Ağrıdıcı, yorucu, əsəb tələb edən yanlarına baxmasaq, Elinanın cinayət hadisəsindən fərqli olaraq Nərminlə bağlı cinayət işinin hələ də diqqət mərkəzində olması müsbət haldır. Baş vermiş hadisədə bir neçə məqama diqqət yetirilməsini istədim.
1. Cinayətdə zərərçəkən tərəflə qarşı tərəfin adamları fikirlərini ifadə etmək baxımından bir-birlərindən xeyli fərqlənirlər. Bu fərqlilik bir çox insanda, qızları öldürülən ailənin şübhəli, hətta günahkar olması təəssüratını yaradır. Və beləcə, savadlılığın və ya el ağzıyla desək, "oxumuşluğ”un nəinki qoruyucu qalxana, hətta hücumedici silaha çevrildiyini görmək olur.
Ərəbcədə „hkm" kökündən yaranan, bir-biri ilə əlaqəli sözlər zənciri var: məhkəmə, hakim, məhkum, hökm, mühakimə və s.
Beləliklə: Məhkəmədə hakimin doğru hökm çıxarması məhkumun mühakimələrindən asılıdır. Qədim yunan fəlsəfəsinin nümayəndələri olan sofistlər bu situasiyadan vaxtilə əla pul qazanırdılar; onlar pul müqabilində adamlara söz söyləmə sənətini öyrədirdilər. Belə dərslər məntiqli mühakimə yürütmək qabiliyyətini inkişaf etdirirdi və bu dərsi keçənlərin məhkəməyə işi düşəndə, haqsız olsalar belə, udma qarantları olurdu.
Üstündən min illər keçsə də, hazırda ictimailəşdirilən bu cinayət hadisəsində qarşı tərəfin sofistik həmlələri yenə də işə yarıya bilir.
2. Bu cinayətə siyasi yön verməklə onun səmtini dəyişmək cəhdi də başgicəlləndirən manevrlərdən biridir. Dünyanın heç harasında siyasət-ədalət, siyasət-həqiqət ikiliyi mövcud deyil.
Məqsəd üçün hər yola əl atmağa icazə verən siyasət, nəyin bahasına olur olsun – hakimiyyətə gəlmək, ya da hakimiyyətdə qalmaq sənətidir həm də.
Kiminsə indiyə qədər hansısa həqiqi və ədalətli siyasi məhkəmə ilə rastlaşmağından xəbərim yoxdur, heç buna inamım da yoxdur. İnstiktiv olaraq hamı siyasətin işləmə mexanizmasını bilir deyə, hətta ədalətli və vicdanlı ola biləcək siyasi məhkəmələrə də şübhə ilə yanaşılır.
Ona görə də, əgər bir məhkəməyə "sifarişli” damğası vurulursa, artıq o siyasi sayılır. Əgər siyasidirsə, deməli, ədalətli və doğru ola bilməz. Nərminin məhkəməsinin siyasiləşdirilmiş hesab edilməsi – işin ədalətsiz və diqqətyayındıran tərəflərindən biridir.
3. Tabu sayıldığına görə kiçik yaşlı uşaqların cinsi zorakılığa məruz qalması, o cümlədən pedofiliya, və s. haqqında cəmiyyətimizdə hədsiz dərəcədə az bilik və yanlış görüşlər var. Pedofil və ya uşaq oğrusu az qala hind filmlərindəki mənfi qəhrəmanlar kimi dombagöz, keçisaqqal, aqressiv, lotuyana, vəhşi hırıltılarıyla qap-qara üzündə ağ və həvə dişlərinin 32-ni də göstərən obrazda təsəvvür edilir. Belə düşüncə də bir çox reallıqları görməyə mane olur.
Bu cinayət işi çoxlarının içindəki Şerlok Holmsu oyadıb danışdırır, ondansa hadisənin sosial, psixoloji, bioloji, etik, çox qatlı və çox yönlü tərəflərinə işıq salmaq, bu haqda müzakirələr aparmaq, sosial münasibətlərin, dəyərlərin yenidən dəyərləndirilməsinə imkan yaratmaq daha yaxşı olardı.
Alov İnanna
qadinkimi.com