Onun əsl adı Zeynəlabdin idi. M.Ə.Rəsulzadənin şərəfinə özünə Əmin adını götürmüşdü. Anası tərəfdən onunla qohum idi. Ata tərəfdən isə Hüseynqulu xanın nəslindən idi. Şair Əliabbas Müznibin qardaşı idi. Ölkəsində Əmin Abid, Türkiyədə isə Gültəkin kimi tanınırdı.
1898-ci ildə Bakıda daşyonan ailəsində doğulub. İlk təhsilini III Aleksandr adına oğlanlar gimnaziyasında alıb. 1919-cu ildə İstanbul darülmüəllimində təhsil almaq üçün Osmanlıya yola düşüb. 1922-ci ildə vətəninə geri döndükdən sonra tezliklə yenidən İstanbula qayıdıb. Çünki Cümhuriyyət ruslar tərəfindən işğal olunmuşdu, millətçi görüşə sahib olan Əmin üçün burada yaşamaq imkansız idi…
Amma buna baxmayaraq İstanbulda yeni hökumətin dəstəyi ilə "Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini yazmağı başlayır. Bu xidmətinə görə Sovet hökumətindən ayda 35 dollar təqaüd alır. 1922-26-cı illərdə İstanbul universitetində təhsil alır, "Yeni Qafqasiya”, "İstiqlal uğrunda” dərgiləri ilə əməkdaşlıq edir, Gültəkin ləqəbi ilə Sovet hökumətinin əleyhinə şeirlər yazır.
Bir tərəfdən elmi əsərlərini yazan Əmin Abid digər tərəfdən istiqlalçı, millətçi şeirləri ilə mühacir azərbaycanlılar arasında nüfuz qazanır.
İstanbulda elmi tədqiqat apardığı müddətdə o, Qəzvin, Vyana, Budapeşt, İstanbul kitabxanalarında çalışır, M.F. Köprülüzadənin rəhbərliyi altında elmi iş müdafiə edir. Bu ərəfədə Nafiə adlı bir qızla ailə həyatı qurur.
1926-nın sonunda Əmin Abid Azərbaycana qayıdır. Bu dönəmə qədər isə o, artıq Gültəkin imzasında yazan tanınmış şair idi.
Hələ o vaxta qədər isə Əmin Abid 1912-13-cü illərdən etibarən ilk şeirlərini yazmağa başlayıb, "Dirilik”, "Məktəb”, "Ovraqi-nəfisə” adlı jurnallarla əməkdaşlıq edib. Əsasən, Abid, Abid Mütəllibzadə, Abid Mütəlliboğlu, Abid Alp Mütəllib oğlu imzaları ilə şeir və hekayələr yazıb. Böyük qardaşı Ə.Müznibin redaktoru olduğu "Babayi-əmir” jurnalında isə o, "Qozqurab”imzası ilə 1915-16-cı illərdə "Şapalaq” sərlövhəsi altında taziyanələr yazıb.
***
Bu yaxınlarda Gültəkinin 1948-ci ildə İstanbulun Kayabal-Güresin mətbəəsində çap olunmuş "Buzlu cəhənnəm” kitabını əldə etdim. Bu kitab Gültəkinin ilk və son şeir kitabı olub. Kitabdakı şeirləri toplayan və ön söz yazan mühacir müsavatçılardan Mirzə Bala Məmmədzadədir.
