YAZI / DÜŞÜNCƏ
Cəlil Cavanşir: ELÇİBƏY mənim VƏTƏNimdir! Tarix : 21 Avqust 2020, 05:51

...Əbülfəz Elçibəy sadəcə dövlət başçısı, ictimai-siyasi xadim, dissident, partiya sədri, hərəkat rəhbəri deyil, eyni zamanda müxtəlif fikirli, fərqli dünyagörüşlü insanları öz ətrafında birləşdirən, gələcəyi görə bilən lider, əvəzolunmaz dəyər idi. O haqsızlıq edib zirvədə qalmaqdansa, haqlı olub geri çəkilməyi üstün tutan hədsiz təvazökar bir şəxsiyyət kimi qalıb yadımda. BƏY sıravi vətəndaş olmağı, siyasi xadim olmaqdan üstün tutan, heç bir siyasətçiyə bənzəməyən böyük düşüncə adamıydı. O həyatını Bütöv Azərbaycan davasına həsr etmiş, tutduğu yola inanan vətən və millət sevdalısı kimi köçüb xatirələrə. Onun Azərbaycan üçün etdiklərini qədirbilən insanlar sözsüz ki, heç bir zaman unutmur və unutmayacaq. 

Mən yazmağa, çap olunmağa başladıqdan 20 il sonra, ilk dəfə Elçibəy barədə nə isə yazmağa özümdə cəsarət tapanda başa düşdüm ki, onun efirlərdə gördüyüm kədərli gözlərini, yorğun, pərakəndə amma inamlı danışığını, tribunalardakı arxayın və əmin duruşunu heç vaxt unuda bilməyəcəm. Çünki uşaq yaddaşıma qazınan bu insan, haqqında nə qədər mənfi fikirlər səslənsə də, mənim xatirələrimə əbədi olaraq müsbət və nurani siması, sevimli çöhrəsi ilə hopub. Ucqar dağ kəndində doğulan, uşaqlığı SSRİ-nin dağıldığı, müharibənin canlar aldığı dönəmə düşən, atası hətta qohumları tərəfindən belə "cəbhəçi” deyə dışlanan, gecələr neft lampasının işığında dərs oxuyan, böyük xəyallarla yaşayan bir uşağın idealı, qəhrəmanı başqası ola bilməzdi. Bəli, o mənim ilk qəhrəmanım idi! Daha doğrusu o hələ də mənim qəhrəmanımdır! Çünki onu bütün qəhrəmanlardan, siyasətçilərdən, siyasi liderlərdən, tarixi şəxsiyyətlərdən əvvəl tanımış və xilaskar qəhrəman kimi sevmişdim. İndi düşünürəm ki, bir insan, bir lider öldükdən sonra bu qədər sevgiylə, sayğıyla xatırlanırsa, deməli ölməzliyi qazana bilib. Bu yerdə başqa bir milli fenomenin, şair Ramiz Rövşənin BƏYə həsr etdiyi şeirdən bir misra süzülür dodaqlarımdan: "Bircə tilsimin var, sevgi tilsimi”... Və mən illərdir şairin dediyi o "sevgi tilsimində”yəm...

***

Image result for Elçibəy

...Elçibəy çox gərgin, qarışıq siyasi-ictimai proseslərin içindən çıxıb, Milli Azadlıq hərəkatının lideri, bu ölkənin dövlət başçısı olmuşdu. Və bu böyük işləri görən adam sadə yaşamağı, təmənnasız yaşamağı bacarırdı. O bütün uğurlarıyla, qələbəsi və məğlubiyyəti ilə ucqar bir dağ kəndində, hətta o kəndin yaylağında doğulmuş, sadə bir kənd uşağı idi. Bəlkə də mənim ona olan sevgimin içində bu məqam daha böyük rol oynayır. Mənə görə bütün böyüklüyü, ucalığı və əzəməti ilə bərabər o həm də kövrək, küsəyən bir kənd uşağı idi. Bütün kövrək kənd uşaqlarının dönəcəyi son yer doğulduğu kənd-kəsək, arxada qoyub gəldiyi ata yurdu, yarıuçuq evi, daxmasıdır...O da ölüm təhlükəsi ilə üz-üzə qalanda, ətrafında oynanan oyunlardan bezəndə öz kəndinə hicrət etmişdi.

