HÜQUQLARIMIZ, QADIN / KİŞİ
İSTANBUL KONVENSİYASININ TƏLƏBLƏRİ VƏ QADIN HAQLARI - Hüquqşünas rəyi Tarix : 30 Noyabr 2019, 10:41

Azərbaycan Respublikasında qəbul edilmiş qanunun insanlara çatdırılması, eyni zamanda tətbiqində tam əhatəlilik yoxdu. Məsələn, "Məişət zorakılığının qarşısının alınması haqqında”Qanunun 13-cü maddəsində zorakılığın qarşısını almaq üçün sosial, qabaqlayıcı və hüquqi xarakterli tədbirlər nəzərdə tutulub. 
 
Amma bu tədbirlərin həyata keçirilməsi ilə bağlı boşluqlar var. 

2010-cu ildə qəbul edilən həmin qanunda şiddətə məruz qalan şəxsin dövlət hesabına hüquqi yardım alması göstərilsə də "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsində bu müddəa hələ öz əksini tapmayıb. Çünki vəkillərlə bağlı qanunda kimlərin dövlət hesabına hüquqi yardım ala biləcəyi konkret qeyd edilib: inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansısa məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Belə olan halda qanunun tətbiqi ilə məşğul olan qurumların üzərinə öhdəliklər qoysaq, artıq problemlər ortaya çıxacaq. 2017-ci ildən bu yana Vəkillər Kollegiyası tərəfindən üzvü olduğumuz büroya göndərilən müraciətlər əsasında pulsuz hüquqi yardım edilib. Bu müraciətlərə könüllü və təmənnasız hüquqi yardım göstərilib, məqsəd problemin həllinə nail olmaqdır. Məsələn, dəfələrlə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bizə pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı müraciətlər daxil olur. Bu halda şəxsi təşəbbüsümüzlə əlimizdən gəldiyi qədər pulsuz yardım göstərməyə çalışırıq. Amma məsələyə kompleks yanaşmalıyıq. Azərbaycan cəmiyyətində bütün zorakılıq qurbanlarına kütləvi şəkildə yardım prizmasından yanaşırıqsa, dövlətin mübarizə üçün nəzərdə tutduğu müddəalar digər qanunlarda da mütləq öz əksini tapmalıdı.  

Qanunla bağlı narazı qalınan ikinci önəmli məsələ də effektivlik məsələsidir. Əgər mühafizə orderləri varsa, onların icrası ilə bağlı məsələlər də günün tələbləri səviyyəsində təmin olunmalıdır. Mühafizə orderlərinin icrasının təmin olunması ilə bağlı "İcra haqqında” Qanuna baxsaq, görərik ki, mühafizə orderlərinin verilməsi icra sənədlərindən biridir. Uzunmüddətli mühafizə orderi məhkəmə qərarı  əsasında verildiyi üçün ayrıca bənd hesab edilmir. Qısamüddətli mühafizə orderi isə ayrıca bənd sayılır. Bunun icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən 2012-ci ildə qəbul edilən 46 saylı qərar var. Qərarda göstərilir ki, qısamüddətli mühafizə orderlərinin tətbiqi "İcra haqqında” Qanunla tənzimlənir. İcra haqqında qanunu dəfələrlə incələmişəm. Burda mühafizə orderi ifadəsi 7 dəfə işlənib, amma mühafizə orderlərinin icrası ilə bağlı hallar öz əksini tapmayıb. Məsələn, qanunda mühafizə orderi ilə bağlı vətəndaşın hansı hüquq-mühafizə orqanına müraciət edə biləcəyi barədə məlumat verilməsi nəzərdə tutulub. Amma bundan sonrakı mərhələ barədə heç nə yazılmayıb.

Nə etmək olar? Təklif

​21-ci əsrdə texnologiya hər sahədə olduğu kimi bu sahədə də əhəmiyyətlidi. Azərbaycanda 2018-ci ildən cinayət prosesi sahəsində elektron vasitələrin tətbiqi geniş istifadə edilməyə başlanıb. Mühafizə orderlərinin tətbiqində elektron vasitələr çox vacibdi. Məsələn, haqqında şikayət olan şəxsə nəzarət edən şəxs icra məmurudur. İcra məmuru həmin şəxsi çağırır, xəbərdarlıq edir ki, sən bu şəxsi bir daha narahat etmə. Bəs bundan sonra nəzarət prosesi necə olur? 

Nəzarətin icrasının effektivliyi nə dərəcədədir? 

