YAZI / DÜŞÜNCƏ
Əşi, nə gözləyirsən? Bu millət düzələn deyil...- Natəvan Abdulla Tarix : 27 İyun 2020, 18:15

Əzəldən bəri dinlədiyim, özümün də iştirak etdiyim dialoqların sonunda həmişə məyus bir ifadə olur. Mövzular, hadisələr dəyişir, amma bu ifadə heç vaxt dəyişmir. Mənim xatırladığım rahat bir iyirmi ildir, bu cümləni eşidirəm: "Əşi, nə gözləyirsən e? Bu millət düzələn deyil!" 

Yalan deməyəcəm, özüm də əsəbləşəndə, cəmiyyətlə bağlı məsələlərdə çarəsiz qaldığımı hiss edəndə tez-tez bu ifadəni dilə gətirirdim. Həm də təkcə bu deyil. Özümdə narazı olduğum bir xüsusiyyət də vardı - hər şeydən narazı olmağım. Bu xüsusiyyətin mənə nə qədər zərər verdiyini, gün ərzində enerjimi necə yarıya endirdiyini, həyatıma mənfi təsir etdiyini anlayanda, bunu dəyişdirməyə qərar verdim. Məsələn, oxuduğum universitetin müəllimlərinin tədris keyfiyyəti məni qane etmir. Yaxşı, beynimi ki söküb almayıblar, mənə həyatda nə lazımdırsa, onu özüm də çalışıb öyrənə bilərəm. Yaşadığım bina zibil içindədir, axı burdada ayı yaşamır, hamımız insanıq. Bir-iki vərəqə yaz, divarlara yapışdır ki, "Gözəl insanlar, binanın təmizliyinə riayət etdiyiniz üçün sağ olun". Yəni "Bura zibil atan eşşəkdir" ifadəsindəki əsas məqsədi çatdıran, amma daha düzgün üslublu yanaşma ilə. Qonşu həmişə qapısının qabağını isladıb süpürəndə bizim qapının ağzını toza, palçığa batırırdı. Hər dəfə əsəblərim lap tarım çəkilir, nə tərbiyəsiz adamlar var, deyirdim. Bir gün qərar verdim ki, öz qapımızı təmizləyəndə onun da qapısını təmizləyim. Bir neçə gün bunu davam etdirdim. Artıq mən baxmasam belə, qapımın önü təmizlənmiş olur.

Bilirəm, əslində, bu yazdıqlarımın tam tərsi olmalıdır: universitetlər düzgün elm tədris etməli, bina idarəsi binanı nəzarətdə saxlamalı idi. Mən də qonşunun qapısını döyüb, qapıma sıçrayan kiri göstərib xəbərdarlıq etməliydim ki, diqqətli olsun. Amma bəzən olmur. Hətta adətən olmur. Nə müəllimlər dərs keçməyə, nə qurumlar öz vəzifələrini icra etməyə, nə də qonşular anlayış göstərməyə meyilli olurlar. Bəs, onda neyləməli? Əlimizdən deyinməkdən başqa nə gəlir?

Uşaqlıqdan bu günə ətrafımda və özümdə - hamıda müşahidə etdiyim şey də bax budur: Biz həmişə narazıyıq. Deyinərək hər məsələni daha da yoxuşa çəkir, həyatımızı çətinləşdiririk.

İndi də əsəbləşirəm. Ötən gün karantinə görə bir qrup insanın çörək israfına yol verməsi başqa bir qrup insanı qəzəbləndirdi. Hətta elmli, oxumuş insanlardan belə, "Bu millət düzələn deyil" ifadəsini eşitdim. Mən bu alışılmamış sosial durumda bir çoxlarının aclıq qorxusu instinktinə qapılmasını normal saymadan, digər alt səbəbləri təhlil edib anlamadan verdikləri reaksiyaya görə onlara qəzəbləndim, dedim ki, belələrinin ziyalı hesab edildiyi bir ölkədə əlbəttə, heç nə düzələn deyil, fürsət axtarırlar milləti aşağılamağa.

Lənət sənə kor şeytan! Yenə eyni səhv - qınamaq, deyinmək, narazı olmaq. İllərin alışqanlığı birdən-birə düzəlməz ki...

Nə başınızı ağrıdım, bütün bu mənfi xüsusiyyətlərdən özümü arındırdıqca, yerinin daha gözəl xüsusiyyətlərlə, anlayışlarla dolduğunu hiss edirəm. İndi çox gözəl bilirəm ki, insanlıq üçün faydalı olmaq istəyən biri əvvəlcə öz otağını səliqəyə salmalıdır. Pəncərəsinə dibçəklər yerləşdirməli, hər gün, heç olmasa, bir heyvanı bəsləməli, sağlam qidalanmalı, danışdığı şeylər haqqında düşünməli, başqalarına göz qoymaq yerinə, öz hərəkətlərini müşahidə etməli, danışanda düzgün üslub seçməlidir.

Sözün gücü böyükdür, razıyam. Yəqin siz də razılaşarsınız ki, davranışın gücü ondan da böyükdür. Çünki insan təqlidçi canlıdır - görüb-götürdüklərini tətbiq edir. Çoxları elə bununla da kifayətlənir, yeni vərdişlər, düzgün davranış şəkilləri mənimsəmək yerinə, həyatını avtopilot rejimində yaşayırlar. Halbuki öz zərərli vərdiş və düşüncələrinə qalib gələ bilməyən biri cəmiyyətdə necə fərq yarada, məsələlərə fərqli perspektivlərdən baxa, düzgün təhlil və davranış qabiliyyətinə sahib ola bilər? Belə birinin cəmiyyətə, nəsilinə verəcəyi xeyir nə ola bilər? Öz həyatını sağlamlaşdıra, qaydaya sala bilməyən biri başqalarına yaxşılıq edir və etdiyini videoya köçürüb ictimailəşdirir, məsələn. Əgər sənin özünə bir faydan yoxdursa, onda başqalarına etdiyin yaxşılıq, o da əslində, içindəki dəyərsizlik hissini ört-basdır etmək üçün vasitədir. Həqiqətən faydalı davranışlara malik birisi əvvəlcə öz həyatını gözəlləşdirməyə çalışar.

Türk yazar Hüseyin Cəmil Meriçin "Bu ölkə" adlı kitabında beynimdə şimşəklər çaxdıran bir cümləylə rastlaşmışdım. "Vətənini yaşanmaz hesab edənlər o vətəni yaşanmaz hala gətirənlərdir" - deyirdi. Bu vətənin içində hamının öz balaca dünyası var. Hər birimiz düşüncə tərzi, davranışlarımız və hadisələrə verdiyimiz reaksiyalarla öz dünyamızı yaradırıq. Sonra da, "Yox, bu dünya pisdir, bu ölkə də yaşanılası deyil" - deyirik. O ki sənin əsərindir...

Tez-tez bu cəmiyyətə aid olmadığımı düşünürdüm. Bəyənmirdim, başqa ölkələrə qaçıb getmək istəyirdim: "Əşi, bu millət düzələn deyil". Nə bədbəxt bir hal imiş. Şükür ki, bu düşüncə tərzi ilə ruhumu daha çox çürütməmişəm. Bu gün isə ölkəsini, cəmiyyətini hər fürsətdə aşağılayan insanların əslində, nə qədər kompleksli, sevgisiz və bacarıqsız olduqlarını asanlıqla görə bilirəm. Və həmişə özümə xatırladıram: necə bir cəmiyyət xəyal edirsənsə, özünü də o cəmiyyətin fərdi kimi aparmalısan.


Natəvan Abdulla
 
 qadinkimi.com