BURA / ORA
İranda qadınlara stadionda futbola baxmağa icazə verilib Tarix : 28 Avqust 2022, 23:56

İranda son onilliklərdə ilk dəfə olaraq qadınların stadiona girişinə icazə verilib.

Azpost.info "Radio Farda”ya istinadən bildirir ki, qadınlar avqustun 25-də bu icazədən, etiraz olaraq özünü yandırmış Səhər Xudayarinin xatirəsini yad etmək üçün istifadə ediblər. Qadınlar Tehranın Azadi stadionunda "Mavi qız! Mavi qız!” şüarı səsləndirirdilər. Mavi Xudayarinin sevimli komandası Esteqlal klubunun rəmzi sayılır.

29 yaşlı Səhər Xudayari 2019-cu ildə məhkəmə binasının qarşısında özünə od vuraraq yandırmışdı. Xudayarini Azadi stadionuna girə bilmək üçün kişi paltarı geyindiyinə görə mühakimə edirdilər. Bu hadisədən sonra İran hökuməti qadın azarkeşləri bir neçə matça buraxmağa məcbur olub.

Avqustun 25-də Esteqlal və Mes-e Kerman klubları arasında keçirilən matça nə qədər qadının buraxıldığı məlum deyil. Dövlət mediası yazır ki, 100 minlik stadionda qadınlar üçün 500 yer ayrılmışdı. İran xəbər agentliklərinin dərc etdikləri fotolarda azarkeşlərin "Qadınlar bundan artığına layiqdirlər!” yazılı plakat qaldırdıqları görünür.

Sözü gedən matça tamaşa etmək üçün gələn qadınlar habelə İran futbolçusu Vorya Qafuriyə dəstək ifadə ediblər. Bu futbolçu hökumətin qatı tənqidçilərindən hesab olunur. Esteqlal klubu özünün rəsmi Twitter hesabında qadınların stadiona buraxılmasını alqışlayan post yazıb: "Biz sizin Azadi stadionunda olmanızdan çox məmnunuq”.

Esteqlal klubunun baş məşqçisi və futbolçuları tribunalara daxil olan qadınları salamlayıblar.

İranda bir çox sosial media istifadəçiləri qadınların stadiona gəlməsinə icazə verilməsini təqdir edən postlar yazıblar.

İranda 1979-cu il İslam İnqilabından sonra qadınların stadionlara daxil olması qadağandır. Lakin dünya futbol təşkilatı – FIFA-nın da təzyiqləri ilə hakimiyyət son illərdə qadınların bir neçə matça stadionda tamaşa etməsinə icazə verib. 2019-cu ilin sentyabrında FIFA İranın qarşısında qadınların məhdudiyyətsiz olaraq stadionlara buraxılması tələbini qoymuşdi. 2019-cu ilin oktyabrında İran hökuməti ilk fdəfə olaraq 4 minədək qadının İran-Kamboca matçına stadionda tamaşa etməsinə icazə vermişdi.

Avqustun 25-də isə qadınlar ilk dəfə olaraq İranın iki futbol klubu arasında keçirilən matça buraxılıblar.

qadinkimi.com