BURA / ORA
MÜƏLLİM GÜNÜNƏ HƏDİYYƏ Tarix : 07 Oktyabr 2019, 15:19
Yazar : Qadinkimi.com
5 oktyabr "Müəllim günü” kimi 1994 – cü ildən YUNESKO tərəfindən təsis edilmişdir. Bu tarix həm də BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxil edilib. Dünyanın 100 – dən artıq ölkəsində qeyd olunan müəllimlərin peşə bayramında respublikamızda da bir sıra maraqlı tədbirlər keçirilir. 

Sevimli şairə, publisist və pedaqoq kimi minlərin sevgisini qazanan Kamalə Abiyevanın bu ilki bayrama öz töhvəsi olub. O, növbəti "İrəvanda diz qoysam” kitabının təqdimatını və imza gününü məhz həmin gün 40 il çalışdığı A. Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə keçirib. Tədbir iştirakçılarının fikrincə bu Müəllim gününə ən gözəl hədiyyədir. "Müəllim olmasalar da hər oxucunun həyatında müəllimin payı, zəhməti var. Tədbir iştirakçıları arasında özü pedaqoq, alim, şair olan Gülşən xanım, eləcə də biznesmen, mənən çox zəngin, ziyalı Nailə xanım təkcə özlərinə deyil, yaxın ətraflarına da hədiyyə etmək üçün kitab əldə etdilər. Bundan gözəl nə ola bilər?” – deyir Kamalə xanım. Təqdimatda Şəhriyarşünas alim f.e.d. Esmira Fuad, qələm dostları, yaradıcı insanlar Şülfiqar Şahsevənli, Faiq Balabəyli, Azər Qismət, Nazilə Gültac, Yeganə İsgəndərova, Elçin Məmmədov, Vasif Ayan, Aygül Ağayea və başqaları iştirak edib. Esmira xanım, eləcə də imzası ilə fərqlənən, "o məni vətəndaş yetişdirib” deyən Kamalə xanımın qızı yazar Aysel Aydın Əlizadə kitabın adına diqqət çəkdi. Aysel Əlizadə rus ordusunun İvan Paskeviçin komandanlığı altında hələ 1827 – ci ildə İrəvanın qapısı sayılan Sərdarabad qalasının işğalından sonra İrəvana hücumunun məhz 5 oktyabra təsadüf etdiyini vurğuladı.

Öz təəssüratlarını bölüşən istedadlı şairə Kamalə Abiyeva tədbir haqqında təəssüratlarını bölüşdü: Bilirəm ki, elə dostlarım, elə söz adamları var ki, zəng etsəydim, şəxsən çağırsaydım, mütləq gələcəkdilər. Üzürlü olsun, etmədim nədənsə. Xəbərsiz olanlar çox oldu, ancaq bilib gəlməyənlər arasında gözlədiklərim də vardı. Sadəcə profilimdə tədbir haqda paylaşım etmişdim. Özüm də belə tədbirlərdə oluram. Vəzifəsinə, kiminsə qohumu olduğuna, yüksək qazanclı işinə görə heç yaradıcılığını bəyənmədiyi və ya oxumadığı birinin tədbirində olmağa, görünməyə can atanların olduğunu müşahidə edirəm. Belə hisslər mənə yaddır. Anlamıram. Mənim statusum sözümlə, peşəmdəki zəhmətimlə qazandığım sayğı və sevgidir. Buna dəyər verənləri görmək istəyirdim. Əslində çox isti, doğmalıq, sevgi dolu saatlar yaşadıq. Hamının üzündə sevinc, məmnunluq vardı. O qədər xoş sözlər dedilər ki, şəxsən tanımadığım adamlar belə, ən böyük dəyərim oldu. Ancaq sosial şəbəkədən tanıdığım Mehriban Sadiqova, Gülnar Hüseyn, Sevil Ülvü, Məlahət Kərimqızı, Arzu Həsənova kimi söz adamları, yaradıcı insanlarla yaxından tanış oldum.”

Təqdimat və imza günündə müəllimlər, şagirdlər və məzunlar da iştirak edirdi.     
Kitabda şairənin son illərdə yazdığı müxtəlif mövzulu şeirlər yer alıb. Azərbaycanın ağrılarını yaşayan, daşıyan şeirlər də xüsusilə fərqlənir.
 

 

Qadinkimi.com