Burada icra məmuru həmin şəxsi davamlı izləmək kimi bir imkana sahib deyil. Buna görə də nəzarət formaları dəqiq müəyyən edilməlidir. Bunun örnəkləri bütün dünyada, eləcə də Türkiyədə var. Bu ölkələrdə nəzarət mexanizmi elektron formada həyata keçirilir. Bu, necə olur? Məsələn, icra və probasiya qurumunun tərkibində cinayət prosesində barələrində müvafiq qətimkan tədbiri seçilmiş şəxslərə nəzarət edən bir şöbə var. Məhkəmə qərarı ilə haqqında şikayət qərarı olan şəxsin müəyyən olunmuş dairədən kənarda hərəkəti qadağandır. O, 24 saat ərzində həmin şöbə tərəfindən davamlı izlənilir. Hətta texnologiya o qədər inkişaf edib ki, həmin alət vaxtında cərəyana qoşulmasa, bununla bağlı xəbərdarlıq siqnalı verilir. Məsələn, prosesə nəzarət edən icra və probasiya məmuru nəzarət etdiyi şəxsə zəng edib, alətin enerjisinin bitdiyini bildirir.  

İkinci önəmli məsələ, məişət zorakılığı anlayışının əhatələliyinin artırılmasıdır. Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının ( İstanbul Konvensiyası) məzmunu ilə tanış olan zaman həmin Konvensiyanın müddəalarında göstərilən bəndlərin əksəriyyətinin Azərbaycan qanunlarında öz əksini tapdığını görürük. Məsələn, kişi və qadın hüquq bərabərliyi; 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında bu müddəa öz əksini tapıb. Həmin konvensiyanın məzmununda  dövlətlərin üzərinə qoyulan öhdəliklər əksini tapır: Zorakılıqla mübarizədə effektivlik o halda mümkündür ki, cəmiyyətin bütün tərəflərində tətbiq edilə biləcək sistem olsun. Burada tətbiq edilə bilən tədbirlərdən biri kimi qaynar xətlərin yaradılması qeyd edilir. Məsələn, Türkiyədə 2 qaynar xətt var. Biri sosial yardım, digəri də sosial dəstək xəttidir. Türkiyə hökuməti burda sosial yardım və sosial dəstəyi bir-birindən fərqləndirir.

Azərbaycan Respublikasında məişət zorakılığının qarşısını almaqla bağlı görülmüş işlərə dair məlumat bankı yaradılıb. Amma məlumat bankı yalnız dövlət orqanları üçün açıqdı. İctimaiyyət üçün açıq deyil. Bu məlumat bankında toplanan məlumatların və onların təhlilinin ümumi işə faydası nə dərəcədir? Eyni zamanda bu bank latentlik (gizli) hallarını aradan qaldırmağa imkan verirmi? Konvensiya isə daha geniş tədbirlər planının icrasını tələb edir. Burada təkcə profilaktik və sosial tədbirlər nəzərdə tutulmayıb. Həm sosial, həm də hüquqi və bununla bağlı kompleks məsələlərin əksini tapması istənilir. 

Eyni zamanda dövlətlərin məsələ ilə bağlı öz təcrübələrini paylaşması, monitorinq qurumunun yaradılması və dövlətlərin parlamentdən hesabatlar tələb etməsi, o hesabatların müzakirəsi kimi hallar da nəzərdə tutulub. Adı çəkilən Konvensiyaya qoşulmaqla bağlı Azərbaycan Respublikasının Qanun layihəsi və bu məsələlərlə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

Amma təkcə Konvensiyaya qoşulmaqla məişət zorakılığının qarşısını almaq mümkün deyil. Burada yalnız qadınlara deyil, uşaqlara və kişilərə də göstərilən zorakılıq halları da nəzərdə tutulur. Hüquqi maarifləndirmə və təbliğatla insanlar bu barədə daha çox məlumatlandırılmalıdır. 

 
"Namus" zorakılığa bəraət verə bilməz;

Konvensiyada deyilir ki, qadına qarşı zorakılığın "namus”la əsaslandırılıb bəraət almasına nə qanunda, nə də cəmiyyətdə yer verilməlidir. Bu məsələnin təbliğatla cəmiyyətə çatdırılması dövlətə öhdəlik kimi qoyulur. 

Eyni zamanda qanunda nəzərdə tutulan müddəaların icrası məsələləri üzərində ciddi işlər görülməlidir. 


Ümumilikdə cəmiyyətimizdə zorakılığa qarşı mübarizədə "Məişət zorakılığının qarşısının alınması" Qanunu başlanğıc üçün yaxşı hesab edilə bilər. Təqdim olunan boşluqların aradan qaldırılması təklifləri problemin həllində kömək məqsədi daşıyır. 


Kənan İsmayılov-Vəkillər Kollegiyasının üzvü, hüquqşünas
"Qadinkimi"nin "Çağdaş hüquq sistemində qadın haqları" layihəsi çərçivəsində