İnsan niyə xoşbəxt ola bilmir? Xoşbəxtlik niyə bu qədər vacibdir? Nəyə görə bu bütün dünya xoşbəxt olmağa çalışır? Bütün bu suallar çox qəliz olsa da, bunları cavablamağa çalışacam, özü də "xoşbəxtlik” sözünün özü ilə.
Xoşbəxtlik sözü dilimizin izahlı lüğətində "həyatından son dərəcə məmnunluq, dərin razılıq və sevinc hissi” kimi şərh edilir və məncə bu açılışla razılaşa bilərik. Türk Dil Qurumunun saytında xoşbəxtlik - "mutlu” sözü "bütün arzulara əksiksiz və mütəmadi qovuşmaqdan duyulan iftixar hissi” kimi izah edilir ki, bu da ağlımızdakı xoşbəxtlik anlayışına uyğun gəlir. Merriam-Webster onlayn ingilis dili izahlı lüğətində isə söz "yaxşılıq və məmnunluq vəziyyəti” kimi izah edilir. Bura qədər hər şey çox sıxıcı və adidir, hamımız bilirik ki, bu söz təxminən bu mənalara uyğun gəlir. Onda bir az daha dərinə baxaq.
Biz əgər xoşbəxtlikdən danışırıqsa, burada bir əhəmiyyətli məqam var, bu xoşbəxt insandır, yəni xoşbəxtliyi yaşayan şəxs. Dilimizdə xoşbəxt sözünə sinonim olan bəxtəvər, bəxtiyar, uğurlu, məsud, səadətli kimi sözlər var. Eynilə xoşbəxtliyin sinonimi də bunlar olur. İşin ən həyəcanlı, "a-ha” məqamı artıq görünür. Bu sözlərin hamısını bir-birinə bağlayan, bəzən açıq şəkildə özünü göstərən, bəzənsə gizlədən həmin məqam "bəxt” sözüdür. Əgər biz xoşbəxtlikdən danışırıqsa, bunu deyə bilərik ki, xoşbəxtlik bədbəxtliyin mövcud olmaması deməkdir. Onda gərək biz birinci bəxt sözünün özünə və daşıdığı mənalara baxaq. Lakin ilkin olaraq yuxarıda qeyd etdiyim aşkar və gizli məqamları izah edim. Bəxtiyar və bəxtəvər sözlərində biz bəxt sözünü konkret görürüksə, uğurlu, məsud, səadətli sözlərində görmürük. Lakin biz bu sözlərin etimolojik mənalarına diqqət yetirsək bunu görəcəyik. Uğur sözü sırf türk mənşəli sözdür, ona Yenisey yazılı abidələrində də rast gəlinir və sözün birincil mənası "təsadüf, rast gəlmə, rastlama”dır, sözün "xeyirli təsadüflərə yol açan güc; bəxt, tale” mənaları ikincidir. Məsud və səadət sözləri ərəb mənşəlidir, eyni köklüdürlər, "xoşbəxt, uğurlu” mənalarına uyğun gəlirlər.
Biz gərək əvvəlcə bəxt sözünün mənasını anlayaq və təkcə bugünkü mənasını yox, həm də etimoloji nöqteyi-nəzərdən. Bəxt sözü izahlı lüğətimizdə "tale, qismət, müvəffəqiyyət, uğur” kimi izah edilir. Təbii ki, bunların "xoş” və "bəd” önşəkilçilərilə işləndikdə yaratdığı mənalar da aydın olur, lakin bu kifayət etmir. TDQ isə bu sözə "gələcəkdəki hadisələri qaçınılmaz şəkildə təyin edən ilahi iradənin insan və cəmiyyət üçün biçdiyi yaşayış tərzi; qədər, tale, qismət” kimi izah edir. Mən TDQ-nun izahının daha dəqiq olduğunu düşünürəm, çünki sözün etimoloji mənasına daha uyğun gəlir. Belə ki, fars mənşəli bəxt sözü "ehsan etmək, pay və nemət vermək, qarşılıqsız vermək” mənalarına gələn bəxş sözündəndir.