Birinci kadr

...Uruqvay prezidenti Xose Muxikanın münzəvi, kasıb həyatı tez-tez mətbuatın gündəmi olur. Onun sadə, kasıbyana həyat tərzini örnək göstərir, yaşadığı kasıb daxmanın-evin fotolarını paylaşırlar. Muxikanın sadə həyatını şübhəsiz ki, təqdir edirəm. Amma mənim qəhrəmanım daha sadə, daha kövrək, daha münzəvidir. Elçibəyin yaylaqda kasıb bir süfrə arxasında oturub "Yəmən türküsü” oxuduğu, 1996-cı ilə aid bir video var. Əlləri ilə dizlərini qucaqlamış, tez-tez göz yaşını silən, kövrək, ağ saqqalı, gödəkcəsini zəif çiyinlərinə atmış bu adam cəmi 3 il əvvəl bir ölkənin prezidenti, birinci adamı olub. O kadr gözlərimin qarşısından heç zaman getməyəcək qədər təsirli və kədərlidir...

İkinci kadr

Hə, bir də, Elçibəyin ata evinin şəkli tez-tez çıxır qarşıma. Kasıb, sınıq-salxaq bir kənd evi...Şübhəsiz ki, onun əzəməti də, böyüklüyü də sadəliyində, ədalətində, gözütoxluğunda, dərvişliyində idi...

***
...O nifrət etməyi bacarmayan insan idi. Ona edilən bütün pislikləri unudan, inandığı davada hər kəsi sevgiylə bağrına basan barışdırıcı bir şəxsiyyət idi. Onu sağlığında fanatikcəsinə sevənlər və eyni dərəcədə nifrət edənlər vardı. Ölümündən sonra, zaman keçdikcə daşlar yerinə oturdu. Fanatiklər sakitləşdi, bədxahları etdiklərindən utandı, geri addım atdı. Elə sevənləri də sabitqədəm olmadı, ölümündən sonra onu tənqid etmək cəsarəti də tapdılar özlərində. Haqqında yüzlərlə hədyan yazdılar, hətta ölümünü də dedi-qoduya çevirib mtbuat səhifələrinə daşıdılar. Haqqında həm əfsanələr, həm də ağlasığmaz şaiyələr yayıldı. Amma BƏY axar su kimi bu çirkabları götürmədi və bütün təmizliyi ilə zamanın içindən axıb keçməkdədir. Bütün bunlar Bəyin böyüklüyündən, ucalığından heç nə almadı, ala bilmədi. Ona atılan daşları öpüb əzizləyən İNSAN, adını tarixə yazdırmağı bacardı. O daşları atanlar isə necə olacaq, bilinmir...

***
...BƏY hardan gəldiyini və hara getdiyini çox gözəl bilirdi. Başına yığılanlara elə bir ucalıqdan baxırdı ki, onu aldatdığını düşünənləri belə bağışlamağı bacarırdı. O həm sıravi xalq adamı kimi sadə, həm də qeyri adi fenomen kimi fərqli idi. Onun insanlara, millətinə olan sonsuz sevgisi, sadə insanları anlaması, hiylədən uzaq olması ona olan sevginin əsas mənbəyidir. O sevdiyi üçün sevilir, sayılırdı.

Üçüncü kadr

...BƏY şairliyi, dərvişliyi, kövrəkliyi və ədəbiyyat sevgisi ilə mənə daha çox doğmadır. Türkiyənin TGRT kanalında bir müsahibəsində Nəcib Fazil Kısakürəyin "Sakarya Türküsü” şeirini səsləndirir. Bəlkə yüz dəfə dinləmişəm – atamla, qardaşlarımla, oğlumla birlikdə. Və gözlərim dolub. Sonra o şeiri əzbərləmişəm və illərdir o uzun şeirdən sadəcə BƏYin səsləndirdiyi misralar yaddaşımdadır. Onun şairlərlə, ədəbiyyat adamları ilə yaxın dostluğu da təsadüfi deyil. Ramiz Rövşən, Rüstəm Behrudi, Vaqif Bayatlı Odər, Sabir Rüstəmxanlı və başqaları... O bunu necə bacarırdı bilmirəm, amma bəlli ki, çətin adamları sevirdi. Axı şairlər dost kimi çox çətin, dözülməz adamlar olur. Bu dəli-dolu adamlarla görəsən ən çox nədən danışırmış, BƏY? Şeirdən, ədəbiyyatdan yoxsa millətin taleyindən? Bunu da dəqiq bilmirəm. Çünki o bütün sirləri özüylə apardı, dostları da bir-ikisi xaric ondan sonra çox az danışdı, ona bənzəməyə çalışdı...

