kəs diqqət göstərir.

- Bu diqqət səni şıltaqlaşdırmır ki?

- Bacardığım qədər çalışıram tarazlığımı saxlayım. Bəzi insanlar "ulduz xəsətliyi”nin qurbanı olur. Ancaq mən çalışıram ki, o xəstəliyə tutulmayım. Ən böyük qorxularımdan biri budur. Ümid edirəm ki, belə bir şey olmayacaq.

- Yəqin ki, araşdırmalarına davam edirsən.

- Bəli.

- Bəs kəşfinin patent məsələsi nə yerdədir?

- Azərbaycana qayıtdıqdan sonra Patent və Əmtəə Nişanları Mərkəzi ilə görüşdük. Elə həmin görüşdə patent almaq üçün müraciət etdik. Hazırda ilkin mərhələdən uğurla keçib. Bildiyiniz kimi, patent almaq uzunmüddətli prosesdir. Buna baxmayaraq, layihə ikinci mərhələdədir.

- İxtiran konkret olaraq hansı bölgələr üçün nəzərdə tutulub?

- Azərbaycanda potensialı azdır. Bəlkə Lənkəran, Masallı bölgələrində istifadə oluna bilər. Daha çox ekvatorial ərazilərdə, yağışlı bölgələrdə öz potensialını ortaya qoya bilər. Hətta İngiltərədə belə işlədilə bilər. Bundan başqa Hindistan, İndoneziya, Filippin və bu kimi ölkələrdə də yararlı ola bilər.



- Bir az da dərslərindən söhbət aç. Necə keçir?

- Əlbəttə, çətindir hamısını eyni tarazlıqda saxlamaq. Hazırda doqquzuncu sinif şagirdiyəm. Şəhadətnamə imtahanına hazırlaşıram. Bacardığım qədər zamanımı düzgün bölməyə çalışıram. Həm dərslər, həm layihə üzərində işlər zaman alır.

- Heç olmasa, boş vaxtın qalır?

- Boş vaxtlarım olur. Onda da ailəmlə birlikdə olmağı sevirəm. Dostlarımla söhbət edirəm. Hər hansı bir mövzunu müzakirəyə qoyuruq. ən xoşalmadığım şey isə alış-veriş etməkdir. Hobbilərimdən biri də sənədli filmlər izləməkdir. Elə layihəm də sənədli filmlərin təsiri ilə yarandı. Dərslərlə bağlı mütaliəyə çox vaxt tapa bilmirəm. Bununla belə, Aqata Kristinin əsərlərini oxumağı sevirəm. Astronomiya ilə bağlı kitabları, populyar elmi ədəbiyyatdan isə Stiven Hokinqi oxumağı çox sevirəm.

- Ölümünə üzüldün yəqin ki...

- Bəli. Çox istərdim onunla bircə dəfə görüşməyi. Ancaq qismət olmadı o dahini görmək.

- Bu yaxınlarda Birinci vitse-prezident Mehriban Əliyeva ilə də görüşdünüz.

- Bəli. Səmimi bir ortam idi. Mehriban xanım bildirdi ki, bundan sonra gənclərin stratap layihələrinə dəstək veriləcək. Bizim də layihəmizə hər cür dəstəyin təmin olunacağını dedi.

- Dünyanın ən məşhur jurnallarından biri "Forbes”də 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşdün.

- "Qlobal Sahibkarlıq Sammiti”ndən sonra "Forbes” jurnalının heyəti mənimlə əlaqə saxladı. İki min namizəddən biri mən idim. Ərizə formasını doldurdum, amcaq düzünü desəm, ümidim yox idi seçiləcəyimə. Ancaq martın 27-si nəticələr açıqlandı və mənim üçün də böyük sürpriz oldu. 20 kateqoriya üzrə 30 nəfər müəyyən edilmişdi. Mən də enerji kateqoriyası üzrə 30 nəfərdən biri oldum. Sevincimin ən böyük səbəbi isə həmin siyahıda Azərbaycanın ilk dəfə təmsil olunması idi. Onu da qeyd edim ki, bir həftə öncə "Forbes”in İsraildə keçirilən "Qlobal Sahibkarlıq Sammiti”ndə iştirak etdim. Bu sammit də çox faydalı oldu mənim üçün. Yeni münasibətlər qurdum, jurnalın təsisçisi ilə görüşdüm. Həmçinin "Microsoft” şirkətinin baş meneceri ilə görüşdük. Azərbaycandan onlara xüsusi milli hədiyyələr aparmışdıq. Hədiyyələri alarkən çox sevindilər. İnanıram ki, Azərbaycan haqqında görüşlərində müəyyən qədər dəyişiklik oldu.