Biz bilirik ki, fars dili Hind-Avropa dili ailəsinə məxsusdur və hind-avropalıların ortaq kökdən gəldiyi məlumdur. Onların ilkin vətəninin Qara dənizin şimalında Qafqaz və Karpat dağları arasında yerləşən ərazi olduğu bildirilir və e. ə. V-III minilliklərdə burada "kurqan mədəniyyəti” formalaşmışdır. Daha sonra köçə başlayan hind-avropalılar demək olar ki, bütün Avrasiyaya yayılmışlar. Bəxş sözünə biz Avestada rast gəlirik və bizə məlumdur ki, Zərdüştə qədərki İran panteonundakı tanrılar qədim hind Vedalarındakı tanrılara çox bənzərdilər, demək olar ki, eynimənşəlidirlər. Avropa dillərinin, həmçinin fars dilinin də ortaq kökünün sanskrit dili olması haqda iddialar mövcuddur. İndi çox ciddi bir məqama nəzər yetirməliyik: Avestanın müəllifi Zərdüşt peyğəmbər demək olar ki, bugünkü dünyanın dini təfəkkürünün də yaradıcısıdır. Çünki onu etdiyi islahat nəticəsində çoxtanrılıqdan təktanrılığa keçildi və bundan əlavə O, vahid, əks-tanrı obrazında bir Şeytanın yaranmasını təmin etdi. O vaxta qədər çoxtanrılı sistemdə Xeyirlə Şər qarışıq və dolaşıq idi, Zərdüştün islahatından sonra isə artıq Xeyirlə Şər tamamilə ayrılmışdı, mütləq mənalar qazanmışdılar. Xeyir Ahura Mazda ilə, Şər isə Əhrimən ilə simvolizə edilirdi. Zərdüştün yaratdığı bu dini təfəkkür sistemi səmavi dinlərin, Avesta isə onların müqəddəs kitablarının sələfi idi. Demək, Zərdüşt islahat aparanadək Bhaga adlı Mitraya kömək edən bir tanrı var idi. Bu niyə önəmlidir, çünki "bhaga” sözü bəxş sözünün sanskrit dilindəki qarşılığı idi və onun "pay, qismət, tale” kimi mənalarından başqa dini kontekstdə çox mühüm əhəmiyyət kəsb edən "paylaşdıran, ehsan edən;bəy,ağa” kimi mənaları var. Yəni əslində "bhaga” bir tanrı siması idi və Zərdüşt islahatına qədər bir tanrı kimi mövcud idi. Onun sayəsində artıq Ahura Mazda təktanrı idi və onun əzəli rəqibi Əhrimən idi. Zərdüşt dualizmin yaranmasını təmin etmişdi. Artıq anlayışlar bulanıq deyildi, hər şey ağ və qara idi, Xeyrin və Şərin nə olduğu məlum idi.
Bunun məsələmizə olan aidiyyatı isə budur ki, ABŞ-nın qurulması, dünyada aristokratik sistemin etibarsızlaşması və meritokratik sistemin, yəni insanların nəsil şəcərələrinin yox, zəka və bacarıqlarının sosial statuslarını təyin etməsinə başlamasına qədərki müddətədək bəxt olduqca mütləq bir anlayış idi. Çünki bəxt Tanrı tərəfindən verilirdi, ilk başda Zərdüştilik, daha sonra isə Yəhudilik, Xristianlıq və İslam tanrıların hər birisi, yəni çağdaş dünyamızın mirasçısı olduğu, təməllərinin üzərində qurulduğu bu qədim dini təfəkkürlərin (təbiiki hamısını əcdadı Zərdüştilikdir) hər birində alın yazısı, tale, bəxt, şans və s. adını nə qoyursunuzsa qoyun, Tanrı tərəfində bəxş edilirdi. Praktiki həyata baxmaqla bu düşüncə tərzinin hələ də necə aktual olduğunu görmək mümkündür, mütləq ki, "Nə bilim, alınmadı da, bəxtimiz belə imiş”, "Allah belə qismət eləyib, bəxtim budur nə edim?”, "Bəxtəvər olacaq, dövlətli qızla evlənir” və s. kimi ifadələr eşitmisiniz. Bəxt anlayışı olduqca idealist və mütləq bir anlayışdır. Tanrı insana xoş ya da bəd bəxt bəxş edə bilər, yəni Tanrı insanı xoşbəxt ya da bədbəxt edə bilər.
