BURA / ORA
“İmza atmağı belə bilməyən” erkən evləndirilən qızlar Tarix : 28 Oktyabr 2019, 13:30
Yazar : Qadinkimi.com
Gürcüstanda Kaxeti bölgəsində azyaşlı qızını evlənməyə məcbur edən etnik azərbaycanlı kişi həbs olunub. Bu məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Nazirlik bildirir ki, Saqareco rayonun Yormuğanlı kəndində olan kişi 2002-ci il təvəllüdlü qızını zorla ərə vermək istəyib.

17 yaşlı qız sığınacağa yerləşdirilib, atasını isə 2 ildən 4 ilədək cəza gözləyir.

Gürcüstan qanunvericiliyində evlilik üçün minimum yaş həddi 18-dir.

Amma Gürcüstanda etnik azərbaycanlılar arasında yayılan təkcə erkən evlilik deyil, üstəlik, bundan doğan fəsadlar, o cümlədən selektiv abortlar demək olar ki, həkimlər üçün artıq böyük bir problemə çevrilib, azyaşlı gəlinlərin müraciət etdikləri bəzi həkimlər deyirlər.

"15 yaşa qədər doğuşların 85-90 faizi Kvemo Kartli bölgəsindəndir", etnik azərbaycanlıların doğuş və abort üçün ən çox müraciət etdikləri deyilən Tbilisidəki ginekologiya üzrə ixtisaslaşan xəstəxananın baş həkimi Zaza Sinauridze danışır.

Gürcüstan qanunvericiliyi isə 16 yaşına çatmamış şəxslə cinsi əlaqəyə görə 6 ildən 9 ilə qədər həbs müddətini nəzərdə tutur. 2017-ci ilin yanvar ayından isə 18 yaşa qədər nikah qeydiyyatı qadağan edilib.

Erkən evliliklə bağlı Ombudsmanın 2016-cı ildə hazırlanmış hesabatda göstərilir ki, azyaşlı valideynlərin sayına görə Kvemo Kartli bölgəsi 4-cü yerdə qərar tutur.

15 yaşında ərə verilmiş qızın hekayəsi
 


Hazırda 20 yaşı olan Qardabani sakini Günel (ad müsahibin istəyi ilə dəyişdirilib) 16 yaşında ana olduğu zaman doğuş haqqında heç bir məlumatı olmayan qadınlardan biridir.

Günel 15 yaşında ailə həyatı qurub. Bir il sonra isə ilk övladını dünyaya gətirib.

"Doğuşa gedərkən heç bir məlumatım yox idi. Mən 15 yaşında evlənəndə evlilik haqqında heç bir məlumatım yox idi. Evlənməyin gözəl bir şey olduğunu düşünürdüm. Həqiqətən də bu bir xəyal imiş. Çünki çox uşaq imişəm, çox. İndi başa düşürəm hər şeyi. Amma artıq çox gecdir", o deyib.

Gürcüstan qanunvericiliyində 16 yaşına çatmamış şəxslə cinsi əlaqəyə görə 6 ildən 9 ilə qədər həbs müddəti nəzərdə tutulur. Belə bir qanunun mövcud olmasına baxmayaraq, azərbaycanlılar arasında erkən evlilik hallarının sayı artmaqda davam edir, həkimlər iddia edirlər. Bu səbəbdən xəstəxanalar xüsusi hüquq-mühafizə orqanlarını azyaşlı gəlinlər barədə xəbərdar edirlər. Ondan sonrası isə xəstəxanaya məlum deyil, həkimlər deyirlər.

Gürcüstanda Ombudsmanın 2018-ci il hesabatında deyilir ki, ölkə üzrə bu ildə azyaşlı valideyn kimi 715 ana və 23 ata qeydiyyata alınıb.

Ombudsmanın hesabatında göstərilir ki, səhiyyə xidməti göstərən şəxslər azyaşlı hamilələrlə bağlı doğum haqqında şəhadətnamə verilməsi üçün 24 saat ərzində Xüsusi Dövlət Qurumlarına məlumat verirlər.

Qurumdan BBC News Azərbaycancaya bildirilib ki, Gürcüstan Ombudsmanı xüsusi dövlət qurumlarından hansı hüquqi işlərin görülməsi ilə bağlı məlumat əldə edə bilməyib.



