YAZI / DÜŞÜNCƏ, UŞAQ / BÖYÜK
Nəsillər arası düşüncə fərqinin səbəblərini bilirsizmi? Tarix : 18 May 2022, 02:08

Yaşı 60-dan çox olan böyüklərimiz bir çox hallarda öz övladlarının xüsusiyyətləri və həyat tərzləri ilə razılaşa bilmirlər. Bizim həyata baxışımız isə onlar üçün dünyanın sonu, axirətin xəbərçisidir. Eynilə valideynlərimizin bizə uyğun gördüyü həyat tərzi konsepsiyasına uyğunlaşmaq da bizi depressiv, ümidsiz edir. Məhz nəsillər arasındakı bu baxış bucağı fərqinə görə üzərində təzyiq hiss edən gənc nəsil istədiyi şəkildə yaşaya bilməməyin qəzəbi ilə özünə zərər verir, yaxud qorxu və təzyiq, təhkim edildiyi həyat şərtlərinin ağırlığı altında əzilir, keyfiyyətsiz ömür sürməli olur. 


Bəs niyə hər gələn nəsil bir öncəkindən fərqli düşüncə və həyat tərzinə sahib olur və bu nəsillər arasında anlaşılmazlıqlar böyüyür?

 

Reallıq budur ki, nəsil anlayışının əhəmiyyəti gündən-günə artmaqdadır. Ona görə ki, istər cəmiyyətin ümumi tərkibi, sabitliyi və rifahı, istərsə də iqtisadi, ekoloji sistemlərin davamlılığı, xüsusilə reklam sektoru üçün bu nəsil konsepsiyasını anlamaq vacibdir.

 

Nəsil konsepsiyası nədir və necə ortaya çıxıb?

Əgər nəsil anlayışına tərif versək, deyə bilərik ki, bir nəsil təxminən eyni illərdə doğulmuş, eyni yaşda mövcud şəraiti paylaşan, buna görə də oxşar dərdləri, taleləri olan insanlar qrupudur.

Fəlsəfə və mədəniyyət tarixində isə nəsil anlayışı, yeni bir həyat modelində yeni şərtlərə uyğunlaşan və köhnədən konkret xüsusiyyətləri ilə fərqlənən insanlar qrupudur.

 

Nəsil anlayışı ilə bağlı ilk elmi araşdırma Auguste Comte tərəfindən aparılıb. Comte bunun üçün XIX əsrin 30-40-cı illəri arasında yaşamış insanlarla işləməyə başlayıb. O, tədqiqatlarında nəsil dəyişikliyinin müəyyən zaman kəsiyində meydana çıxan hərəkətverici qüvvə olduğunu, biliklərin nəsildən-nəsilə ötürülməsi ilə ictimai tərəqqinin əldə oluna biləcəyini bildirib.

Nəsilləri yalnız doğulduğu dövrlərə görə təsnif etmək düzgün olmazdı. Nəsilləri təşkil edən cəmiyyətin düşüncə, hiss və təcrübələrinin müəyyənləşdirilməsi onları təsnif etmək məqsədi ilə istifadə olunur.

 

Bu gün adı çəkilən nəsilləri belə sadalaya bilərik: Ənənəvilər, "Baby Boomers"lər, X nəsli, Y nəsli, Z nəsli və Alfa nəsli.
İstifadə etdiyimiz bu nəsil anlayışlarının məna və xüsusiyyətlərinə daha geniş toxunmaqda fayda var.
 
