YAZI / DÜŞÜNCƏ
Gözəl Həqiqət çirkin fahişəyə çevrildi Tarix : 22 Avqust 2020, 11:34

Həqiqətin nə olması önəmli deyil, kim tərəfindən dilə gətirilməsi daha önəmlidir. Müasir dövr, texnoloji vasitələr və.s insanlar həqiqətin nə olmasını əvvəlki dövrlərlə nisbətdə daha yaxşı bilir və ya o qədər də bundan uzaq deyil. Hətta bu axtarışların dozası o qədər qaçdı ki, yalanlar da həqiqətə çevrilə bilir...

Adi çayxana söhbətlərində bir çox hallarda kütlənin əsl gerçəkliyi bildiyini sezə bilərik...

Həqiqətin nə olması əsas deyil, necə dilə gətirilməsi də önəmlidir. Padşahın yuxu yozanlara yuxusunu yozdurması kimi. Padşaha qohumlarınız sizdən əvvəl öləcək yozumuyla edama məhkum edilən və siz qohumlarınızdan daha uzun ömürlü olacaqsınız yozumuyla mükafata qərq olunan yuxu yozanlar kimi. Beləliklə, eyni sözü və ya yuxunun həqiqətinin necə deyilməsi əsas məsələdir. Burdan gördüyünüz kimi insanlara həqiqət yox, onun kim tərəfindən deyilməsi və necə deyilməsi önəmlidir.

Həqiqət çox çirkindir. İnsanlığı həqiqət yox, yalanlar xoşbəxt edir.

Bir çin pritçası var. Həqiqət axtarışına çıxan bir zahid illərlə çölləri, səhraları gəzir. O, yaşadığı eldə insanlara həqiqəti tapacağını söz verib evdən ayrılmışdı. Uzun illərdən sonra uçuq-sökük bir komayla rastlaşır. Komanın içindən çox çirkin, üz-gözündən çirk axan qoca bir kişi çıxır. Bu zahid ondan kim olduğunu soruşur. O isə həqiqət olduğunu deyir. Təəccüb və təəssüf içində qalan zahid deyir ki, mən xalqıma həqiqəti tapacağım sözüylə evdən çıxmışdım. Illərdir, ac-susuz çöllərdəyəm. Axı, insanlara necə deyim ki, Həqiqət belə çirkindir? Onlar elə bilir ki, sən dünyanın ən gözəl bir nəsnəsisən. Həqiqətsə ona deyir ki, get insanlara yalan de. De ki, həqiqət gözəldir.

Həqiqət gözəl deyil...Bizi tapmadığımız, haqqında gözəl yalanlar uydurduğumuz Həqiqət xoşbəxt edir.

Kəndlərimizin birində Həqiqət adlı gözəl bir qadın vardı. Əri tez ölmüşdü. Kəndin kişiləri bu qadını ələ keçirməkçün min cür hoqqaya girdi. Bu gözəl Həqiqətsə heç birinin üzünə baxmırdı. Kişilərin ona marağı, qadınların kişilərini bölüşmək qorxusu, təbii ki, öz gözəlliyi də qadınları rahat buraxmırdı. Hə almayan kişilərinsə ayrıca qisas hissi vardı.

Axırda yolu bu qadına şər atmaqda gördülər. Evinin qabağına yığışıb Həqiqəti pozğun adlandırdılar. Həqiqət nə and aman etdisə inanmadılar. Axırda benzin götürüb inanmırsınızsa, özümü yandıracam-dedi. Camaatın da istədiyi də bu idi. Yandırdı. Alovdan bir qədər sonra söndürdülər. Geriyə sifəti yanmış çirkin Həqiqət qalmışdı. Gözəlliyinə görə arxasınca sürünən kişilər daha görünməz oldu. Həqiqətsə adına düşən damğadan sonra heç bir arvadın görüşmədiyi ən çirkin kişilərlə görüşməyə başladı...

Beləliklə, gözəl Həqiqət çirkin fahişəyə çevrildi.

Həqiqəti hamının axtarması,həqiqətin həmişə diqqətdə olması onu mütləq kəndlərimizdə yaşanan olay kimi çirkinə çevirəcək. Və elə çirkinliyə ki, istər görünüşü, istər xarakteri ilə müqayisədə yalan onun yanında daha gözəl və sevilən olacaq.

 


P.S Mən bir həqiqət bilirəm, əziz oxucu, sizə demək istərdim. Nəyi deyim? Yalanın həqiqətini, yoxsa həqiqətin yalanını?!

 

 

Emin Piri