BURA / ORA
Firuz Mustafa - Şeir kitabları o vaxt da gəlir gətirməyib Tarix : 16 May 2020, 15:04
Yazar : Qadinkimi.com
Şərqdə yazı - pozu adamlarına qonorar yox ənam verirdilər.

İlk qonorarı Avropa yazıçıları alıb

Qraf Lev Tolstoy gəncliyində pulu sağa-sola xərcləyən əhlikef bir adam olub. O, orta yaşlarından pulu sevməyə başlayıb. Amma qocalanda Tolstoyun nəinki pula, hətta bu dünyada baş verən bir çox məsələlərə heç bir marağı qalmamışdı. Bunu bir çoxları bilmir, ömrünün lap son günündə evdən çıxıb getməyinə də bir səbəb yazıçı ilə öz arvadı Sofya Bers arasında pul və sərvətlə bağlı yaranan mübahisə olmuşdu. Yox, bu, pula sevgidən deyildi...

Dediyim kimi, artıq bu vaxtlar Tolstoy üçün pul elə bir mahiyyət kəsb etmirdi. Hələ bu azmış kimi, qoca Lev Nikolayeviç öz ailə
 
büdcəsini də "talayır”, xeyriyyəçilik edir, kasıblara əl tuturdu. O vaxtlar Rusiyada haqları pozulan dini azlıqların - duxoborların
 
Rusiyadan sağ-salamat çıxıb getməsinə də Tolstoy yardım etmişdi. Yazıçı "Hərb və sülh” romanını nəzərdə tutduğu vaxtdan
 
xeyli əvvəl bitirib nəşriyyata vermiş, aldığı yüksək qonorarın hamısını Rusiyadan Kanadaya köçən dini təriqətin üzvlərinə, yəni
 
duxoborlara xərcləmişdi.

Qonorar demişkən...

Xatırladaq ki, Lev Tolstoy sağlığında Rusiyanın ən çox qonorar alan yazıçılarından biri, lap elə birincisi idi. Belə ki, Dostoyevski
 
hər çap vərəq üçün yüz rubl alırdısa, Tolstoy beş yüz rubl alırdı.

Tarixən Şərqdə yazı - pozu adamlarına qonorar yox, ənam verirdilər.

İlk qonorarı Avropa yazıçıları almağa başlayıb.

Rus ədəbiyyatında ilk sistemli qonorar alan Puşkin olub.

Şeir kitabları elə o vaxt da gəlirli deyildi. Daha çox nəsr əsərləri qazanc gətirirdi.

Bəs görəsən, ümumiyyətlə, rus yazıçıları nə qədər qonorar alırdı?


Məsələn, Mixail Zaqoskin 1831-ci ildə nəşr edilən "Roslavlev” kitabına görə 40.000 rubl,
 
A. S. Puşkin 1833-cü ildə nəşr edilən "Yevgeni Onegin”ə görə 12.000 rubl,
 
M. Lermontov "Zəmanəmizin qəhrəmanı” romanına görə (1841-ci ildə) 1.500 rubl,

İ. Qonçarov "Oblamov” romanına görə (1859-cu ildə) 10.000 rubl,
İ. Turgenev "Zadəgan yuvası” romanına görə (1859-cu ildə) 4.000 rubl,
 
F. Dostoyevski "İdiot” romanına görə (1868-cu ildə) 7.000 rubl,
 
L. Tolstoy "Anna Karenina” romanına görə (1877-ci ildə) 20.000 rubl qonorar almışdı.

O dövrdəki pulun dəyərini öyrənmək istəyənlərin nəzərinə belə bir "aydınlaşdırıcı məsəl” çəkmək istəyirəm. Məsələn, 12.000 rubla Moskvada ev almaq olurdu. 2.000 rubla dördnəfərlik kareta, 30 rubla 30 şüşə amerikan romu, 400 rubla 400 kisə kartof, 600 rubla dörd yüz dənə yekə qarpız, 2 rubla 500 yumurta almaq olurdu.

Dediyim kimi, Rusiyada təxminən iki yüz il bundan əvvəl formalaşmağa başlayan qonorar sistemi, yaradıcı adamların həyatının stimullaşmasında mühüm rol oynadı. Xüsusən adlı-sanlı nasirlər aldıqları qonorarın hesabına normal yaşayırdılar. Sonralar bu cəhətdən dramaturqlar nasirləri üstələməyə başladılar.

Zəruri qeyd. Yarızarafat-yarıciddi, hərdən düşünürəm ki, o vaxt mənim bu qədər əsərim tamaşaya qoyulsaydı, gör bir nə qədər qonorar alardım... Hərçənd ki, əlimə qələm alanda və yazı prosesində heç vaxt əsərin gətirəcəyi gəlir, yəni qonorar haqda düşünmürəm. Yalnız əsəri bitirəndən sonra zarafatla "qara nər” dediyim qələmhaqqı yadıma düşür.

Bəs görəsən bu günkü yazıçılar nə qədər qonorar alır?..

Bəribaşdan deyim ki, bizim yazıçıların əksəriyyəti nəinki qonorar almır, heç bu barədə təsəvvürləri də yoxdur. Bilirəm, bu yerdə "bəziləri” köks ötürüb deyəcək ki, heyif deyildi Sovet vaxtı, yazıçıların hamısı qonorar alırdı. Doğrudur, həmin dövrdə kitabları çıxanlara qonorar verirdilər. Amma məsələ burasındadır ki, o vaxtkı yazıçıların kitabları nəyəsə yarayırdı. Olsun ki, o əsərlərin bir çoxu ideoloji cəhətdən bu günlə səsləşə bilməsin. Amma heç olmasa cümlələr yerli-yerində idi. Bədii əsərlərin çoxu sözün yaxşı (və ya pis) mənasında "süzgəcdən” keçirdi. Redaktə və korrektə işinə də söz ola bilməzdi. Amma indi...

İndi özünü "yazıçı” hesab edənlərin çoxunun kitablarını o vaxt nəşriyyatlar yaxına belə buraxmazdılar.

Bəli, indi kitab çıxarmaq istəyən adam "tərləməlidir”, yəni pul xərcləməlidir. Hələ pul verib başqasına "əsər” yazdıran "ədib” və "ədibələri” demirəm.

Ortaya daha konkret bir sual da çıxır: bəs görəsən bu günün ən çox qonorar alan qələm sahibi kimdir?..

Haşiyə. Coan Roulinq, Ceyms Patterson, Stiven Kinq, Canet İvanoviç Amerikanın ən varlı yazıçısıdır. Onların illik gəliri dollar hesabı ilə milyonlarla dəyərləndirilir.

Rusiyada da qonorarla yaşayan yazıçılar vardır. Məsələn, Pelevin, Bıkov, Donsova, Akunin kimi yazıçıların illik gəliri aşağı-yuxarı yüz min dollar civarındadır.

Və onu da əlavə etmək istəyirəm ki, bu günkü yazıçıların əksəriyyəti ədəbiyyata "söz sənəti”, "mənəviyyat güzgüsü” kimi yox, biznes kimi yanaşırlar. Ədəbiyyat və bazar. Vaxtilə bu barədə də yazmışam.
 
 

Firuz Mustafa 
qadinkimi.com