YAZI / DÜŞÜNCƏ
Kamran Nəzirli - “Janrı olmayan yazılar” silsiləsindən Tarix : 19 Aprel 2020, 00:52
Yazar : Qadinkimi.com

1930+90 = Darçın xalanın həyatı

 

SÖZgəlişi


Rəhmətlik anam həmişə deyərdi ki, həyat riyaziyyatla fizikanın qarışığından ibarətdi; mən bunu indi loru dildə deyirəm, amma o zamanlar anam bunları Nyutonun məşhur üç qanunuyla izah eləməyə çalışardı və görəndə ki, başıma girmir, əsəbiləşərdi. Düzü, anam müəllim kimi hər iki fənni yaxşı bilsə də, mən onları heç sevmirdim, tənliklərdən isə zəhləm gedirdi. Məni nə fizika, nə də riyaziyyat maraqlandırardı; əslində, heç nəyin marağında deyildim, sakit və qapalı uşaq həyatımı yaşayırdım. Anam bərk narahat olmuşdu, nənəmə deyirdi ki, vallah, bu uşaqdan qorxuram. Nənəmin cavabı isə hələ də yadımdadı: ”Qapalı həyat keçirir, burax, çıxsın çölə, qoy getsin təbiəti, dənizi, camaatı, dünyanı görsün, heyrətlənər! Uşağı maraqları böyüdər!” Elə nənəm deyən kimi də oldu - anam məni çölə buraxan kimi başladım heyrətlənməyə. Hətta on beş yaşım olanda dənizə də buraxdı; nənəmin təkidiylə də olsa, icazə verirdi ki, tay-tuşlarımla dənizə gedim, üzməyi öyrənim, günəş məni qaraltsın, ayaqlarım isti quma dəysin, sağlam olum... Düzünə qalsa, mən elə nənəmi ona görə sevirdim ki, o, mənə sərbəstlik verirdi, çölə çıxırdım və düşünürdüm ki, heç olmasa, böyüyəndə deyərəm ki, dənizdə çimmişəm, üzə-üzə hərdən uzağa da getmişəm, sahil görünməsə belə, qorxmamışam, sağ-salamat yenə qayıtmışam sahilə. Allah o dünyasını versin, axı mənim nənəm başqalarının nənəsi kimi deyildi; heç vaxt eşitməmişdim ki, kiməsə qarğış eləsin; amma qonşu nənələrin öz nəvələrinə çoxlu qəribə qarğışlar yağdırdığını eşidirdim: misal üçün, bax belə: "ədə, yer oğurlasın səni! Ya da bax belə - ədə, dənizə getmə dedim sənə, bax, Allaha and olsun, dənizdə boğulsan a, onda evə gəlmə!”

 

Bayaq arvadla oturub bir az karantindən, bir az dənizdən, bir az, nə bilim, Nyutonun qanunlarından (ətalətdən, təsirin əks təsirə bərabər olmasından... və sair və ilaxır), bir az da nənəmdən danışırdıq. Birdən qayıtdı ki, neçə gündü Darçın xala görünmür. Çölə çıxmır, başına bir iş gələr e?! Sonra da məni danlayırmış kimi əlavə elədi:

- Arvadı o qədər dilə-dişə saldın ki, göz dəydi! Yazıq, oturmuşdu oturduğu yerdə də!!!

(Düşmən evin içindəymiş ki?!)

- Bu da mənim yaxşılığım!- başımı buladım,- mənə "sağ ol!” desin e, onu karonavirusdan qoruyuram! Elə evdə qalsa yaxşıdı! Qoca arvaddı, çölə çıxıb ağzına gələni də danışır, hələ mən malalayıram bir azca...

 

 

Arvad başladı mənimlə söz güləşdirməyə.

- Mirzə, niyə o saat özündən çıxırsan? Xasiyyətindi, elə o gün Darçın xalayla da sərt danışırdın! Heç siyasətin-zadın yoxdu, vallah! Sən onu xilas eləmədin e, öldürdün! O yaşda arvada "evdə qal!” demək olar? Özü də belə gözəl zamanda...Əlbəttə, öləcək... Elə bəlkə də ölüb...(Əstəğfürullah! İlişmişəm e, əməlli-başlı!)

Arvada heç nə demədim. Sözləri yaman yer elədi mənə, heç bilmədim hirs vurdu təpəmə, yoxsa cin, çıxdım balkona, siqaretə güc verdim. Gözlərim istər-istəməz Darçın xalanı aradı. Arvad yenə görünmürdü. Həyətdə isə həyat vardı- həyat nə həyat! Yamyaşıl şam və küknar ağacları, alça, gilas, şaftalı, tut ağaclarının sütül yarpaqları sanki səssizlikdən hürkə-hürkə nəfəs alır, ətrafa da nəfəs verirdilər; güllü-çiçəkli tərtəmiz çəmənliklərin üstündə sarıdimdik qaratoyuqlar peyda olub, görünür, payızla yazı qarışıq salıblar, arabir astadan səs çıxara-çıxara ayaq dəyməyən yerləri dimdikləyirlər; sərçələr çivildəşmirlər e, elə gözəl pıçıldaşırlar ki, quş dili bilən Süleyman peyğəmbər lazımdı ki, görsün, bunlar nədən belə pıçıltıya keçiblər; hələ bülbülləri demirəm, oxumurlar, qədim kitabların təsvir etdiyi ehtiraslı nəğmələr yox, nəsə ayrı səslər çıxarırlar – həzin, ya da elə xəfif bir musiqiyə qulaq asarsan e, bax ondan! Hərdən də ala qarğaları görürsən, bunlar da daha əvvəlki kimi qarıldamırlar, şoğəriblər! Elə bil üç yüz illik yük daşıyırlar; sübh tezdən JEK işçilərinin dərmanladığı səliqəli cığırlara qonub qoca kişilər kimi ləngər vura-vura ətrafa oğrun-oğrun baxırlar... (başım çıxmır, bunlar nəyə etiraz edirlər belə?JEK işçilərinə???)...

