YAZI / DÜŞÜNCƏ
Depressiya-Daxildən soyulanlar Tarix : 19 Sentyabr 2021, 02:45

Depressiyaya düşən insan ilk növbədə özünə qapanır, bədənini, ruhunu hər şeydən və hər kəsdən təcrid edir. Çox vaxt bu durum anormal qəbul edilir, amma bundan daha normal heç nə yoxdur. Bunu yenilənmək kimi qəbul etmək lazımdır. Digər canlılar dəri dəyişərkən necə həssas olur, ağrı yaşayırlarsa, insanlar da bu mərhələdə o qədər sancı çəkirlər. Məsələn, ilanlar dəri dəyişdirərkən bütün fəaliyyətini dondurur və qayalıqlara çəkilir. İki həftə ərzində burada soyulmaqla məşğul olurlar. Bu prosesə təkbaşına, qıvranaraq dözürlər. Yavaş-yavaş olur, amma səbrlə, daxildən xaricə doğru aşıb-daşmaq, təzələnib normal həyata dönmək üçün dözürlər. Ən maraqlısı isə yaşlı və gənc ilanlardır; yaşlılar ildə bir dəfə dəri dəyişərkən, gənc ilanlar hər həftə və ya iki həftədən bir bu prosesdən keçirlər. Eynilə insan kimi; gənclər emosiyalara yenilib, hisslərə qapılıb özlərini dərdə tez təslim edərkən, yaşlıların təcrübəsi bunu əngəlləyir.

Depressiya dumanlı dağa bənzəyir. Sisdən, buluddan göz gözü görmür. Özünü tükənmiş, bitmiş kimi hiss edir, bunun sonsuza qədər sürəcəyini sanır, ömürboyu o yataqdan, o otaqdan çıxmayacağını düşünürsən. Bəzən cəhd etmək, içindən sıyrılıb çıxmaq mənasız gəlir.

Çabaladıqca daha çox yorulduğunu fikirləşirsən. Eləcə oturub bütün gözləntilərin yox olana qədər gözləmək keçir ürəyindən. Yaşamağa, hərəkətə keçməyə, nəsə etməyə can atmırsan. Latınca depressiya çuxur, çöküntü deməkdir. O çuxura düşdüyünü görən kimi ilk növbədə ətrafdakılar dil tökür. İnsanın başına dolanır, evdən çıxartmaq üçün min yola əl atırlar. Heç birinə dərdini izah edə bilmirsən. Tətilin, konsertin, əyləncənin sizə yaxşı təsir edəcəyini düşünürlər. Haqlı ola bilərlər. Amma yanlış yöndür. Bu, qayalığa çəkilib canının hayında olan, yarıya qədər soyulan ilana yaxınlaşıb "sən yaxşı görünmürsən, gəl gedək rəqs edək" demək kimi bir şeydir. İlan dərisinin yarısını sürüyə-sürüyə necə sənə qoşulsun?!

Əlbəttə insan düşdüyü bu vəziyyətdən çıxmağı bütün varlığı ilə istəyir. Beyninin içindəki  hirsin, üzüntü hisslərinin keçməyini, gözündən axan yaşın bitməyini, əvvəlki enejisinin bərpasını çox arzulayır. Amma bəzən bəzi şeylər yaşanmalıdır. Zərərli hesab etdiyimiz xilasımızı da gətirə bilər, ilan zəhəri kimi. Depressiya da belədir, öldürə də bilir, öləcəyini düşündürüb yeniləyərək yenidən həyatın ortasına ata da bilir. Hesab edirəm ki, hər insanın depressiyaya girməyə haqqı var. Çünki hər şey kimi, bu da insan həyatının bir parçasıdır. Bəzən dayanmaq, bir küncə çəkilib ordan baxmaq yaxşıdır dünyaya. Məsələn, hərəkətdə olan avtomobil qəflətən yavaşlayır, ya benzini bitir, ya yağı, ya təkər partlayır. Sağa çəkib gözləməli olursan. Problem həll edilməmiş arxasından itələyərək necə yola davam etmək olmursa, eləcə də bir insanı zorla irəlilətmək olmaz. Depressiyadan dərhal çıxmaq üçün dərmanlara əl atılır. Amma bu prosesi dayandırmaqdan, gedişata mane olmaqdan başqa heç bir işə yaramır. Bir növ keyidilir, ona görə sonrakı günlərdə özünü təkrar göstərir. Bəzən simptomu susdurmaq yox, danışdırmaq lazımdır. Üzə çıxmaq üçün dibi görmək isə ən yaxşısıdır. Tırtıllarla bağlı sənədli filmlər var, çox maraqlıdır. Əvvəl damcıya bənzər bir yumurta olur, sonra hərəkət edən nöqtədən azca iri bir canlı öz qabığını yeyərək içindən çıxır və qidalanır. İki həftə böyüməkdə olan qurumuş, əcaib bir qurda bənzəyir və birdən titrəməyə başlayır. Titrədikcə qabığın içindən çölə gözoxşayan, rəngli, bəzəkli, insanı heyrətləndirən qanadlar çıxır və kəpənəyə çevrilir. Hamımız beləyik, çürüdüyümüzü düşünürük, amma həmin ərəfədə içimizdə yepyeni birinin doğulmaq üzrə olduğunun fərqinə varmırıq. Mövcud vəziyyətdən qaçmaq qurtuluş deyil, bəzən üzləşmək lazımdır. Bu mövzuda Freydin 1915-ci ildə hazırladığı və iki il sonra yayımladığı "Yas və melanxolik" adlı kitabı var. Freyd həm yas, həm də depresiyanın bir qolu olan melanxoliyanı insanların itkiyə verdikləri reaksiya olaraq görür. Yas itirdiyimiz insanlardan özümüzü ayırdığımız uzun və kədərli bir dönəmi təşkil edir. Freyd yasın funksiyasını "sağ qalanların xatirələrinin və ümidlərini ölən insandan ayırmaq" olaraq dəyərləndirir. Yasda həqiqi bir itki varkən, melanxoliyada itkinin qeyri-müəyyənliyi var. İnsan itkinin mahiyyətinin fərqində olmaya bilər, amma bu itki ölümün, ayrılığın, siyasi, ya da dini bir zirvənin çöküşünün yaratdığı növdən bir kədər təşkil edə bilər. Bu itki bəzən duyğularla özünü göstərir.

Amma dəyişməyən bir həqiqət var, bir vaxtlar dərindən hiss etdiyimiz acıların yerində sonradan yellər əsir. Gözəllik kimi acı da əbədi deyil. Bir gün həyat kimi o da sonlanır.

 

 

Türkan Turan