- Ali təhsilini harda almaq istəyirsən?

- Xəyalım Massaçusetts Texnologiya Universitetidir. Astrofizika fakültəsində təhsil almaq istəyirəm.

- Elə yeri gəlmişkən, univesitetlərə qəbul imtahanlarının ilkin mərhələsi başlanıb. Bu mərhələ özü ilə birlikdə həm də stress, həyəcan, qorxu və ən dəhşətlisi, ölüm gətirib. Bu yaxınlarda iki abituriyent nəticəsindən narazı qaldığı üçün özünə qəsd edib. Səncə, bu prosesin öhdəsindən necə gəlmək olar?

- Əlbəttə, vəziyyəti ölüm dərəcəsinə gətirib çıxarmaq doğru addım deyil. Hələ ki abituriyent deyiləm. Bəlkə bu haqda danışmağım düzgün olmaz. Ancaq o prosesə hazırlaşan biri kimi deyə bilərəm ki, hazırkı abituriyentlərin istiqaməti və planlaşdırması yanlışdır. Çoxu oxumur, oxumur, on birinci sinfə çatanda başlayır universitetə hazırlaşmağa. Düzgün istiqamət deyil. Gərək biliyin təməli lap əvvəldən qoyulsun. Zamanı düzgün bölmək də çox önəmli detaldır. Düzdür, hamı kimi mənim də zamanın bölünməsi ilə bağlı problemlərim olur. Ancaq saatları daha düzgün işlərə sərf etmək lazımdır. İndiki gənclərin ən böyük bəlası isə sosial şəbəkələrdir.

- Sən necə istifadə edirsən sosial platformalardan?

- Bacardığım qədər az istifadə etməyə çalışıram. Ancaq işlərlə əlaqədar istifadə etmək məcburiyyətində qalıram. Müəyyən təkliflərə, görüşlərə görə sosial şəbəkələr mənə lazım olur. Ümumiyyətlə, şəbəkələr çox böyük zaman alır.



- Yəqin ki, ailənin üzərində böyük əməyi və dəstəyi var. Onlardan örnək gətirərək indiki gənclərə, xüsuilə abituriyentlərə nələri tövsiyə edə bilərsən?

- Çox düzgün vurğuladınız. Ailə dəstəyi önəmlidir. Ancaq bəzi ailələrin uşaqlarına təzyiqi, üstəgəl, cəmiyyətin gənclər üzərindəki təzyiqi intihar kimi hallara gətirib çıxarır. Mən özümü çox şanslı hiss edirəm. Çünki ailəm hər addımımda mənə dəstək olub. Bu gün rayonlarımızda tez-tez rast gəlinən haldır ki, qızlar çox istedadlı, savadlı olur. Lakin ailə və mühit onların üzə çıxmasına imkan vermir. Bu, çox kədərli haldır. İnsanın karyera qurmasında, təhsilində ən böyük dəstək ailədən, daha sonra ətrafındakı insanlardan gəlməlidir. "Reynerci” təzə-təzə yarananda yarışmada qeydiyyatdan keçmək istədik. Müddətin də bitməsinə iki gün qalmışdı. Ailəmiz dəstəkləyirdi, ancaq ətrafımızdakılar bizi həvəsdən saldılar ki, lazım deyil, onsuz da, yarışmaya qatılmaq alınmayacaq. Biz də həvəsdən düşdük. Ancaq son gün ailələrimizin təkidi ilə yenidən müraciət etdik. Düşündük ki, həyatda hər şey mümkündür. Əlimizdə bir faiz şans var idi. Qərara gəldik ki, o şansı dəyərləndirək. Və beləliklə, bu gün bu nöqtəyə gəlib çıxdıq. İnsanlar düşünür ki, kiçik şanslardan uğur qazanıla bilməz. Ancaq sizi inandırım ki, elə ən böyük uğurlar o kiçik şanslardan yaranır.