Ənənəçilər, yaxud da İtirilmiş nəsil
 
1925-1945-ci illər arasında doğulmuş bu qrupa Müharibə nəsli də deyilir. İkinci Dünya müharibəsinin təsiri ilə yaşanan situasiyalardan təsirlənən bu qrup hadisələrə daha ehtiyatlı yanaşır. Bu dövrün insanları arasında sadə həyat tərzi üstünlük təşkil edir. Onlar risklərdən qaçır, qeyri-müəyyən vəziyyətlərdən çəkinirlər. Bu günə nəzər saldıqda görünür ki, köklü müəssisələrin əksəriyyətinin təməli məhz bu illərdə qoyulub. Bu, qənaətcil, əlindəkilərin qədrini bilən, şəraitdən düzgün istifadə edib konkret iş görməyi bacaran nəsildir. Bu nəsildə yaşayış şəraitinə görə önə çıxan bir başqa xüsusiyyət də özlərini ifadə etməkdə, məsələləri müzakirəyə çıxarmaqda çətinlik çəkmələridir. Bundan əlavə, onlar hakimiyyətə sadiqliyi və inam hissi ilə fərqlənən, fərdləşmənin ən az olduğu nəsildir.
 
"Baby Boomers" nəsil
 
1946-1964-cü illər arasında doğulan qrup "Baby Boom" adlanır. Əvvəlki dövrdəki müharibələrdə çoxlu itkilər verilmişdi. Müharibədən sonrakı illərdə təxminən bir milyard körpə dünyaya gəldi. Fərdləşmə də həmin qrupda daha çox özünü göstərir.

Bu dövrdə doğulan körpələrə Soyuq müharibə dövrü uşaqları da deyilir. Həmin dövrdə çətinliklər səngiməyə başlamış, böyümə və firavanlıq hökm sürmüşdü.  Müxtəlif sahələrdə yeniliklər və insan hüquqları bu dövrdə önə çıxan mühüm məsələlər idi. Bu nəsildə seçilən şəxsiyyət xüsusiyyətləri çalışqanlıq, idealistlikdir. Həmçinin, səlahiyyət hissi, işgüzarlıq və eqoizm kimi bəzi mənfi cəhətləri də qeyd etmək olar. Bu qrupa aid olan insanların digər xüsusiyyətləri də öz-özünə motivasiya olmaq və təriflənməyi sevməməkdir. Maaş onların prioritet məsələləri arasındadır və komanda işinə önəm verirlər. Bundan başqa, bir araşdırmaya əsasən, "Baby Boomer" nəsli cəmiyyətə ən çox müsbət təsir göstərən, ən sosial, şüurlu  və məhsuldar nəsildir.
 
X nəsli
 
1965-1979-cu illər arasında doğulan insanlar X nəslini təşkil edir. Bu addan kanadalı yazıçı Duqlas Kuplandın 1991-ci ildə "X nəsli: Sürətli mədəniyyət üçün nağıllar" adlı kitabını nəşr etdikdən sonra geniş şəkildə istifadə edilir.

Bu nəsildə adətən körpə bumu nəslinin xüsusiyyətləri müşahidə olunur. Bu səbəbdən o, "Baby Buster" nəsli də adlandırılır. Bəhs edilən dövr iş həyatında məşğulluq nisbətinin artması ilə işsizliyin azalmağa başladığı bir dövrdür. Bu dövrdə hər iki valideynin iş həyatında iştirakı ilə bu qrupdakı fərdlərin özbaşına böyüdüklərini deyə bilərik. Bu nəsildən olanlar dəyişən həyat şərtləri ilə ayaqlaşmaq üçün çox səy göstərirlər. Lakin bu makro dəyişiklik və rəqabət X nəslinin fərdlərinin zamana uyğunlaşa bilməməsinə səbəb olur.

 

Bu nəslin fərdləri işləri sadələşdirməyə, həddindən artıq stresdən qaçmağa, həyatdan həzz almağa daha çox meyl edirlər. X nəslini özünə güvənən, sosialist, sadiq və idealist nəsil kimi qeyd etmək olar. Əsas davranış xüsusiyyətlərinə baxdığımız zaman praqmatizm, fərdilik, eqoizm, fərqli həyatlara hörmət, tolerantlıq müşahidə olunur. Bu nəslin ən çox bilinən xüsusiyyətləri gələcək qorxusu və ya narahatlığıdır. Buna görə də onlar daha çox karyera yönümlüdürlər - daha çox işləyib, çox pul qazanırlar.
 
