Son vaxtlar işim, fikirlərim çox olur, vaxtım da az. Amma bəzi problemlərin üstündən keçmək olmur - ağrısız, hiddətsiz. Misal, belə bir xəbər:
Bu gün 15:00 radələrində Nardaranda iki qardaşın, hər birinin iki övladı - 4 uşaq dənizdə batıb. 3 uşağın cəsədini çıxarmaq mümkün olub. Bir uşağın isə axtarışı davam edir. Çox heyif... Allah rəhmət eləsin.
Sözüm nədir?
Ay atalar-analar, bir uşağın boya-başa çatdırılması qalsın, 9 ay doğuşa qədərki hamiləlik dövrü nə qədər əziyyət, zəhmət, həkim, dərman, xərc tələb edir, unudursunuzmu? Sonra isə səhərə kimi yatma, yırğala, təmizlə, qazan, gətir, yedirt, geyindir, sev, əzizlə, böyüt oxutdur və s.
Və günün birində məsuliyyətsizcəsinə bir dənizə bağışla, çıx get! Bizim insanlar elə bil kütləvi psixoz halı yaşayır, vallah! Bu psixoloji pozuntunun ziyanı isə başqasına deyil, məhz özünəqəsdə, kütləvi intihara yönəlib. Sanki qəti bir proqram qoyulub, bir səbəb tap, özünü bitir.
Qışda dəm qazından zəhərlənmələr, yayda göl, dəniz boğulmaları, ilboyu da avtoqəza ölümləri. Hamısı da havayı, lazımsız, baş verməməsi 100 faiz mümkün olacaq ölümlərdir. İnanın, belədir. Neçə il, neçə yerdə həm cinayət tərkibli, qəsdən, həm də təsadüfi ölümlərin araşdırması üzrə mutəxəssis olmuşam. Bir var müharibədə, ya döyüş postundasan, dağ zirvəsində alpinist, dənizin alt qatında akvalanqistsən. Bu, riskli sənət və sahələrdir, ölüm əmsalı hədsiz yüksək olan. Öləndə də fəaliyyəti uğrunda həlak oldu deyilir.
Bir də var istirahət günü ailən, qohumlarınla birlikdə, yeyir-içib, dincəlirsən. Birdən, elə bil əcəl hərləyir (əslində əcəl yox, beyin tutması) aparıb özünü, ya uşaqlarını salırsan dənizə. Heç nədən atırsan ölümün agzına və bir anda bütün hər şeyi mənasız, lazımsız alt-üst edirsən. Yoxdan doğan bu faciə lazımdımı?
Ay qardaş, ay bacı, dəniz nədir, bilirsinizmi? Dəniz gözəl və xeyirxah olduğu qədər yekə - qəsəbə boyda gəmiləri, "Tıtanik"i udan zalım bir əjdahadır. Sən dənizə niyə girirsən? Onun uzunundan-enindən, dərinliyindən, onun atmosferlə təmasa uygun qabarması-çəkilməsindən, dəniz içindəki axınlardan xəbərin varmı? Ölüm amilidir bunlar.
Deyəcəksən ki, çimərlikdir. Nə çimərlik? Çimərliyin beynəlxalq çimmə-üzmə rahatlığı və təhlükəsizlik üzrə standartları var. Əsl çimərlikdə sən batmaq da istəsən, bata bilməzsən. Bizdəki işbaz pul qazanmaq, icra hakimiyyət orqanı əhaliyə xidmət etmək adı ilə dəniz sahilinin gözəyarı bir hissəsini başdansovdu götürüb adını qoyur "çimərlik", deyir, di çimin, üzün. Fövqəladə hallar da, çimərlik standartlarını bilmir, öz işini ancaq insanları xilas etməkdə görür. Xilas da təhlükəli, qeyri-standart yerdə necə ola bilər ki? İkisini xilas edə bilər, üçünü yox...
Sən minalı bir sahəyə camaatı burax, de ki partlasa xilas edərəm. Necə və niyə? Əsil standart, təhlükəsiz çimərliyə xilasdedici lazım olmur. Bir ilə yaxın İngiltərə cənubundakı Bournemous adlanan bir şəhərdə yaşadım. Dənizin sahilndə gözəl, rahat çimərliyi vardı. Minlərlə adam çimirdi, bir nəfər nə batan, nə xilasedici gördüm orada. Bizdə gərək çimərliyə mütləq aidiyyatı qurumlar ekspertiza ilə yoxlayıb istifadə, təhlükəsizlik sertifikatı versin. Və hər belə boğulma ölümü barəsində cinayət işi qaldırılıb, bütün instansiyalar cəzalandırılsın.
Əziz həmvətənlər, bizdəki dövlətçilik bu səviyyə-standartla formalaşmayıbsa, insan ölümü belə asan, ucuzdursa, heç olmasa, məntiqi əsas götürüb belə asan, havayı, təsadüfi ölümlərdən özünüzü, ailənizi, balalarınızı qoruyun.
Bu yazını sizlər üçün yazdım ki, oxuyub, bilib, paylaşaq hamı çimərlik təhlükəsindən və obrazlı desək, "əjdaha"dan xəbərdar olsun.
Özümüzü qoruyaq. Bu saat bizə ucuz ölüm yaraşmaz. Xüsusilə, xalqımızın birliyi, ölkəni dəyişib yenidən qurması, torpaqları geri alıb inkşafa doğru getməsi üçün belə məsul bir dövründə.
Bizim üçün bu sınaq dövrü böyüklü-kiçikli hər bir vətəndaşımıza qiymətlidi. İtkiyə yol verməyək!
İlqar Altay
qadinkimi.com