SƏNƏT
Mənim media həyatım Tarix : 22 İyul 2019, 17:34

Milli Mətbuat Günü gözümün önündən keçənləri sizinlə bölüşmək istədim. 

18 yaşım vardı. Bir gün qapımız aramsız döyüldü. Qonşumuz Sevil xala idi. İçəri girən kimi ucadan, həm də qapını döydüyü kimi - fasiləsiz danışmağa başladı: "Fabrikimizi hərraca qoyub satıblar. İşçilər əlacsız qalıb. Biz indi işsiz-gücsüz nə edəcəyik?.."
İşlədiyi Volodarskiy adına fabriki sahibkar almışdı. Həmin binada özəl telekanal açmağı düşünürdülər. Sevil xala tək yaşayırdı. Ömrünü fabrikdə keçirmişdi. İşlədiyi yerdə mexanizmlərin səsi çox yüksək olduğu üçün olduqca ucadan danışmağa öyrəşmişdi. Həmin gün elə həyəcanlı, elə kövrək idi ki, çox təsirləndim və ona necəsə kömək etmək istəyim yarandı. Bir neçə gün sonra həmin fabrikə getdim. Rəhbərliklə görüşmək istədiyimi dedim. Kimsiz? - soruşdular. Müxbirəm, - dedim. Müxbir deyildim. BDU-nun coğrafiya fakultəsinin ikinci kurs tələbəsiydim. "Vəhşi kapitalizm"in qaydalarını da bilmirdim. Sovet uşağıydım. "Səfillər"i də yalnız kitabda görmüşdüm. Hələ küçələrdə ayaqqabı təmizləyən uşaqlar qarşıma çıxmamışdı. Məni böyüdən sistemi də sevməzdim. Ailəm hərəkatçı idi. Günlərlə Azadlıq meydanındaydılar. Bütün bunlar psixikama, tərbiyəmə təsir etmişdi. 

Uşaqlığım Lenin babaya həsr olunan şeirləri əzbərləməklə keçmişdi. Ölkəmdə çevriliş olmuşdu. Sabir Rüstəmxanlının "Ömür" kitabını oxumuşdum. 20 yanvar faciəsini xalqla birgə yaşamışdım. 3-cü sinifdən ansız 5-ci sinifə keçmişdim. Məktəbdə pioner qalstukunu atan ilk şagird olmuşdum. Müəllimlərimiz birdən-birə kütləvi şəkildə xarici ölkələrə gedib ərzaq, geyim gətirib satmağa başlamışdı. Sonuncu siniflərdə qəbul imtahanının formasının dəyişdiyini demişdilər. Test üsuluna keçmişdik. 88-dən  98-ə kimi 6 dövlət başçısı görmüşdüm; (Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Yaqub Məmmədov, İsa Qəmbər, Əbülfəz Elçibəy, Heydər Əliyev) 
Mitinqlər, aksiyalar, ölkədəki gərginlik ara vermirdi. 18 yaş və belə bir qarışıqlıq. 

Onda fabrikə məni aparan hissin adını indi bilmirəm. Ürəyim yanırdı, nəsə etmək istəyirdim. Rəhbərlə söhbət etdik, suallar verdim, oranı gəzdim və bir yazı hazırladım. İlk yazım idi. Həmin yazını mitinqlərin birində tanış olduğum, Yeni Müsavat qəzetinin redaktoru Zahid Səfəroğluna verdim. Kim bilir, yazı nə haldaydı. Çap olunacaq şəklə saldı və yazım yayınlandı. Sevil xala çox xoşbəxt idi. Xeyli təsəlli tapdı. Fabrik isə heç vaxt açılmadı. 

Hər gün özəl telekanalları izləyirdim. Yeni dünya idi. Öyrəşdiyimiz teleformat deyildi. ANS və Space TV-ni özəlliklə ciddi izləyirdim. Oradakı aparıcılara həsəd aparırdım. Necə maraqlı işləri var düşünürdüm. Günlərin birində gizlincə ünvan bürosuna zəng vurdum, Space-in yerini öyrənib dərsdən sonra ora getdim. 
Qapıda polis vardı. Dilim topuq vura-vura ona nəsə deməyə çalışırdım. İçəridə cavan bir kişi göründü. Qapıya yaxınlaşıb nə istədiyimi soruşdu. "Burada işləmək istəyirəm" dedim. Jurnalistikada oxuyursuz? - soruşdu. Anında düşündüm ki, ona coğrafiyada oxuduğumu desəm, bitdim. Və... başımla təsdiqləyərək həyatımın ən böyük yalanını dedim. O, Space-in həmin vaxt icraçı direktoru olan Rüstəm Əliyev idi.
 
Məni içəri dəvət etdi. Soruşdu: "Türkiyə türkçəsindən xəbər çevirə bilərsən?". Nə iş tapşırsalar, görməyə razı idim. Təki məni ordan əliboş və ümidsiz qaytarmasınlar. "Çevirə bilərəm" dedim. Əla, - dedi. Elə indidən otur İHLAS agentliyinin önündə və gələn xəbərləri çevir. Ciddi-cəhdlə monitorun önündə oturdum. Təsəvvür edilməyəcək boyda sevincliydim. Mənim üçün inanılmaz çətin iş idi, əslində. Axşam xəbərlərinə material hazırlamalı idim, özü də dayanmadan yayınlanan Türkiyə xəbər agentliyinin efirindən. O xəbərləri necə tələsik yazdığımı, sonra necə çevirdiyimi indi dəqiq xatırlamıram. Ancaq oldu, alındı. Hər axşam Space-in xəbərlər (o vaxt "Hər gün" adlanırdı) proqramında mənim PKK haqda materiallarımı verirdilər. PKK o vaxt hər gün Türkiyədə terror edirdi. Həmin dönəmdə Türkiyədə bu təşkilatla ciddi mübarizə gedirdi. Bu xəbəri ölkənin ən professional telekanalında mən hazırlayırdım. Söhbəti tutandan sonra mətni də özüm yazmağa, özümdən əlavələr etməyə başladım. 