 

Bəh-bəh, həyatdı, həyat! İnsan səsi gəlməyən həyət! Əlbəttə, Darçın xalasız bütün bu təbii görüntülər mənə cansız və quru təbiət mənzərəsini əks etdirən Çin rəssamlarının rəsmlərini xatırlatdı. Bəli, bəli, məhz Çin rəssamlarının! Və düşündüm ki, hərdən gərək həyata onların xırda gözüylə də baxmağı bacarasan, yəni sükutla! Bəzən həyatı sükutla seyr etmək onu hay-küy və qalmaqalla yaşamaqdan yaxşıdır.

Həyətimizi belə sükutla seyr etməyim beynimin sağ kəllə sümüyünün altındakı ölmüş neyronları diriltdi və mən yenə əlli il bundan qabaqkı qapalı uşaq həyatımı və nənəmin mənə bəxş elədiyi sərbəst günlərimi, azad bir quş kimi göylərdə uçmağımı, suiti kimi sevimli Xəzərin sularına baş vurduğum anları, və əlbəttə ki, anamın mənə təkidlə izah eləmək istədiyi Nyuton qanunlarını yavaş-yavaş dərk edib xatırlamağa başladım. Beynimin sol kəllə sümüyünün altındakı çoxdan yatmış neyronları da oyandı, və qəribə də olsa, dünyanın düz, yolların ucuz və Xəzərdə çimməyin pulsuz (yəni havayı!) vaxtında dənizdə boğulan məktəbli oğlanı necə xilas etdiyim anlar gözlərim önündə canlandı: o, məndən bir yaş kiçik olsa da, boyca da, bədəncə də iki dəfə böyük və ağır idi, necə deyim, lap "Neftçi”nin müdafiəçisi vardı ha, Buruxti, bax o boyda! Mən "Buruxti”ni cılız bədənimlə sahilə necə dartıb çıxartdığımı indi təsəvvür edəndə, ağlım az qala çaşır. O zaman sahildəki bütün adamlar heyrtələnmişdilər. Söz yox, məni dərhal unutdular, heç "sağ ol!” da demədilər, hamı "Buruxti”nin qusduğu duzlu suya həvəslə, həm də bir qədər qorxa-qorxa tamaşa edirdi. Bəlkə də bu epizod məhz belə bir havalı yazıda qərib kimi görünə bilər; adam belə şeyləri gərək dilinə də gətirməyə! Amma məsələ bundadı ki, onu xilas edəndən sonra "Buruxti” düz bir il yaşadı və qəflətən öldü. Etiraf edim ki, buna görə çox əzab çəkirdim və Allaha ağır getməsin, o zamanlar düşünürdüm ki, heyif mənim zəhmətimdən! Axı az qala özüm də boğulacaqdım! Mən xilas etdiyim adamın bir il sonra qəfil ölümünə çox heyfslənmişdim. Bilirəm, deyəcəksiz ki, axı bunun riyaziyyata, fizikaya, Nyutona, karantinə və Darçın xalaya nə dəxli var?

 

 

Var! Əgər siz bu karantin günlərində heç olmasa gündə bir saat səmavi kitabları oxusanız, onda bəzi mətləblər (həyat və həyət söhbətlərini nəzərdə tuturam!) sizə də agah olar. Elə zənn etməyin ki, mən də Nyuton və Paskal kimi ixtisasımı dəyişib teologiyaya girişmişəm. Qətiyyən yox! Mən kilsə ədəbiyyatını xoşlamıram, dini kitabları da çox az oxumuşam. Amma hər dəfə Quranı, ya da İncili açıb oxuyanda təkrar-təkrar xeyli dərəcədə heyrətlənirəm. Həm də ona görə ki, hər iki Kitabda çox dəqiq riyazi hesablamalar var; nə qədər desəniz iqtibaslar da gətirə bilərəm. Düzü, bu kitablara mat qalmışam: necə də dəqiq hesablamalar və düsturlar var! Yenə deyirəm, riyaziyyatı və fizikanı uşaqlıqdan sevməmişəm, amma bu karantin günlərində səmavi Kitabları varaqlayandan sonra xeyli heyrətlənmişəm; sən demə, rəhmətlik anam haqlıymış – hər ikisiylə həyatın əlaqəsi varmış!

 

 

Bayaq arvadın sözü məni yaman günə qoydu; kaş heç balkona çıxmayaydım, Darçın xalasız həyətimizdəki həyatı görməyəydim, beynimin hər iki qütbündəki neyronlar da elə əbədi yataydı! Sükut həyat ola bilməz, həyat da sükut! Çıxım çölə, gedim girim o biri bloka, görüm, doxsan il qaynar və sərt həyat görmüş Darçın xala necədi. Axı o da indi uşaq kimidi...həyət-baca onun üçün daha şirin olmuşdu...Qapalı həyat onu ya vəhşi edər, ya da öldürər. Və nöqtə qoymamış qoy bunu da deyim, ürəyimdə qalmasın: dünyanın başbilənləri çoxdan bilirlər ki, təsir əks təsir yaradır.

 


Kamran NƏZİRLİ

19 aprel 2020-ci il

 

P.S. Sizə demişdim axı, mən hesablamağı bacarmıram; ona görə də yuxarıdakı sərlövhədə bərabərlik (=) işarəsindən sonra o lənətə gəlmiş rəqəmi heç cür tapa bilmədim, yerinə elə belə, sözgəlişi Darçın xalanın adını qoydum...

 

qadinkimi.com