Mirzə Bala yazır:
"Azəri türklüyü rus bolşevizmi ilə həyat və ölüm mücadiləsinə girib. ÇK bu mücadiləni boğmaq üçün gecə-gündüz işləyib, yüzlərlə, minlərlə türk cocuğunu müxtəlif səbəblərlə tunduralara, sibir buzlaqlarına gömüb, mədəniyyət aləmindən fərsəxlərcə uzaq, gecə və gündüzü bizim gecə və gündüzümüzün eynisi olmayan məchul məmləkətlərə sürüb. Hələ də bu məchul məmləkətlərin məchul köşələrində bir çox münəvvər azəri gənci ölümdən yüz min kərə betər iztirab çəkir. Gültəkinin "Buzlu cəhənnəm” dediyi bu menfaaya sürülən qəhrəman qardaşlara ithaf etdiyi misralar diqqətlə oxunulmalıdır:
Sibirya, ey soyuq və qorxunc dəniz
Şimalın köksündə uyuma səssiz,
Qalx, bir müsafirin gəldi, diqqət et:
Sənə hədiyyələr gətirdi – vəhşət!..
Əlinin buzunu eşqdə ərit,
Çıx, acıyan qəlblə qucağını aç.
Hədiyyən bir dəmət saralmış igid
Hamsı bitkin, hamsı xəstə, hamsı ac.
Kolleksiyamda önəmli yer tutan həmin kitabda toplanan şeirlərin hamısı istiqlal eşqinə, Azərbaycan gənclərinə, üçrəngli bayrağa həsr olunub.
"Bayrağım və istiqlalım”, "Azərbaycan istiqlalı”, "Vətənim və eşqim”, "Sevgili Bakıya”, "Azərbaycan gəncliyinə”, "Qürbəttə bayram” kimi şeirləri qeyd etmək olar.
Mirzə Bala onun haqqında yazırdı: "Azərbaycan türkünün milliyət, hürriyyət və istiqlal uğrunda qızıl rus imperializminə qarşı qanlı savaşını şeir vadisində təmsil edən mücahidlərdən mühacirətdə yetişənlərin başında Gültəkin gəlir. Gültəkinin hürriyyət və istiqlal hayqıran şeirləri 1923-28-ci illərdə Məhəmməd Əmin bəy tərəfindən nəşr olunan "Yeni Kafkasya” məcmuəsində çıxmışdır”.
Mirza Balanın yazdığı kimi, həmin dövrdə mühacirətdə istiqlal şeirləri yazan şairlər vardı. Amma onların önündə məhz Gültəkin gəlirdi. Əgər digər mühacir şair Almas İldırımın yaradıcılığına baxsaq, orada daha çox vətən həsrəti ana mövzudur. Amma Gültəkinin "Buzlu cəhənnəm”ində tamamilə bolşevizmin əleyhinə istiqlal şeirləridir:
Bolşevik atını sürdü Araza
Oğulsuz analar batdılar yasa
Ey əziz qardaşlar, bu il olmazsa
Gələcək il olur viran bolşevik…
***
Bakıya qayıtdıqdan sonra Əmin Abid müəllimlik edir, jurnal və qəzetlərdə Azərbaycan folkloruna və ədəbiyyatına dair yazılar yazır. O, Azərbaycanın ilk qorqudşünası hesab edilir, yaradıcılığında "Dədə Qorqud”, "Oğuznamə” kimi dastanların tədqiqinə yer verir. Eyni zamanda həmkarları ilə polemikaya girir. Məsələn, Salman Mümtazın azərbaycanlı şair kimi qeyd etdiyi Azəri Çələbi adlı şairin əslində Osmanlı şairi olduğunu deyir, azəri sözünün millətin adı kimi son on ildə işlədildiyini qeyd edir:
"…Bu gün "azəri” kəlməsi Azərbaycanda yaşayan bir fərdə elm olmuşsa da, bu kəlmə ancaq son on sənə içində bu mənada kullanmağa başlanılmışdır. Daha əvvəllər bir azərbaycanlıya azəri denildiyi görülməmişdir”.
