HƏR ŞEY / HEÇ NƏ
Günün qadını: Françeska Mann Tarix : 06 Noyabr 2019, 13:03


 

Françeska Mann (Franciszka Manheimer-Rosenberg, Franceska Mann) Varşavada yaşayan məşhur balerina və rəqqasə olub. Yüksək statusuna rəğmən, sadəcə bir yahudi hesab edilirdi. Həyatı da bir qaz kamerasında sona çatıb. 


Françiska və ya Françeska Mann… Tarix kitablarında və ya adını tez-tez eşitdiyimiz insanlar arasında rastımıza çıxmır. Amma İkinci Dünya Savaşı zamanı bir qaz kamerasında onu öldürməyə çalışan nasist əsgərlərinə qarşı özünü və yanındakı digər qadınları qorumaq üçün göstərdiyi cəsarəti hər kəs bilməlidir.

Françiska Polşada məşhur bir rəqqas idi və başına nələr gələcəyindən xəbərsizdi. 1939-cu ilə qədər bir çox polşalı ilə müqayisədə fərqli həyat tərzi yaşayırdı. Bir rəqs məktəbinə gedir və dövrünün ən yaxşı rəqqaslarından birinə çevrilməyə nail olur. Rəqs yarışlarına qatılır və dərəcələr alır. Ancaq bütün bu uğurlar müharibə başlayan zaman sona çatır…

Hitler və nasist Almaniyası 1939-cu ilin sentyabrında Polşanı işğal edir. Bu işğaldan sonra bütün Avropa müharibənin ağır bədəlini ödəyəcək, milyonlarla insan yollarda, kamp düşərgələrində, qaz kameralarında, evlərində, küçədə, müharibə meydanlarında öləcəkdi…

O vaxtlar 22 yaşlı Françeska Melody Palace Night klubunda rəqqasə kimi çalışırdı və ölkəsində çox məşhur idi. Sahib olduğu məşhurluq statusu onun bir yahudi olduğu gerçəyini dəyişə bilməyəcəkdi.

 

Françiska artıq nasist işğalından sonra Varşava gettosunda saxlanılan minlərlə yahudidən biri idi. Gettoda həyat şərtləri qorxunc idi. Şəraitsizlik və qida çatışmazlığından minlərlə insan ölürdü. 


Gettoda bir çox mübarizə hekayəsi olduğu üçün Françeskanın hekayəsi də fərqli şəkillərdə danışılır. Amma bir həqiqət dəyişməyib: Françeska ölümə və savaşa cəsarəti ilə meydan oxuyub. Bu, bütün hekayələrin ortaq nöqtəsidir. 


O dövrdə yəhudilərin çoxu sistemli şəkildə məhv edilirdi. Amma bundan çox az insanın xəbəri var idi. Əksəriyyət bir gün azadlığa çıxacağına ümid edirdi.

 

1943-cü il 23 oktyabrda Auschwitz-Birkenaudakı stansiyaya girən bir qatar yeni həyata qovuşacağına inanan yahudiləri daşıyırdı. Qatar dayansa da, heç kim bundan qorxmurdu. Çünki buranın İsveçrəyə çatan son dayanacaq olduğunu düşünürdülər. Fikirləşirdilər ki, bundan sonra Cənubi Amerikaya gedəcək və artıq orda yaşayacaqlar. Onlara belə deyilmişdi. Çox azı bunun son səfərləri olduğunu bilirdi. 


 

 

 

Daha sonra baş verənlər haqqında məlumatlar Nürnberg məhkəmələrində ifadə verən bəzi məhkumların həqiqi şahidliklərinə əsaslanır. Bu ifadələrə görə əvvəlcə Qatar boşaldılır. Yahudilər sərhəddən keçmə icazəsindən əvvəl dezinfeksiya edilmək üçün duşlara salınır. Qadınlar isə daha sonra qaz kamerası olan "duşlara” göndərilir.

 

Gaz kamerasında baş verənlər…

Françeska da o qaz kamerasında idi. Mühafizəçilərin diqqətini dağıtmaq üçün rəqs etmə bacarığını istifadə edərək bir qaçış planı axtarmağa başlamışdı. Belə ölməyəcəkdi!

 

Françeska rəqs edərkən dikdaban ayaqqabısının birini çıxarıb Schillinger adlı zabitin üzünə çırpır. Sonra zabitin silahını ələ keçirir, digər zabit Emmeichə doğru atəş açır. Qadınların şiddətli zərbələri bir zabitin burnunu qırmağa, birinin də baş dərisini yırtmağa bəs etmişdi.

Üsyanı dayandırmaq üçün hadisə yerinə daha çox zabitin gəlməsi ilə etirazlar tezliklə yatırılır. Bu qədər zabit və silahın qrşısında qadınların edə biləcəyi bir şey yox idi. Nəticədə bir çoxu tüfənglə, qalanları isə qaz kameralarına salınaraq, bəziləri də edam edilərək öldürülür.

 

Bəs Françeskanın taleyi necə olur?

Təəssüf ki, heç kimə bəlli deyil. Ancaq açıq bir həqiqət var: Françeska cəsur, qərarlı idi və təslim olmaq istəmirdi. Həmin gün Auschwitzdə bir çox məsum insanla birlikdə istedadlı gənc qadın da öldürüldü. Geridə buraxdığı miras isə nifrət və zülm qarşısında sərgilədiyi cəsarət və gözəllikdir…



çevirdi: Xumar Hüseynova 

qadinkimi.com