Y nəsli
 
1980-1999-cu illər arasında doğulmuş bu qrup Y nəsli adlanır. Bundan əlavə, "Millennials", "Future Generations", "www Generation", "Digital Generation", "Net Generation" və "Indigos" kimi müxtəlif adları da var. Dünya əhalisi arasında ən çox yaşayan insan qrupu məhz bu nəsildir. Texnologiyanın inkişafı da bu dövrdə öz effektivliyini göstərir. Gənc yaşda texnologiya ilə tanış olan fərdlərin gündəlik həyatlarında bu, ən əvəzolunmaz element halına gəlib. Ailəyə böyük önəm verən bu fərdlər dünya iqtisadi böhranının təsirlərinə baxmayaraq, həmişə pozitivliyini qorumağı bacarırlar. Bu nəslin önə çıxan xüsusiyyətlərinə gəldikdə isə, dünyagörüşlü, yüksək təhsilli, öz sağlamlığı ilə maraqlanan, özünə güvənən, informasiyaya asan çıxışı olan, daima yenilik axtaran, asanlıqla uyğunlaşa bilən, əyləncə və səyahətləri sevən, ailə münasibətlərinə önəm verən, ümumilikdə optimist insanlardır. Diqqət çəkən mənfi cəhətləri isə səbirsizlik və gözləməyi bacarmamaqları ola bilər.
 
Z nəsli
 
Z nəsli termini 2000-ci il və daha sonra doğulanlar üçün istifadə edilir. Bu ad 2012-ci ildə "USA Today"in onlayn platformasında oxucuların gələcək nəslin adını seçmək üçün keçirdiyi müsabiqənin nəticəsi olaraq verilib. Hələ çox gənc olan bu qrup internet nəsli, texnologiya dövrü kimi də tanınır.

Texnologiya və kommunikasiya günümüzün mühüm və ayrılmaz elementləridir. Amma bu dövrün insanlarında tapşırıq və məsuliyyətləri yerinə yetirmək istəyinin azalması müşahidə edilir. Texnologiya ilə iç-içə yaşamağın mənfi təsiri olaraq, bu nəsilə aid fərdlər arasında yalnızlıq daha çox yayılıb.

Bu nəslin fərdləri özlərini asanlıqla ifadə edə bilən və ünsiyyəti sevən insanlardır. Çox yeni bir nəsil olduğundan onlar haqqında hələ kifayət qədər məlumat vermək mümkün deyil. Demək olar ki, bu nəslin ümumi xarakteristik xüsusiyyətlərini yaşayaraq görəcəyik.
 
Alfa nəsli
 
Yuxarıda haqqında danışdığımız bütün bu nəsil terminləri ilə yanaşı, həyatımıza tamamilə yeni nəsil anlayışı da daxil olub. "Alpha Generation" adlanan bu ifadədən 2012-ci ildən sonra doğulan şəxslərlə bağlı istifadə edilir. Ən yeni nəsil olduğuna görə, onlar haqqında ümumi xüsusiyyətləri vermək hələ tezdir. 


Ümumilikdə, yaşanan hadisələrin illər ərzində bəşəriyyətin bilik və təcrübəsini bir sonrakı dövrə köçürməsi onun inkişaf və tərəqqisində böyük rol oynayır. Yuxarıdakı nəsillərə bu baxımdan nəzər saldıqda, dövrün xüsusiyyətlərinin və hadisələrinin onların həyatını, şəxsiyyət xüsusiyyətlərini formalaşdırdığına şahid oluruq. Dünyada, yaxud ölkələrdə baş verən bir hadisənin gələcək nəslə genetik yaddaş kimi böyük təsiri olur. Dövrün hadisələri isə ümumilikdə bəşəriyyətə əhəmiyyətli dərəcədə təsir göstərir. Buna görə də hər bir nəsil özündən öncəki və sonrakı nəsilləri anlamaq üçün birinci növbədə cəmiyyətdə və dünyada baş verən dəyişiklikləri anlayıb qəbul etməyə çalışmalıdır.

 
 
 

Natəvan Abdulla
Qadinkimi.com