YAZI / DÜŞÜNCƏ
Elçibəyə münasibətini soruş - İlham Əziz yazır Tarix : 24 İyun 2020, 12:13
Azərbaycanda həmişə nəsə çatmayıb. Həmişə nəsə əskikdi. Xalqın tarixində də belədi, fərdlərin tarixində də. Elə hey axtarışdayıq. Tərəzimizin gözü əyri qalıb, pərsəngi tapılmayıb.

O pərsəng daşı bütün əziyyətimizi yerə vurub, əməyimiz millət olaraq da, fərd olaraq da zay olub. Xeyir işimizdən də, şər işimizdən də ziyanla çıxmışıq. Allah 20-ci əsrdə o pərsəng daşını lütf elədi bu millətə.

Onu millətin başına daş kimi salmadı, ruh kimi, can kimi qəlbinə saldı. Əbülfəz Elçibəy bu millətin pərsəng daşı idi. Nə iş tutursan tut, nə çəkirsən çək, nə qərar verirsən ver onu ürəyinə gətirsən, adını qəlbindən keçirsən işini vicdanla görəcək, düz çəkəcəksən. Həm maddi, həm mənəvi baxımdan.

Əbülfəz Elçibəy "nahaq” sözünün antonimidi, inkarıdı. Haqqın bu millətə hədiyyə verilən insan formasıdı. Bizə o qədər zülm olunub ki, biz haqq sözünün mənasını itirmişdik. Biz onu anlamaqda, dərk etməkdə aciz qalmışdıq. Onda Allah bizə onu bəxş elədi, biz onu tanıdıq və onu tanıyanlar heç zaman haqqı tanımaqda yanıla bilməzlər.

O elə işıqdır ki, parıltısı hər şeyi bir rəngdə yox, hər şeyi öz rəngində göstərdi. O, bizim milli məhək daşımızdı. Adamı tanımaq istəyirsənsə, Elçibəyə münasibətini soruş. Qəlpi, saxtası, əsli, düzü ortaya çıxacaq.

Mən inanmıram ki, bir adamın içində Elçibəy sevgisi ola, amma oğurluq edə, adam öldürə, xəyanət edə. Mümkün deyil. Harda onun adı var, orda ilahi rəng var. Aləmi-zərrimizdə yaşayan Adam, doğum günün mübarək!

"Onu duyarmısınız?..”

İlham Əziz
qadinkimi.com