İtaliya Yaxın Şərqdəki müharibə bölgələrinə silah daşımaqda günahlandırılan İrana məxsus Mahan Air hava yolu şirkətinin uçuşlarına qadağa qoymağa hazırlaşır.
İtaliya mülki aviasiya agentliyi olan ENAC verdiyi yazılı açıqlamada Mahan Air şirkətinin Roma və Milana olan uçuşlarının dekabr ayının ortalarından etibarən sona çatacağını bəyan edib.
İtaliya Hava Yolları Birliyi sözügedən qadağanı təsdiqləyib.
2011-ci ildən başlayaraq Mahan Air hava yolu şirkətinə sankisyalar tətbiq edən ABŞ şirkətin Yaxın Şərqə silah daşıdığını və İran İnqilab Keşikçilərinə kömək etdiyini iddia edirdi.
ABŞ-ın ardınca öncə bu ilin yanvar ayında Almaniya, daha sonra isə mart ayında Fransa hava yolu şirkətinin uçuşlarını əngəlləmişdi. İtaliya Xarici İşlər naziri Luigi Dİ Maio isə oktyabr ayında amerikalı həmkarı ilə görüşü zamanı oxşar qərar alacaqlarını açıqlamışdı.
Qeyd edək ki, 1992-ci ildə Tehranda qurulan və ölkənin ilk özəl aviaşirkəti olan "Mahan Air" eyni zamanda İranın ən böyük hava yolu şirkətidir.