BURA / ORA
Madam Jofren - Paris ədəbi mühitinə böyük dəstək vermiş qadın Tarix : 01 Dekabr 2022, 09:50
Yazar : Qadinkimi.com
 
Mariya Tereza Rode bəzi mənbələrə görə 2 iyun, bəzilərinə görə 26 iyun 1699-cu ildə doğulub. Qadınların təhsil alması mümkün olmadığı üçün sistemli təhsili olmayıb. Ancaq kitablara, oxumağa, elmə olan sevgisi hesabına özünü yetişdirib. Bu varlı aristokrat qadın ədəbiyyat sevdalısı olub. Yazıçıların, ensiklopedistlərin himayədarı kimi tanınıb. Mülkündə yaratdığı ədəbiyyat salonu ölkənin ən dəyərli yazı və fikir adamları, alimlər, sənətkarların tez-tez gəldiyi məkan olub. Orada yaradıcılıq diskussiyaları təşkil edər, fikir mübadiləsi aparardılar.
 
"Ədəbiyyat salonu"nda Jan Dalamber, Pol Qolbax, Deni Didro, Monteskyö, Stanislav Ponyatovskiy, Uolpol kimi mütəfəkkirlər olardı. Bu salon qızğın sənət söhbətlərinin mərkəzinə çevrilmişdi. Mərkəzə madam Leyspinas da tez-tez gələr, parlaq zəkası ilə hər kəsi heyrətləndirərdi. Deyilənə görə madam Jofrenin güclü moderatorluq qabiliyyəti olub. Müzakirə zamanı sözü bütün qonaqlara bir-bir elə məharətlə ötürüb ki, hər kəs öz fikrini demək imkanı qazanıb. İnsanlara fikirlərini söyləmək üçün şərait yaradıldıqda onlar məmnunluq hiss edirlər. Buna görə də bütün qonaqlar bu müzakirələrdən razı qalıb və hər kəs madam Jofrenin "Ədəbiyyat salonu" nu xoş təəssüratlarla tərk edirmiş.
 
Madam Jofrenin həyat yoldaşı müsyö Jofren isə  evi idarə edib, menyu tərtibatı ilə məşğul olub, ziyafətlər üçün köməkçilər tutub. Müsyö intellektual olmayıb və deyilənə görə kitab oxumağı çox da sevməyib. Bir dəfə ona iki tomluq kitab veriblər. Çaşıb bir tomu iki dəfə oxuyub və nəhayət qərara gəlib ki, kitab maraqlıdı, amma müəllif təkrarçılığa yol verib. Müsyö Jofren utancaq olub. Xanımının qonaqları ilə kəlmə də kəsməyib. Bir dəfə kimsə xanımdan soruşub: "Həmişə masanın sonunda dinməzcə oturan o kişi kim idi, nəsə gözə dəymir?" Madam Jofren deyib: "Mənim ərim idi. O ölüb". 1776-da madam Jofreni paraliç vurur.
 
Onun köməksizliyindən istifadə edən qızı markiza de Lafarte-Enbo əvvəllər gələn ensiklopedist və aydınları bir daha evə buraxmamağı tapşırır. Onun belə elm adamlarından acığı gəlirdi. Bundan sonra madam Jofren qızını zarafatla sərdabəni xainlərdən qoruyan Qotfrid Bulyonskiy adlandırırdı. Qeyd edək ki, Qotfrid Bulyonskiy Qüdsə təşkil edilən xaç yürüşündə iştirak edib. Qüdsə daxil olan səlib qoşunu Qotfridə krallıq təklif edir. Amma Bulyonskiy İsanın məbədi olan şəhərdə taxt-tac sahibi olmaq istəmədiyini bəyan edir. Və bundan sonra özünü "Tanrı türbəsinin qoruyucusu" elan edir. 
 


Anasının acığına markiza de Lafarte-Enbo alimləri, filosofları, ədəbiyyat salonunu ələ salan məzəli orden təsis edib özünü bu ordenin kraliçası elan edir. (La Reine des Lanturelus). Dostları ilə görüşdən məhrum edilən madam Jofren ölüm ayağında hər yazıçıya təqaüd vəsiyyət edir. Bundan başqa "Ensiklopediya" yaradılması üçün öz şəxsi puluna qənaət edərək hər il vəsait ayırır. Madam Jofren Fransanın elm və ədəbiyyat sahəsində bugünədək hörmətlə yad edilir.


qadinkimi.com