Qarşıdan yay fəsli gəldiyindən xanımlar dərilərinin rəngini dəyişmək üçün günəş şüası qəbul edir, bəziləri isə süni günəş vannası olan solyaridən istifadə edir.
Günəşin və solyarinin ultrabənövşəyi şüaları saça, gözə və ürəyə ziyandır, dərini isə tez qocaldır, həmçinin bu şüalar dəri xəstəliyi olanlar, xərçəng və şəkərli diabet xəstələri üçün daha təhlükəli hesab edilir.
Əsmər Mirzəli - Sakin: "Biri var təbii günəşdən qaralasan, bir də var süni yolla qaralmaq. Məncə bu ziyandır".
Sədaqət Məsimova - Sakin: "Solyaridən istifadə etmək olmaz, ziyandır. İnsan bilmədən də gedə bilər başına hadisə gələ bilər, misalçün dərisinə ləkə düşə bilər".
Nigar Qarayeva dəri rəngini tündləşdirmək üçün əvvəllər solyariyə tez-tez müraciət edib. Amma artıq süni qaralmaq sevdasından əl çəkib...
Nigar Qarayeva - Sakin: "Günəşin verdiyi D vitaminini solyari vermir. Solyari xərçəngə yol açır. Ona görə də mən daha çox gün altında qaralmağa üstünlük verirəm".
Amma tez nəticə əldə etmək və eyni tonda qaralmaq üçün xanımların əksəriyyəti solyari vasitəsi ilə qaralmağa üstünlük verir. 15-20 manat arası pulundan keçib, istədiyi dəri rəngini almağa çalışanların sayı gündən-günə artır.
Dinara Əmrahova - Gözəllik mərkəzinin rəhbəri: "Yay yaxınlaşdıqca müraciət edənlərin sayı da artır. Müəyyən edilən yaş həddi yoxdur. Amma 40-45 yaşdan sonra xanımlar buna önəm vermirlər. Gələnlər arasında cavanlar üstünlük təşkil edir. Dəri rəngindən asılı olaraq solyari dəqiqələri fərqlənir.
Müxtəlif yaş həddində olan xanımlar bu xidmətdən istifadə etməklə dərilərini arzuladıqları tona qədər qaralda bilirlər. Həkimlər isə gözəllik üçün özlərini qurban verənləri ehtiyatlı olmağa çağırırlar. Tünd dəriyə sahib olmaq üçün tez-tez və yaxud uzun müddət solyari vannası qəbul etmək yolverilməz sayılır. Ultrabənövşəyi şüa saça, gözə və ürəyə ziyandır, dərini isə tez qocaldır.
Daşdəmir Baxşəliyev - Dermatoloq: "Solyariyə gedirlər və dəriyə tünd qəhvəyi rəng verməyə çalışırlar. Bunu da ifrat dərəcədə etdikdə ziyanı olduqca böyükdür. Dəridə yanıqlar əmələ gələ bilər, sonradan bərpa olunmayan piqment ləkələri əmələ gələ bilər. Dəridə müəyyən patoloji proseslərin yaranmasına gətirə bilər".
Britaniyalı alimlərin araşdırmasına görə, solyari qurğularında qaralmaq dəri xərçəngi ehtimalını 75% artırır. Dünyada hər il 140 min solyari istifadəçisi dəri xərçənginə tutulur. Dünya Səhiyyə Təşkilatı solyarinin qəbulu nəticəsində bədxassəli şişlərin yaranma ehtimalının siqaret və alkoqollu içki qəbul edənlərlə bərabər səviyyədə olduğunu açıqlayıb.
Daşdəmir Baxşəliyev - Dermatoloq: " Solyaridən istifadə edənlərin dəri xərçəngi ilə xəstələnmək ehtimalı olduqca çoxdur. Günəş şüaları həddindən artıq təsir etdikdə dərinin normal florası pozulur. Dəridə qoruyucu piqment var, felonin. O parçalanır".
Bir sıra Avropa ölkələrində solyari vasitəsilə qaralmaq qadağan edilib. Amerika Birləşmiş Ştatlarında 20 yaşadək müştərilərin solyaridən istifadəsi yasaqdır. Almaniyada analoji qadağa 18 yaşından kiçik şəxslər üçün keçərlidir. İngiltərədə hər il 100 nəfər solyari istifadəçisi həyatını itirir. Mütəxəssislər qaralmaq üçün günün qızmar vaxtı olmamaq şərtilə təbii günəş şüası altında qaralmağı məsləhət görürlər.