- Keçdiyin bu qədər proses nələr qatdı dünyagörüşünə?

- Ötən ilin bu vaxtlarından bu günə qədər öyrəndiyim çox şey var. Özüm üçün dörd nüansı müəyyənləşdirdim. İlki odur ki, insan xəyal qurmalıdır. Burada önəmli olan o xəyalların ardınca getməyi bacarmaqdır. Bu mövzu ilə bağlı bildiyim yaxşı bir örnəyi danışım sizə. Oxuduğum məktəbdə bir gün bir müəllim uşaqlara sual verir ki, gələcəkdə nə olmaq istəyirlər. Şagirdlərin əksəriyyəti şablon olaraq müəllim, həkim və mühəndis deyirlər. Onlardan biri isə ayağa qalxır və "mən dünyanın ən məşhur avtomobilinin dizayneri olacam” deyir. Şagirdin bu sözləri gülüşlə qarşılanır sinifdə. Ancaq illər keçir və həmin uşaq xəyallarını məqsədə çevirir. Bu hekayənin qəhrəmanı dünyanın ən məşhur avtomobil markası "Ferrari” və "Buqatti” kimi brendlərin dizayneri, azərbaycanlı Samir Sadıqovdur. Mən bu hekayədən çox təsirləndim və motivasiya aldım. Həqiqətən xəyalları məqsədə çevirməyin özü böyük bir işdir və önəmlidir. Əlbəttə, bəlkə sənin xəyalların başqalarına gülməli gələ bilər. Ancaq burada önəmli olan sənin öz xəyalına inanmağındır.

İkinci amil, məqsədə çevirdiyin xəyalı germəkləşdirmək istəməkdir. Bunun üçün bu məqsəd uğrunda çox çalışmaq lazımdır. Hər bir kiçik zəhmətin bəhrəsi mütləq olur. Bu xəyal zirvəsinə gedən yolda insan yıxılar da, yara da alar. Önəmli olan yıxılmaq deyil, yıxıldıqdan sonra ayağa qalxa bilməkdir. Bu haqda gözəl bir fikir var: ən böyük uğurlar uğursuzluqlardan gəlir.

İndi öz arzuladığım uğurlara çatmaqda bu dörd prinsipdən istifadə edirəm: xəyal qurmaq və onu məqsədə çevirmək, o məqsədə çatacağına inanmaq, çalışmaq, uğursuzluqlardan çəkinməmək.



- Gələcəkdəki hədəflərin nələrdir?

- İlk olaraq ali təhsil almaq. Ondan sonra ən böyük məqsədim NASA-da işləməkdir. Həyatda qarşıma qoyduğum ən böyük məqsədim isə insanlığa faydalı bir fərd olmaq və bu yolda ən böyük hədəflərdən biri olan "Nobel” mükafatını almaqdır. Əlbəttə, bütün bu uğurlara çatmaqda tək amalım Azərbaycanı dünyada tanıtmaq, təmsil etməkdir.

- Beynəlxalq sammitdə iştirak edən və "Forbes”ə düşən ən gənc qadın kimi yəqin ki, bu sualı sənə vermək olar. Qadının öz gücünə inanması o qədər də çətin proses deyil. Ancaq başqalarını buna inandırmaq bəzən, az qala, mümkünsüz olur. Bu yolda nələr etmək lazımdır?

- İndi qadınlara zərifdən çox, zəif kimi baxırlar. Ancaq burada əsas məsələ qadının öz gücünə inanmasıdır. Böyük məqsədlər, böyük hədəflər onları qorxutmasın. İnsanı elə böyük məqsədlər uğura çatdırır. Hacı Zeynalabdin Tağıyevin çox gözəl bir ifadəsi var: Bir oğlana təhsil verərkən bir insana, bir qıza təhsil verərkən bir ailəyə təhsil vermiş olursan.

- Reyhan, sənə yağış kimi təmiz günlər, qadın kimi güclü hədəflər və "Nobel”li uğurlar arzu edirəm...



Mənbə: publika.az

Hazırladı: Zümrüd Kərimova

Foto: Cavid İsgəndərli