"NƏSİMİ GECƏSİ"NDƏ GÖRDÜKLƏRİM
Oğlan səhnədə nə etdisə, zalı yerindən oynatdı.
Göz önündə Nəsimiyə çevrildi. Çiyinlərini ata-ata qəzəl dedi, sözləri gah tezləşdirdi, gah ləngitdi, qavalçıları da yanında ritm tutdu. Sonra ayaqda alqışlandı.
Azərbaycana yeni istedadlar gəlir. Ayrı-ayrı universitetlərin tələbələrinin möhtəşəm çıxışlarını görəndən sonra bu fikrə gəldim. İkisi özəlliklə diqqət çəkdi. Nəsiminin qəzəlini rusca ifa edən gözəl qızın fon musiqisi də, səs tembri də uyumluluğu ilə əsl sənət nümunəsi oldu. Bir də dediyim o oğlan - Ümid Abbaszadə. Elə "ümid” kimi göründü gözümüzə.
Hərəsinin ayrı bir naxışı vardı. Hamısı maraqlı idi.
Muğam Mərkəzində universitetlər arasında keçirilən Nəsimi şeir yarışmasının final gecəsindən danışıram. Uzun illər heç bir tədbirdə görmədiyimiz təbiiliyi, içdənliyi gördük. Finalçılar şeirləri aramla, sakit deyirdilər. Şeirlərə yeni nəfəs verən o gənclər heç bilmədilər nə etdilər. İllərdi ruhsuz, coşğusuz, şeirdən, gerçək sənətdən uzaq gənclik görməkdən gələcəyimizlə bağlı ümidsizliyə qapılan insanlarda ümid yaratdılar. Artıq "gənc” sözü qorxu oyadırdı.
"Gənc” deyəndə elə bilirdik ölkəmizin bütün ümidsizliyi üzümüzə çırpılır.
Elə bilirdik bütün sabahsızlıq, dünənsizlik insan cildində gözümüzə dikilir.
Bu tədbir gerçək bir metamodernizmin ifadəsi oldu. Metamodernizm sənətin bütün sahələrində keçmiş dəyərləri yeniləməyi təklif edir. Yenidən başlamağı öyrədir. Metamodernizm yeni cərəyandı. Özündən əvvəlkiləri inkar etmir, onları təzələyir. Problemin qoyuluşu və çıxış yolu vəhdətdə olur, ümid verir. Bu tədbirdə öyrəşdiyimiz depressiv Nəsimi yox idi. Dərinliyində yaşamaq eşqi olan, anlamı ilə sakitləşdirən bir Nəsimi vardı. Dərisi soyulan, əzablarla dolu obraz gənclərin dilində mənəviliyə çağırış idi, üzlərində işığa çevrilmişdi. Həyatın da, ölümün də gözünə rahat baxırdı bu Nəsimi və elə olmağı öyrədirdi öz cismi canı ilə.
650 illik bir poetikanın ritmi, intonasiyası çağdaş görünürdü. Nəsimi özgüvəni bütün aydınlığı ilə ortadaydı. 21-ci əsrin gəncliyinin nəfəsinə qarışan laməkanlıq yeni dünyadan qopmurdu. Yeni dünyada düşünməyin, duymağın və yaşamağın yolunu göstərirdi. "Biz varıq və bu irs bizimdi” deyirdi.
Tədbirin rəsmi olmayan strukturu izləyiciyə özünü evdə, özününkülərlə oturubmuş kimi hiss etdirirdi. Öyrəşmədiyimiz format idi - sadə və estetik. Təşkilatçı İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova sevgisini qatmışdı işə. Gəncləri də özü kimi təmkinli, yaradıcı idi. Dəbdəbəsiz, axıcı, hazırlıqlı tədbirdə ruhumuz gəncliyimizlə birgə qəzəl oxudu. Artıq heç nə gözə dəymədi, qüsur olmadı, səliqəsizlik yox idi. Muğam Mərkəzində isti ortam yaratdılar. Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ümid Abbaszadə ilə Bakı Ali Neft Məktəbinin tələbəsi Nilufər Əsgərzadə birinci yerin qalibi oldular. Neft Məktəbinin rektoru Elmar Qasımov səhnəyə çıxaraq zalı coşduran enerjili çıxışı ilə tədbiri bir az da havalı hala gətirdi. Hansısa xarici ölkədəydik sanki. Saatlarca maraqla izlədik, dincəldik, həyəcanlandıq.
Bu proqramla tələbələrimiz bütün Azərbaycanı gəzsələr, ölkənin hər yerində teatrlarda, universitet zallarında çıxış etsələr, çox böyük və gənclər üçün stimullaşdırıcı iş olar. Yaradıcılığa maraq yaratmaq ruhları oyadar. "Nəsimi ili” adına izlədiyimiz ən tərzli tədbir idi. Çıxışlarda, ifalarda, kompozisiyalarda zorlanma yox idi, artıqlığa yer verilməmişdi, gərəksiz təşəbbüskarlıq hiss edilmədi. Cəmiyyətdə insanların müxtəlif maraqlar ətrafında toplaşması, stimullaşdırıcı işlərə cəlb olunması mənəvi dirçəlişə təkan verir. Bu, ən çox gəncliyə gərəkdi.
Apatiyanın hökm sürdüyü zamanda belə içdən olan işlərin bütünlükdə ölkə üçün effektiv nəticələr verməsi ehtimalı böyükdü. Bu cür tədbirlər quş qoymaq xətrinə olmasın gərək. Sevgi ilə və peşəkarların əlindən çıxsın. İstedadlı gəncliyə tapşırılsın. Gəncliyimiz möhtəşəm idi.
Sonuncu çıxışçını alqışladıq və tədbirin bitdiyini düşünüb yığışmağa hazırlaşdıq. Elə bu dəm gözlənilmədən zaldan səs gəldi. Hamı arxaya çevrildi. Çıxışını bitirib tamaşaçılar arasında adda-budda oturan yarışmaçılar bir-bir yerlərindən qalxıb "Sığmazam” qəzəlini beyt-beyt səsləndirdilər. Hər kəs heyrət içində izlədi. Uşaqlar elə ürəkdən qapılmışdılar gördükləri işə, üzlərindəki bircə mimikanı qaçırmadan izləmək istəyirdi hər kəs. Bu təbiilikdən zövq alırdıq.
Şeir bitdi və bütün zal nəsimiçiləri ayaqda alqışladı.
TV-lərimiz isə yenə gəlmədi, çəkmədi. Halbuki bütün Azərbaycanın və bizi izləyə bilən hər kəsin o möhtəşəm sadəliyi görməsi gərək idi.
Aysel ƏLİZADƏ
qadinkimi.com