Əmin Abidin məqalələri olduqca maraqlı mövzuları əhatə edir. "Füzulinin tədqiq olunmamış bir əsəri” adlı yazısında onun tərəfindən ilk dəfə aşkara çıxarılan "Söhbətül-əsmar” məsnəvisindən yazır, "Oğuznamə” əsərində türklərin tarixindən, "Dədə Qorqud” dastanından bəhs edir. Eyni zamanda heca vəzninin tarixi, Qazi Bürhanəddinin tuyuqları haqqında yazır, Firdovsi, Həbibi kimi şairlərin həyatını tədqiq edir, Azərbaycan maniləri və bayatıları haqqında bilgi verir, "Molla Nəsrəddin” jurnalı barədə hadisələri xatırlayır.
Əmin Abid həmçinin axundovşünaslığın banilərindəndir və Axundov haqqında bir sıra məqalələrin müəllifidir. Həmin məqalələrdə Əmin Abid onun əlifba islahatı, İslam əleyhinə mübarizəsi məsələsinə toxunur, həmçinin "Əkinçi” qəzeti ilə Axundov arasında olan anlaşılmazlıqda Axundovun niyə haqlı olduğunu göstərir.
Çünki Axundov haqlı olaraq Həsən bəyə savadlanmanın mümkün olmasını üç əsasa bağlayırdı: maddi qüvvət, birlik, vəsait (əlifba). Həsən bəyin qəzetinin alıcıları isə dönəmin az-çox savadlı adamları hesab edilən mollalar olduğuna görə Axundovla "Əkinçi”nin münasibətləri mümkünsüz idi.
Əmin Abid Axundovu "Kommunist” qəzetində kəskin müdafiə edir. Belə ki, Axundovun ateist olduğunu isbat edən Əmin Abid onun İslam əleyhinə yazdığı əsərlərindən sitat gətirir, həmçinin məktublarına toxunur.
Əmin Abidə görə, Mirzə Fətəli XIX əsri əhatə edən bir dühadır:
"Mirzə Fətəli indi də bütün türk və tatar xalqları ədəbiyyatında din əleyhinə ən çox əsər yazmış bir şəxsiyyət olaraq qalmaqdadır. Bu mövqeyi tutacaq başqa bir ədibimiz hənüz yetişmədi…Mirzə Fətəli yaradıcılıq dühası ilə XIX əsri əhatə edə bilmiş geniş bir aləmdir. Bu cəhətdən bu əsrə ədəbiyyatımız tarixində Mirzə Fətəli əsri adını verə bilərik”.
İzlənmə…
Amma bütün bunlara baxmayaraq o da NKVD-nin nəzarətində idi. Buna görə də tez-tez iş yerini dəyişməli olurdu. O gah ADU-da, gah Bakı Pedaqoji Texnikumunda, gah da Bakı Maarif evində çalışıb. Daha sonra Kürdəmir rayonunda müəllim işləyib. 1938-ci il iyulun 14-də həbs olunarkən isə o, İsmayıllının Basqal kəndində idi. Həmin vaxt sənədlərdə sonuncu iş yeri kimi Kürdəmirin Qaraqoyunlu kəndində müəllim olaraq göstərilib.
Həbsindən üç ay sonra oktyabrın 21-də saat 21-30 da qətlə yetirilib.
1962-ci ilin dekabrın 21-də Əmin Abidə bəraət verilib.
Mühacirətdəki azərbaycanlılar isə onu gələcəyə daşımışdı…
"Çağdaş Azərbaycan ədəbiyyatı” adlı yazısında Rəsulzadə onu bu cür xatırlayırdı:
"Gültəkinin şeirlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini görürük. Mübarizənin ədalətliliyinə və qələbə ilə nəticələnəcəyinə bağlanan ümid, Gültəkində adətən dini bir mahiyyət alır”.
Onun Cümhuriyyətin bir illiyi münasibətilə, 1919-cu ilin 28 mayında yazdığı şeir isə uzun illər bütün mühacirlərin bir növ duası olmuşdu:
"Sən bizimsən, bizimsən, durduqca məndə can
Yaşa, yaşa çox yaşa, ey şanlı Azərbaycan”.
Dilqəm Əhməd
qadinkimi.com