BURA / ORA
Hər gün Sumqayıtdan Qubaya dərs deməyə gedir... Tarix : 17 Fevral 2019, 15:00
Yazar : Qadinkimi.com
Müəllimlərin işə qəbulu prosesi zamanı ucqar bölgələrə dərs demək üçün yollanan gənclərin sayında artım müşahidə olunur. Gənc pedaqoqlar müəllimlik peşəsini icra etmək üçün getdiyi məktəblərdə aktiv çalışırlar.
 


Belə müəllimlərdən bir neçəsi Qubanın Qəçrəş kəndində işləyir.
Modern.az-ın məlumatına görə, gənc müəllimlərdən olan 24 yaşlı Nigar Bəşirova Bakıda doğulub-böyüsə də, müəllimlik karyerasına Qubanın Qəçrəş kəndində başlayıb. Kənd mühiti çətinliklər yaratmasına baxmayaraq, Nigar işinə sevgi və həvəs göstərir.

Nigar Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 52 bal toplayıb.
Nigar Bəşirova deyir ki, gənc kadrlara ucqar bölgələrdə daha çox ehtiyac var.

"Bizim bura gəlişimiz bir nümunədir. Belədə gələcəkdə ali məktəbləri bitirən digər gənclər də işləmək üçün bölgələrə rahatlıqla üz tutacaqlar. Uşaqların uğurlarında azca pay sahibi olmaq mənə sevinc verir. Ucqar kənddə uşaqlarla işləməkdən zövq alıram”.

Nigar Bəşirova hazırda rayonda kirayədə qalır.

 
"Kirayədə qaldığım evin insanları çox mehribandırlar. Ona görə də pedaqoji fəaliyyətimi burada davam etdirmək fikrindəyəm. Aldığım aylıq məvacib məni qane edir. Həvəsləndirmə ilə birlikdə təxminən 600 manat əməkhaqqı alıram. Üstəlik dərsdən sonra bir neçə şagirdi hazırlaşdırıram. Eyni zamanda burada işləyə-işləyə gələcəkdə magistr təhsili almağı düşünürəm”.

Qubanın Qəçrəş kəndində çalışan gənclərdən biri də 24 yaşlı alman dili müəllimi Maral Yusifovadır. Maraqlıdır ki, o, dərs keçmək üçün hər gün uzun məsafə qət etmək məcburiyyətində qalır.

Belə ki, hər gün Sumqayıtdan Qubaya gəlib və axşam evlərinə geri dönür. Bu boyda məsafə qət etməsinə baxmayaraq, Maral Yusifova işindən də, şagirdlərdən də, kənd camaatından da çox razıdır.
22 saat dərs yükü olan gənc müəllim 400 manat civarında əməkhaqqı alır.
 
 
"2017-c ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplamışam. O vaxtdan indiyə kimi burada çalışıram. Eyni zamanda  Azərbaycan Dillər Universitetinin Alman dili ixtisası üzrə magistr təhsili alıram.

Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan atam məni Qubaya gətirir, burada gözləyir. Dərsim bitəndən sonra Bakıya qayıdıb magistr təhsili alıram.

Çətinliklərə baxmayaraq, peşəmi sevdiyim üçün bu iş məni daha da ruhlandırır. Məqsədim şagirdlərə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlərim də dərsi yaxşı qavrayırlar"

 
Qəçrəşdə çalışan digər gənc müəllim isə Şəmkirdə doğulan, hazırda biologiya müəllimi işləyən 23 yaşlı Gülər Abdullayevadır.  O da kənddə müəllim işləməsindən çox məmnun qaldığını söyləyib.

"Müəllimlərin işə qəbulu imtahanında 44 bal toplamışam. Nüvədi kəndində praktikada olmuşam və praktika zamanı buranın təbiəti, insanları mənə olduqca maraqlı gəlmişdi.

Elə seçim edəndə ilk yerdə buranı yazmışdım. 2017-ci ildən burda işləyirəm. Uşaqların dərsə marağı indi yaxşılaşıb. Müxtəlif metodlarla dərs keçirəm deyə, maraq artır. 24 saat dərs yüküm var”.


Namidə BİNGÖL
Mənbə: modern.az