Abort cəhdi

"Təsəvvür edin ki, 13 yaşlı uşaq ərə gedir. Yəni bu yaşa qədər anası ilə birlikdə olub. Birdən başqa ailəyə ərə gedib: yad mühit. Bunların hamısı onun üçün streslidir. Üstəlik hamiləlik. Bu da onun gələcək həyatına iz salır. Qorxu və depresiyaya səbəb olur", Pineo xəstəxanasının Ginekologiya şöbəsinin baş həkimi Zaza Sinauridze deyir.

Qadının erkən hamilə qalmasını onun orqanizmi üçün "dağıdıcı" adlandıran Sinauridzenin sözlərinə görə, səbəb reproduktiv sistem də daxil olmaqla, digər sistemlərin də formalaşmamış olmasıdır.

"Hamiləlik vaxtı orqanizmdə dövr edən qanın həcmi təxminən iki dəfə artır. Bu da o deməkdir ki, ürək iki dəfədən artıq işləməlidir. Ürək-damar sistemi formalaşmamış azyaşlı hamilə üçün isə bu iki və üç dəfədən artıq yük deməkdir", deyə həkim izah edir.

O, bəzən azyaşlı gəlinlərin özlərini abort etmək cəhdindən də bəhs edir.

"On il bundan əvvəl Ğuduşauri xəstəxanasında işləyən zaman bir qadın gətirdilər. Qadın özünü abort edərək uşaqlıq, sidik kisəsi, düz və nazik bağırsağı zədələmişdi. Onu xilas etmək üçün bütün briqadanın 5 saatlıq əməliyyatına ehtiyac oldu. Nəticədə uşaqlığı və bağırsağı çıxardıq. Bundan sonra təbii ki, qadın daha ana ola bilməyəcək."

"Gələnlər, adicə öz qan qrupunu, yazmağı, hətta imza atmağı bilmirlər"

Baş həkimin sözlərinə görə, digər problem ondadır ki, qızlar nə gürcücə, nə də rusca danışa bilir. Buna görə də azərbaycanlıların ən çox müraciət etdiyi deyilən bu xəstəxanada Azərbaycan dilini bilən xüsusi işçilər fəaliyyət göstərir.

Onlardan biri, tibb bacısı və laborant kimi fəaliyyət göstərən Rahibə Kərimova deyir ki, xəstəxanaya doğuşa gələn qızlar arasında minimum yaş həddi 14-dür.

"Gələnlər, adicə öz qan qrupunu, yazmağı, hətta imza atmağı bilmirlər. Utanıram, dalaşıram. Evliliyə hazır deyillər. Məni köməyə çağırırlar. 13 yaşında kukla ilə oynamalıdı. Bu artıq…", deyə Kərimova hamilə qadın qarnını göstərən əl işarəsi edir.

Kərimova onu da qeyd edir ki, doğuşa gələn azyaşlı qızlar o qədər qorxurlar ki, bəzən doğuş zamanı evin böyüyü hesab edilən qayınatalarının da yanlarında qalmasını istəyirlər.

"Dalaşıram. Deyirəm, ayıbdır, ay kişi..çıx..", Kərimova əlavə edir.

Rəhilə Kərimova qızların erkən evlənməsinin səbəbini "ailələrdə maddi vəziyyətin aşağı olmasında" görür. "Bu saat çox kasıbçılıqdı. Ona görə də gedirlər, analar-atalar ərə verirlər…"

"18 yaşa qədər evlənənlər bunu açıq formada demirlər"

Kvemo Kartli etnik azərbaycanlıların yaşadığı və erkən evlilik hallarının çox olduğu tək yer deyil. Tbilisin mərkəzindən 15 dəqiqə aralıqda yerləşən azərbaycanlıların məskunlaşdığı Poniçala qəsəbəsində də (keçmiş adı Soğanlıq) vəziyyət digərlərindən fərqlənmir.

Təhsil Nazirliyinin statistikasına görə, təkcə 2017-2018 illər ərzində 7 minə yaxın əhalisi olan qəsəbədə 24 məktəbli qız təhsildən uzaqlaşdırılıb.

Qəsəbənin girişindən beş dəqiqəlik məsafədə yerləşən "Bici" xəstəxanasında baş həkim kimi fəaliyyət göstərən Mixeil Giladze deyir ki, iki il əvvəl xəstəxanaya gələn qızlardan birinin 18 yaşı tamam olmamasına baxmayaraq, artıq iki uşaq anası olub və hər zaman yoxlanışa valideyni ilə gəlib.

"Hər yoxlanışa valideyni ilə gəlirdi.. Məktəbə aparan kimi.."