Çox keçmədi. 
ABA telekanalı üçün aparıcılıq müsabiqəsinə qatıldım. Özümə inamım vardı. Ancaq müsabiqəyə elə gözəl qızlar qatılmışdı ki, keçəcəyimə azca şübhə edirdim. Dediyim kimi: "azca şübhə". Həmişə özgüvənim yerində olub. İstedadıma dağa söykənər kimi söykənmişəm. Özümə "bacaracaqsan" demişəm. Keçdim. İlk müəllimim Rafiq Hüseynli oldu. Bizə saatlarla təlim keçirdi. Xəbər yazmağı, müsahibəni, aparıcılığı, veriliş qurmağı öyrədirdi. Sonra ABA-nın ilk icraçı direktoru rejissor Şamil Nəcəfzadə, ilk baş redaktorumuz Eldəniz Quliyev, kanalın rəhbəri, o zaman cəmi 25 yaşı olan, amma atası Məmmədəli Zülfüqarov kimi məktəb görmüş Faiq Zülfüqarovla işləməyə başladıq. Faiq bəyin bizə verdiyi motivasiyanı həyatım boyu unutmadım: "Siz CNN səviyyəsində aparıcı olmalısız". Bu cümlə qulağımda sırğa oldu, gördüyüm bütün işlərdə dünya səviyyəsini hədəf seçdim. 

Daha sonra Space-ə döndüm, ABA bağlandı, sonra başqa telekanallar, canlı şoular, müəllif verilişləri, filmlər, müsahibələr. Bir gün özüm ATV telekanalının aparıcı müsabiqəsində jüri oldum. Verilişlərə quruluş verdim, aparıcılarla məşğul oldum və s. 
Space TV-də mərhum prezident Heydər Əliyevin köməkçisi Eldar Namazovun rəhbərliyi dönəmində işləmişəm. Eldar bəy orada demokratik, professional ortam yaratmışdı. Sonralar heç bir şirkətdə elə atmosfer görmədim. Biz onunla qarşılaşmırdıq. Necə gəlib - getdiyini bilmirdik. Heç kim gərilmirdi, dedi-qoduyla məşğul olmurdu, rəhbərə söz daşımaq adəti yox idi. Bu şeyləri sonradan İctimai TV-də İsmayıl Ömərovun vücudatında gördüm. Div boyda cangüdənlərlə departamentə girib bütün işçiləri ayağa qalxmağa məcbur edirdi. Hər kəs işini-gücünü atıb onun önündə əsgər kimi dayanıb bayağı danışığını dinləməliydi. Bütün işçiləri sözdaşıyan etmişdi, hamı bir-birindən şübhələnirdi. Həmişə demişəm, o kişiyə ömrümün sonunacan minnətdaram. Sayəsində TV-dən uzaqlaşdırıldım. Yazılı mətbuata gəldim. Heç vaxt çap etdirmədiyim şeirləri, hekayələri yayınladım. Layihələr, müsahibələr, reportaj və araşdırmalar, saysız köşə yazısı ilə 10 ildi çap və elektron mediadayam. Asan deyildi, amma zövqlü idi. Ekrandan yazıya, kitaba köçmək və imzaya çevrilmək təkcə istedad yox, həm də fəhləlik istəyir. 

Mediada son işim yaratdığım feminizm saytıdı - qadinkimi.com; Necə çətin bir işin altına çiyin verdiyimi bilirdim. Gözə aldım. Heç bir dəstək almadan, heç yerdən büdcə ayrılmadan saytı yaratdım. Həmin ərəfədə həyatımda çox ağır bir hadisə baş verdi. Bilənlər bilir. Aldığım zərbə bir anın içində məni yerə çırpdı. Qalxa bildim - o yerdən. Bütün çətinliklərə baxmayaraq qadinkimi.com işinə davam etdi. Feminizm bir ilin içində aktual mövzuya çevrildi. Qadın hüquqları tematikasında saysız materiallar yayınladıq. Yüzlərlə qadından təşəkkür qazandıq. Bir yazımız bəzən kiminsə həyatında mühüm qərar verməsinə təkan oldu. Davam etməyə nə qədər gücüm çatacaq, bilmirəm. Ancaq 21 illik media həyatımı ləyaqətlə yaşamışam. Ədalətsizliyə susmamışam, bərabərsizliyə susmamışam. Ədəbiyyat və media yaşam səbəbim, missiyam, parçam olub. Saysız çıxışlar, ekspert kimi fikirlər, müsahibələr maraqla izlənibsə, bunun tək səbəbi çalışqanlıqdı, zəhmətdi. Bu yolda yanımda olan kolleqalarım da güc verib. Ən böyük gücü isə oxuculardan almışam. İnsanların sevgisini hiss edərək Zərdabi yolunda böyük ürəklə addımlamışam. 

Bu gün vicdanım ana qucağı kimi rahatdı. 

Aysel Əlizadə
qadinkimi.com