Xub, indi biz deyək ki, xoşbəxtliyin, bədbəxtliyin, bəxtin nə olduğunu anladıq, bəs bu gün nəyin problemini yaşayırıq? Bu gün yaşadığımız bütün problemlərin yuxarıda qeyd etdiyim meritokratiyadan qaynaqlandığını demək olar. Fikirləşin, əvvəllər aristokratik sistemlərdə insanların sosial status dərdi yox idi, çünki sən ya bəy doğulurdun, ya kəndli. Cəmiyyətdə isə heç kim səni bəy olmadığın, varlı olmadığın, söz sahibi olmadığın üçün günahlandıra bilməzdi, çünki nəsillə gəlmirsə, heç cür mümkün deyil, igidlik, hünər göstərsən bəlkə və bu çox kiçik bir ehtimal idi. Ona görə də bədbəxt insanlar əslində özlərini "xoşbəxt” hiss edirdilər, çünki onların xoşbəxt olmaq qayğıları yox idi. İndi isə artıq xoşbəxtliyin o mütləq mənası itib. Baxın, ingilis dilində xoşbəxtlik "happiness” sözülə ifadə edilir. Qeyd etmişdim ki, söz "məmnunluq və yaxşılıq vəziyyəti”ni bildirir. Əslində, isə 15 əsrdə əsl mənada xoşbəxtlik, yəni bəxş edilmiş yaxşı bəxt mənasına gəlirdi. Meritokratik sistemdə xoşbəxtlik artıq fövqəlqüvvənin təyin etdiyi bir şey olmaqdan çıxıb, hər kəsin əldə edə biləcəyi şeyə çevrildi, buna görə də "xoşbəxt” ola bilməyən, yəni uğur qazana bilməyən insanlar özləri günahkar sayılırlar.
İnsanın arzularının tam və əksiksiz təmin etməsi üçün, həyatdan məmnun qala bilməsi üçün onun çoxlu vaxtı və pulu olmalıdır, yəni xoşbəxt insan o insana deyilirdi ki, Tanrı ona çoxlu nemət, var-dövlət bəxş edib. Artıq insanların "işləyib varlı olacam= xoşbəxt olacam” düşüncələrini haradan qaynaqlandığı da aydınlaşır. Artıq xoşbəxtlik ömür boyu davam edən bir vəziyyət olmaqdan çıxıb anlıq vəziyyətə çevrilib, artıq insanlar müəyyən anlarda xoşbəxt olurlar, əslində isə bu mümkün deyil, çünki xoşbəxtlik bir hiss deyil. Kapitalizm öz keyfiyyətsiz, tez istehlak edilən və istehlakı "xoşbəxt edən” əmtəə və xidmətləri ilə insanları inandırmağa çalışır ki, çox çalışıb çox istehlak etsəniz, xoşbəxt olacaqsınız, ona görə dayanmayın, dayanmadan işləyin, daha çox istehlak edin və daha da xoşbəxt olun.
Əslində isə, əziz oxucularım, mənə görə xoşbəxtlik və ya bədbəxtlik yoxdur, buna görə də insan xoşbəxt ola bilmir. Yox, əgər siz dindarsınızsa, xoşbəxtlik nəzərdə tutduğunuz şey deyil. İnsanın şad və kədərli olduğu anlar var. İnsan həyatı daimi xoş və ya bəd keçə bilməz. İnsan həyatı dalğalanmalıdır. Hislər qabarmalı və çəkilməlidir. Eynilə ürək döyüntüsü kimi. Bu yaşamdır.
Murad Məmmədzadə
qadinkimi.com