QADIN / KİŞİ
Ataxaqanlıq məni narahat edir Tarix : 26 İyul 2023, 10:02
 
Carpe Diem!
"Dead Poets Society” filmini izləyənlər niyə bu ifadə ilə başladığımı yaxşı başa düşərlər. Müəyyən səbəblərdən bu yazını yazmaq məndən cəsarət tələb edir, ancaq nə olur olsun,  öz fikirlərimi deyə bilməliyəm. Yoxsa, hər şeyə boyun əyən qadınlardan nə fərqim qalar? 
Azərbaycanda gender bərabərsizliyi məni uzun müddət narahat edən məsələ olub. Lap uşaq vaxtımdan. Ətrafımdakı qadınları başa düşə bilmirdim. Hələ də başa düşə bilmirəm. Hökm sürən ataxaqanlıq məni çox narahat edirdi. Əlbəttə,  böyüdükcə bu narahatlıq hissi də böyüdü. Toxunmaq istədiyim bir neçə məsələ var. 

1. Qadınların evlilikdən sonra həyat yoldaşlarının soyadını qəbul etməsi; Gender bərabərliyi tərəfdarı olanlar arasında  belə bunu edənlər var. Doğrudan anlamağa çalışıram... Anladığım budur ki, bu, kişinin ailə qurduğu qadına sahib olması və onu öz himayəsinə götürməsinin  başqa bir şəkildə ifadə formasıdır. Bir çox qadın bunu fəxrlə qəbul edir, hətta belə olmayan hallara  qəribə baxırlar: "Aa, ərinin soyadını götürməyib. Görən niyə soyadı fərqlidir?!”  Məni maraqlandıran sual budur: Niyə bu məsələ qadınların qürurunu narahat eləmir? Axı öz soyadını dəyişib başqa insanın soyadını qəbul edərək  özünü ondan daha aşağı statusda təqdim edirsən.  Öz aşağılığını qəbul etmiş oluran. Əgər qanunla evlilikdə hər iki tərəfin hüququ eyni, statusu bərabərdirsə, niyə qarşı tərəf soyadını dəyişmir  və ya  hər iki tərəf bir-birinin soyadını öz soyadına əlavə etmir? Daha asan yol da var. Hər iki tərəfin elə öz soyadında qalması. 

2. Xüsusilə Azərbaycanda əksər qadınlar evli olduqları müddətdə bir çox haqsızlıqla üzləşirlər. Bu haqsızlıqlara misal olaraq, fiziki şiddət, psixoloji şiddət, xəyanət, alçaldılma, təhqir  və s. çəkilə bilər. Qadınlar bunlara dözürlər. Məhz "dözürlər"!  Səbəbini soruşanda isə hamısının cavabı eyni olur: "Uşaqlarıma görə". Təbii ki, təkcə səbəb bu deyil. İkinci dərəcəli səbəblər var -  filankəs nə deyər, övladı ilə evlənmək istəməzlər, harada yaşayacaq, necə dolanacaq... Qadına onun hüquqlarının necə dəyərli olduğu fikri aşılansaydı,  əminəm ki, bunların hamısına baxmayaraq öz həyatını qurardı. Bu haqsızlıqlara boyun əyməzdi. Təəssüf ki, uşaq vaxtı
ndan qadın  ikinci dərəcəli insan kimi qəbul edilir. Misal:   "sən qızsan”, "qadının qadın yeri var, kişinin kişi yeri”, " o oğlan uşağıdır, sən qız uşağısan”, "ona olar - kişiyə olar”, "qızını döyməyən dizini döyər”, "qız uşağı bu vaxt çöllərdə gəzməz” və s. Bu cümlələrin təkrar-təkrar səsləndiyi ailədə və cəmiyyətdə böyüyən  insan  xarakter olaraq güclü deyilsə, bir müddət sonra vəziyyəti qəbullanır, mübarizə aparmır.  Daha sonra isə bu fikirləri o dərəcədə mənimsəyir ki, kimsə ona hüquqlarını başa salmağa çalışanda, özünün ikinci dərəcəli olduğunu dəstəkləyən fikirləri müdafiə etməyə çalışır. Azadlıqdan, hüquqdan danışan qadın isə ona qəribə görünür, fərqli gəlir. Əslində, bəlkə daxilən o cür olmaq istərdilər,  ancaq aşılmalı olan o qədər əngəl var ki, bunu istəməyə belə cəsarət edə bilmirlər. O dərəcədə travmalıdır qadınlarımız... Ressesiv ( gücsüz, tabe olan)  olması ilə doğrudan da fəxr edən qadınlar da var. Təəssüf ki, Azərbaycanda əksər qadınlar belədir.

3. Başqa bir məsələ də var. Qadına ünvanlanmış "qız almaq”, "qız vermək”, "ərə vermək”, "arvad almaq” və s. kimi təhqirə bərabər ifadələr. Bir əşya kimi davranılmaq bəzi qadınları hətta narahat etmir. Şəxsən məni çox narahat edir. Əsla haqqımda belə bir ifadə işlədilməsinə icazə vermirəm.  Bunların yerinə "evlənmək”, "ailə qurmaq” ifadələrini istifadə edək. 

4. Nəyə görə bir tərəf digər tərəfi "aldığını” düşünür? Çünki qadın başqa bir evə gedir. Daha doğrusu, başqasının evinə. Ona görə də "ərə verilmək” ifadəsi var. Bir gün hansısa münaqişə yaşananda, evdən atılan qadın olur, çünki ev onun deyil.  Ev ortaq olsa, bu cür hal baş verməz. Əgər buna imkan yoxdursa, onda kirayə ev tutmaq daha yaxşıdı. Pulun yarısı qadın tərəfindən, yarısı  kişi tərəfindən ödənilir və məsələ bitir. Əgər qadın evdar olmağı hədəfləyirsə, "kimsə mənim üçün çalışsın, mən də ona qulluq edim" deyirsə, buna irad bildirə bilmərik. Bu halda doğrudan da o qadını "kişi alır". Başqa halda isə qadınların evləndikdən sonra işləməyinə icazə verilməməsidir. Bu halda əziz qadınlar, qarşı çıxın. Haqqınızı müdafiə edin. Əgər razılaşmırsızsa, yol yaxınkən ayrılın.  Zərərin harasından dönsəniz kardır. 

5. Ən vacib məsələ isə qadınların hələ evlənməzdən qabaq sevgililərindən belə hər addımda icazə almaqlarıdır. Əziz qadınlar, sizin frontal korteksiniz var. Yəni siz də özünüz haqda qərarlar verə bilərsiz. Sizin yerinizə kiminsə geyiminiz, hara getməyiniz, kimlə danışıb kimlə danışmayacağınız barədə qərar verməli deyil. Bəzi qadınlar bu hal ilə fəxr edirlər:  "Yoldaşım qoymur”, "elə qısqancdır ki, inanırsan, başımı pəncərədən çölə çıxara bilmirəm” və s... sanki çox gözəl haldı. 

6. Hörmətli qadınlar, siz bu cəmiyyətin qurucularısız. Hər bir fərdin formalaşmasında ilkin rol  sizə düşür. Ancaq hər insanın ilk işi  əvvəlcə özünü yetişdirməsidi. Daha sonra övladlarına tərbiyə vermək gəlir. Özünü düzgün yetişdirən qadının böyütdüyü övlad cəmiyyətə faydalı olur.  

Mən fikirlərimi yazdım. İndi də sizinlə müzakirə edək. Bütün bunlar haqda siz nə düşünürsüz, əziz oxucu?
  
 
Müəllif: Ayka Əsgərli 
qadinkimi.com