Dördüncü kadr


...Hərdən xəbər saytlarında Türkiyədə hansısa nazirin şəhid ailələri, şəhid yaxınları ilə görüşü, onlarla səmimi, içdən davranışları yayımlanır. Bəlkə də bu reklamdır, amma bu reklam səmimidir, içdəndir. İnsan bu görüntülərdən ürəklənir, vətən üçün döyüşməyin, ölməyin dəyərini, qədrini-qiymətini anlayır. Bu sadəcə xalqa güc, inam bəxş edir. Mənim qəhrəmanımın da belə bir videosu var. Sırf təsadüfən çəkilmiş, BƏYin böyüklüyünü, xəlqiliyini və vətən sevgisinin səmimiliyini əks etdirir. Ətrafındakı adamların əksəriyyəti indi mal-mülk, var dövlət sevdasında olan, siyasi ambisiyalarına ideologiyalarını qurban verən siyasətçilərdir. Amma nədənsə BƏYin yanında vüqarlı və inamlı görünürlər. Şəhidlər xiyabanını ziyarət edən qəhrəmanım, şəhid qəbirlərinin üstündə ağlayan analara təskinlik verməyə çalışır, göz yaşlarını və çarəsizliyini gizlətmir. Və bu görüntülərdə o siyasətçidən daha çox ŞAİRdir...

...BƏYin ölümündən qısa müddət öncə yazdığı vəsiyyəti çoxları oxuyub. Mən də dəfələrlə, təkrar-təkrar oxumuşam. Böyük bir insanın ölümdən öncə düşündükləri günlərlə rahatlığımı əlimdən alıb, yuxumu qaçırıb. Xüsusilə bu vəsiyyətin sonluğu, "Türkiyədə və Azərbaycanda olan türk aydınlarımıza kiçik bir xatırlatma”, qeydi ilə yazılan hissə. Bu sonluqdakı qınaqlarhüzn, giley və məni indi də çox düşündürür:
"...Mən çox gec bildim ki, "xərçəng" xəstəliyinə tutulmuşam. Ancaq Siz bunu əvvəlcədən bilib məndən gizlətmişdiniz ki, mən narahatlıq hissi keçirməyim. Hətta gəlib mənimlə görüşəndə maraqlı kitablar gətirirdiniz ki, onları oxuyum. Ancaq daha yaxşı olardı ki, mənə bu həqiqəti bildirəydiniz. Nə qədər ki zaman varıydı, məsləhətləşib, heç olmazsa, gələcək milli proqramın tezislərini hazırlayaydıq. Yeni işlər görmək mümkün idi. Nə isə...”

İlahi, mən bu "Nə isə...”dən böyük qınaq, peşimanlıq, təəssüf düşünə bilmirəm. Və hər dəfə bu hissəyə çatanda boğazım düyümlənir...

***

Image result for Elçibəy

...Marqarit Tetçer onu "Qafqazın ən böyük demokratı” adlandırırdı. Və maraqlıdır ki, hətta siyasi rəqibləri belə onun demokratik siyasətçi olduğunu danmırdı. Mən siyasətçi deyiləm və onun siyasi fəaliyyətinə qiymət verəcək qədər siyasət bilgim yoxdur, açığı siyasəti bir o qədər də sevmirəm. Bəlkə onun siyasi fəaliyyətinə dəqiq qiyməti 20-30 il sonra vermək mümkün olacaq, bunu da bilmirəm. Amma onu bilirəm ki, mən öz qəhrəmanımı bütün uğurları və qüsurları, bütün yanlışları və doğruları ilə sevirəm. BƏY deyirdi ki, "Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara duyulan sevgidir”. Bu fikirdən yola çıxaraq mən bu vətən torpağının üzərində yaşayan, bu vətən üçün çalışan bütün səmimi və dürüst insanları sevməyi öyrəndim, bu sevgini içimdə böyütdüm və bu vətənin bütün qəhrəmanlarını VƏTƏNim bildim. Bu vətənin oğulları, qızları mənim üçün vətən torpağı qədər doğmadır, əzizdir və VƏTƏNdir. Və bu sevgini öyrəndiyim Əbülfəz ELÇİBƏY mənim üçün Bütöv Azərbaycandır. Bəli, ELÇİBƏY mənim VƏTƏNimdir!

P.S. Elçibəy 2000 - ci il avqustun 22 - də Ankarada dünyasını dəyişdi.

 

Cəlil Cavanşir

 

qadinkimi.com