Dünyada ərəblər qədər gözəl nağıl uyduran, farslar qədər bu nağılı gözəl danışan və türklər qədər bu nağıla inanan ikinci bir millət yoxdur”. Bu, Mirzə Fətəli Axundovdun dediyi sözlərdir.
Son vaxtlar bir sıra müəlliflərin yazılarında belə bir fikrə rast gəlirik: Axundov (Axundzadə) öz tərcümeyi-halında yazıb ki, "milliyyətcə farsam”.
Axundov doğrudanmı farsdır?
Əslində Axundov çar Rusiyasında qəbul olunmuş rəsmi dövlət qaydalarına görə doğru deyirdi - o, "fars” idi. Çünki bu cür "rəsmiyyəti” həmin dövrün mövcud ərkanı tələb edirdi. Amma indiki zaman üçün həmin fikir əsassızdır, o, milliyyətcə türkdür. (Hətta, Axundovu ərəb hesab edənlər də var).
Etiraz edib deyə bilərlər ki, bu məsələdə nə "o zaman -bu zaman” söhbəti ola bilər ki? Kişinin oğlu öz dəst-xətti ilə milliyyətcə kim olduğunu yazıbsa, ta biz buna nə əlavə edə bilərik?.. Əslində isə bu barədə çox şey demək olar.
Bəyəm bizim millətin adının, bəzənsə bizim soyadımızın neçə dəfə dəyişdirildiyindən xəbəriniz yoxdur?
Məsələ burasındadır ki, Axundov dünyaya gələndə (1812-ci ildə) Azərbaycan İran ərazisi hesab olunurdu. Mirzə Fətəlinin atası Məmmədtağı tərtəmiz türk qövmünə mənsubdur - Təbriz yaxınlığındakı Xamnə kəndində doğulub. Bildiyiniz kimi, böyük mütəfəkkirin anası Nanə xanım isə Nuxada (Şəkidə) dünyaya göz açıb.
İran ərazisi uzun illər və əsrlər boyu müxtəlif cür adlandırılıb. Bütün bu "adlandırmaların” və dövlət quruluşlarının sadalanması geniş bir təsnifat tələb edir. Fakt budur ki, 1935-ci ilə qədər İran "Persiya", onun vətəndaşları isə "fars” və "pers” adlandırılıb. Axundov dünyaya gələndən az sonra biz rus imperiyasının təbəliyinə daxil olsaq da, həmin dövrəcən doğulanların indiki anlamda desək "doğum haqqında şəhadətnaməsi” olmayıb, amma sonralar dövlət qulluğuna götürülən adamları dəftərxanalarda "fars” kimi qeyd ediblər.
Belə ki, o dövrün Abbasqulu ağa Bakıxanov, Mizə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh və s. bu kimi görkəmli şəxsiyyətlərin milliyəti də müxtəlif rəsmi və qeyri-rəsmi sənədlərdə gah "tatar”, gah "qafqazlı”, gah da "fars” kimi qeyd olunub. Hətta soydaşlarımızdan bir çoxu xristian və ya slavyan təbəliyini qəbul etmişlər.
İstər-istəməz sual çıxır: bəs niyə türk yox, fars?
Məsələ burasındadır ki, o vaxtlar əksər hallarda İran ərazisində doğulan insanlar fars, Rusiyada doğulan insanlarsa rus adlandırılırdı.
Təkcə İranda və Rusiyadamı belə idi? Xeyr. Lap elə bu yaxınlara qədər, yəni Sovetlər Birliyi çökənəcən, SSRİ-dən xaricə gedən vətəndaşların az qala hamısına ya "rus”, ya da "sovet adamı” deyirdilər. Və yaxud lap indinin özündə də Çindən gələnin hamısına çinli, İngiltirədən gələnin hamısına ingilis, Afrikadan gələnin hamısına zənci deyilmirmi?
Axundovun zamanında Türkiyədən olanlara adətən osmanlı (nadir hallarda türk), Azərbaycandan olanlara fars və ya qafqazlı, bəzənsə "tatar" deyirdilər. Hətta, Mirzə Fətəliyə tiflisli, nuxalı, rus deyənlər də olub.
Qəribədir, bu gün Axundovu "İranpərəstlikdə”, İranı sevməkdə təqsirləndirən adamlar var. Burada hansı "pərəstlikdən” söhbət gedə bilər ki, Mirzə Fətəli daim İran mollalarını xalqı cəhalətə sürəklədiklərinə görə tənqid atəşinə tutub? Düzdür, böyük ədibin "Kəmallüdövlə məktublarında” İranın "şanlı keçmişindən” söhbət açmışdır. Lakin bu hisslər Axundovun öz uşaqlığını keçirdiyi doğma vətənə, doğma dilə və doğma adamlara olan məhəbbətdən qaynaqlanır.
Bəzən Mirzə Fətəlinin ümumiyyətlə türkləri və ya Türkiyəni sevmədiyi iddia olunur. Yalandır. Axundov yazırdı: "Biz istəyirik ki, Osmanlı xalqı bizim səyimizlə xoşbəxt bir xalq olsun”. Böyük mütəfəkkir sonra qeyd edirdi ki, "lakin bizim bu arzumuz Osmanlı nazirlərinin şəxsi zərərinədir. Biz ümumun mənfəətini istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər”. Bəli, Axundov xalqa zidd olan bütün əməlləri qamçılayırdı.
Axundovu "ərəbçilikdə” ittiham edənlərə də təsadüf olunur. Mirzə Fətəli sanki xalqa üz tutaraq yazırdı: "Ac və çılpaq ərəblər səni 1280 ildir bədbəxt etməkdədir”.
2020-ci ildə YUNESKO-nun təşəbbüsü ilə 150 illiyi qeyd edilən böyük ədibimiz Ə. Haqverdiyev 1928-ci ildə "Maarif və mədəniyyət” jurnalının 3-cü sayında çap olunmuş "M.F.Axundzadə haqqında” adlı məqaləsində yazırdı: "Epoletli, mükafatlar, medallarla bəzədilmiş mundirlər...altında odlu bir ürək döyünürdü”.
Bu gün Axundovu, hətta, mason lojasının üzvü olduğunu iddia edənlər də var. Amma ortada bunu təsdiq edən bir fakt yoxdur. Axundov təpədən-dırnağacan xalqına bağlı bir şəxsiyyət olub. O yazırdı: "Bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir”.
"Dünyada ərəblər qədər gözəl nağıl uyduran, farslar qədər bu nağılı gözəl danışan və türklər qədər bu nağıla inanan ikinci bir millət yoxdur”. Bu, Mirzə Fətəli Axundovdun dediyi sözlərdir.
Mən bu müxtəsər qeydləri niyə yazıram?
Çünki indi təkcə adi adamların arasında deyil, özünü "alim” hesab edən şəxslərin sırasında da bisavadlıq artmaqdadır... Və onların bəziləri doğrudan da Mirzə Fətəlini fars hesab edir.
Qısası, Axundov türkdür.
P.S. Yeri gəlmişkən, Mirzə Fətəlinin soyadı barədə bir-iki kəlmə demək istərdim. Doğrudur, ədibin ilk ədəbi əsərlərinin mühüm qismi "Axundzadə” soyadı ilə dərc edilib. Amma bütün dünyada o həm də "Axundov” soyadı ilə tanınır. Elə bu səbəbdən də böyük mütəfəkkirin soyadının "sabitləşməsi” zəruridir.
FİRUZ MUSTAFA
qadinkimi.com