"18 yaşa qədər evlənənlər bunu açıq formada demirlər. Mən hiss edirəm ki, son zamanlar bizə, yəni yerli poliklinikalardan daha çox şəhərlərə gedirlər. Yəqin ki, orda informasiyanın yayılmasının qarşısını almaq daha asandır".

Amma Mixeil Giladze qəsəbədə bu problemdən gileylənən yeganə həkim deyil. Qəsəbədə daha çox yerlilərin istifadə etdiyi ambulatoriyanın baş həkimi Emzar Abuladze də qızların yarıdan çoxunun erkən yaşda evləndiyini deyir.

"Ambulatoriyada qeydiyyatda olan 18 yaşlı bir qızın üç uşağı var. Siyahıda 10-a qədər belə qızlar var. 17-18 yaşında ailə qurmağı bəzən gec hesab edirlər", Abuladze qeyd edir.

Baş həkim Mixeil Giladze də dil probleminə toxunur.

"Dil baryeri bir çox şeyi çətinləşdirir. Elə buna görə də köhnə ənənələr qalmaqda davam edir. Ölkədə nə baş verdiyindən xəbərsiz qalırlar. İnformasiya çatışmazlığı hər şeyə səbəb olur".

Həkim Giladze erkən evlənənlərin ya məktəbə getməmiş, ya da məktəbi bitirməmiş qızlar olduğunu hesab edir. Bu halda da ana onların əlindən tutub ərə verən zaman heç bir etiraz etmirlər.

"Çünki bilmirlər bu pisdir, yoxsa yaxşı", o əlavə edir.

Hökümət qurumları erkən nikahla necə mübarizə aparır?

Gürcüstanın Təhsil, Elm və İdman Nazirliyinin nümayəndəsi Mariam Çikobava deyir ki, azyaşlıların, xüsusilə də qızların dərslərdən yayınmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilir.

"Birinci istiqamət informasiya xarakterli tədbirlərin görülməsi, ikinci istiqamət məktəblərə təhlükəsizliyə cavabdeh olan şəxslərin təyin edilməsi və son olaraq tədris olunan fənnlərə lazımi məlumatların daxil edilməsi", Məktəbəqədər Tədris və Ümumi Təhsilin İnkişafı Departamentinin sədri Çikobava izah edir.

Onun sözlərinə görə, məktəblərdə təhlükəsizliyə cavabdeh şəxslər təhsildən yayınan şagirdlərlə, qızlarla bağlı tədbir görməli və bununla bağlı Sosial Agentliyə məlumat verir.

Çikobava onu da qeyd edir ki, BMT-in Əhali Fondunun araşdırması nəticəsində bu problemin tək etnik azlıqların yaşadığı regionlarda deyil, bütün ölkə üzrə mövcudluğu məlum olub. Bu səbəbdən təhsil proqramında dəyişiklər edilib.

""Biologiya" dərsliklərinə qadının reproduktiv sistemi ilə bağlı detallı məlumatlar ədə etdik. Yəni reproduktiv sistemin inkişafı necə baş verir, inkişaf tamamlanmadan atılacaq hər hansısa addımın sağlamlığa verə biləcəyi təsirlər nələr ola bilər... "Vətəndaş Təhsili" dərsində də bunun hüquqi tərəfləri izah olunur. Bu iki fənni problemi aradan qaldırmaq üçün yenidən təşkil etdik."

Hüquqi tədbirlərə gəlincə isə Baş Prokurorluq 2018-ci ildə "16 yaşına çatmamış şəxslə cinsi əlaqə və yaxud ona qarşı seksual xarakterli davranış maddəsi" ilə 3 nəfərə qarşı cinayət təqibi başladıb. 2017-ci ildə bu rəqəm 13, 2016-cı ildə isə 22 olub.

"Azyaşlıya qarşı seksual xarakterli zorakı davranış"a görə isə 2019-cu ilin ilk 6 ayında 3 nəfər barəsində, 2018-ci ildə isə 5 nəfər barəsində cinayət təqibinə başlanılıb.

Daxili İşlər Nazirliyi universitet və tədris qurumlarında maarifləndirici tədbirlər keçirdiyini bildirib. Qurumun İnsan Hüquqlarının Müdafiəsi və Regionların Polis departamentlərinin əməkdaşları qadına qarşı zorakılıqla 16 günlük mübarizə kampaniyası çərçivəsində Tbilisi, Kaxeti, Şida kartli və Kvemo-Kartlidə, Acarada və Sameqreloda 12 görüş keçiriblər.
 
 

Mənbə: bbc.com