YAZI / DÜŞÜNCƏ
Şirməmməd Hüseynovun xatirəsinə... Tarix : 25 İyun 2019, 14:59
Yazar : Qadinkimi.com
Azərbaycan jurnalistikasının əfsanəsi, millət yaddaşının keşikçisi, böyük maarifçi-pedaqoq, mənəvi irsimizin, o cümlədən Cümhuriyyət tarixi və İstiqlal mübarizəmizin, Rəsulzadə fenomeninin və mətbu irsimizin cəfakeş araşdırıcısı, görkəmli tədqiqatçısı-alim, professor Şirməmməd Hüseynov vəfat edib...
 



Bu acı xəbəri xarici ölkədə almaq ikiqat ağırdır. Dərdi bölüşməyə, itkinin və kədərin miqyasını anlatmağa kimsə yox... İki gün əvvəl özü xəstəxanadan mənə zəng etmişdi. Bir qəzet məqaləsinin adını dəqiqləşdirirdi. Bir saat sonra yenə zəngləşdik, ordan-burdan danışdıq və qorxa-qorxa səhhətini soruşdum. "Yaxşıyam, məndən nigaran qalma” dedi. Amma çox nigaran qalmışdım. Ertəsi gün axşam bir də zəng etdim, telefonu qızı Fərəh xanım götürdü, ustadı soruşdum, "yaxşıdır” dedi. Amma onun qayğılı səsindəki övlad kədəri min kilometr uzaqdan belə duyulurdu...

 


Ş.Hüseynovun tarixi bir missiyası var idi və bu missiyanı şərəflə yerinə yetirdi. Milləti maarifləndirdi, milli düşüncəmizi, istiqlal duyğularımızı körüklədi, xalq olaraq hansı yolla gedəcəyimizi göstərdi. Yaxın keçmişimizlə mənəvi-ruhi əlaqəni bərpa etdi, bizə Cümhuriyyət dərsi keçdi. Qurucu babalarımızı tanıtdı, Rəsulzadənin üzərindəki qara qısqanclıq pərdəsini qaldırıb onu gün işığına çıxartdı, əsərlərini çap etdi, ideyalsrına qol-qanad verdi, mətbu irsimizlə bağlı qiymətli kitablar yazdı. 

 


Tamamlaya bilmədiyi işləri qalsa da, özündən sonrakılar üçün zəngin irs və mənalı yaşamaq örnəyi qoyub getdi. Həyatı və yaradıcılığı həqiqət, ləyaqət və vicdan üzərində qurulmuş Şirməmməd Hüseynovun vəfatı ilə mətbuat tariximizdə, jurnalistikamızda böyük bir epoxa sona yetir.
 

Əziz müəllimim, böyük ustad, Allah sənə rəhmət eləsin!!! Bu millət üçün etdiyiniz təmənnasız xidmətlər heç vaxt unudulmayacaq, yeriniz hər zaman görünəcək!! Ruhun böyük Zərdabinin, Rəsulzadənin, Ağaoğlunun, Üzeyir bəyin müqəddəs ruhuna qovuşur. O gözəl ruhun şad olsun!!!!
 

QULU MƏHƏRRƏMLİ

Qadinkimi.com