QADIN / KİŞİ
Kişilərin xəyanət səbəbi - Rəşad Sultan yazır Tarix : 16 Yanvar 2019, 23:28
Yazar : Rəşad Sultan
Biri vardı, biri yoxdu. Canlılar vardı yer üzündə: bitkilər, heyvanlar... Təkhüceyrəli, çoxhüceyrəli... Tək məqsəd, tək məram, tək qayə, tək vəzifə: növün var olması. Bu bir proqram deyil, dərhal bu proqramı qoyan ilahi qüvvə axtarışına düşməyin. Bu canlının var oluşunun özüdür: əks halda, o növ zatən yoxdur, var idisə də, yox olur...
 Qayıdaq növün var olmasına. Öncə bu suala cavab verək:  Nədir canlı? Canlı, ətraf mühitlə maddələr mübadiləsində olan (al-ver edən) varlıqdı. Bir gün ölümə məhkum olan bir fərddi. Amma çoxala bilməsə, ondan bir daha olmayacaq ölümündən sonra. Deməli, canlı növü var olmaqçun çoxalmalıdır. Öncə fərd özünü qorumalıdır, ətraf mühitdən enerji mənbəyi almalıdır, sonra da çoxalmalıdır. Beləliklə, 3 instinkti sadalamış olduq: özünü qoruma, qidalanma, çoxalma. Həyatın əsasını təşkil edən 3 instinkt. Təkhüceyrəli bitkidən ən "ali" canlı olan insana qədər bütün növlərin bütün davranışlarının əsasında duran bu 3 səbəbdi. Bəli, bəli, o "ali" insan bunlarla yaşayır, hündür binalar, yüksək texnologiya, musiqi və ədəbiyyat bu gerçəyi dəyişmir. Özümüzü qoruyub, yeməyimizi tədarük edəndən sonra sıra gəlir çoxalmağa. Axı fərd kimi öləcəyik. Bunu biz düşünmürük, canlının xisləti budur. Ona görə də əks cinslə birləşib övlad dünyaya gətiririk. Öz yerimizi dolduracaq sayda, insan növünün yer üzərində varlığını davam etdirəcək sayda uşaq doğsaq, bəsimizdi - 3, 5, 15. Əsas odur ki, xəstəlikdən - zaddan qırılanda 1-2-si sağ qalsın. Bundan sonra ölə bilərik. 20-ci əsrə qədər insanın orta ömrü 40 il imiş, 3-5 uşaq doğmağa kifayət edər. Yoluxucu xəstəliklər, müharibələr və s. özü nizamlayır hər şeyi. Bütün bunlar bu şəkildə gedərkən, birisi tibb elmi dedi, başqası sülh dedi, insan ömrü oldu 70 il. Bir fərd nəinki öz övladlarını, hətta nəvələrini də görə bilir. Bir canlı kimi məməli heyvan növü kimi doğan, süd verən, əlini qidaya çatdırıb da bundan sonra ölməli olan fərd 70 yaşına qədər yaşayır. 70 yaşına qədər bu məməli heyvan nə ilə məşğul olsun axı?.. Sonra da deyirlər depressiyaya düşürük.  "Sənin övladın çoxalma yaşına çatıbsa,  bu dünyada nə işin var?!" deyir təbiət. Mən demirəm a, yanlış anlamayın, təbiətin qanunu bunu deyir. Sonra da kişini xəyanətdə günahlandırırlar.  Kişinin, daha doğrusu, erkək məməli heyvanın təbiətdə vəzifəsi daha çox dişini mayalandırmaqdır, onunçun ki, mümkün qədər çox fərd dünyaya gəlsin. Ayda bir dəfə bir yumurtahüceyrə yaranır dişidə, onun da cəmi 12 saat ömrü var. Erkəyi sədaqətli olan məməli heyvan növü bu dünyada var ola bilməz. Xəyanət dediyiniz poliqamiya erkək fərdin xislətində var. Hə, bəlkə əvvəlki kimi 40 il yaşasaydı, həyatın bərkinə-boşuna düşüb bir dişi fərddən 3-4 bala alıb missiyasını tamamlaya bilərdi. Amma yazığın (yazıq düşməni olsun) ömrü çatıb 70-ə, bir dişi ilə necə 50 il kifayətlənsin bu məsum erkək məməli heyvan? İndi iki sualla etiraz edəcəksiz: 1. Qadınlar da poliqam olsun o zaman. 2. İnsan axı sosial varlıqdı, bir az heyvandan fərqlənməlidi. Cavab: 1. Bayaq yazdığım kimi, poliqamiya erkək heyvanın xislətində var. Ayda bir dəfə yumurtlayan dişi fərdin hər gün mayalanmağı təbiətə və həmin növə heç nə vermir. 2. İnsan məcburiyyət və qadağalarla yox, təkamüllə sosial olub. Deməli, erkəkdən insanlıq gözləyiriksə, bunu birdəfəlik bilək, bu, məcburiyyət və qadağalarla olan iş deyil. Elə burdan son mesaja və yazının məğzinə keçirəm: Xəyanət deyə bir şey yoxdur. Poliqamiya erkəyin yaradılışında var. "Erkək olma, insan ol" deyiriksə, qadağa və məcburiyyətlə olan deyil. Tam tərsi - sərbəstlik, azadlıq, rahatlıq, özü ilə baş-başa qalma imkanı, nə istədiyini anlama fürsəti, hörmət, dostluq. Həm erkəyə, həm dişiyə. Bunların hamısı birlikdə nə adlanır? - "Sevgi". Sevgiylə qalın!